İdman 17:14 21.07.2019

"Bakı-2019": Güləşçilərimiz ilk gündə 4 medal qazandı (YENİLƏNİB)

Azərbaycanın yunan-Roma güləşçisi Fərid Sadıxlı Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.

Qaynarinfo xəbər verir ki, 45 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada Türkiyə təmsilçisi Umut Çobanla üz-üzə gəlib. Rəqibini təmiz qələbə ilə məğlub edən Sadıxlı qızıl medal qazanıb.

Digər yunan-Roma güləşçisi Nihat Məmmədli isə bürünc medal qazanıb. 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı bürünc medal uğrunda görüşdə türkiyəli Ateş Bekirlə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan idmançısının qələbəsi ilə bitib.

Sərbəst güləşçilərimizdən Murad Haqverdiyev final görüşünə çıxıb. 45 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz çempionluq uğrunda Gürcüstan təmsilçisi Nikoloz Santeladze ilə qarşılaşıb. Rəqibi üzərində 11:4 hesablı qələbə qazanan güləşçimiz yığmamıza ikinci çempionluğu gətirib.

Digər sərbəst güləşçimiz Əbülfəz Nəsirov də final görüşünü keçirib. 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada İtaliya təmsilçisi Simone Vinçentso Piroddu ilə görüşüb. Rəqibinə məğlub olan (5:10) Nəsirov gümüş medalla kifayətlənib.