Siyasət 13:40 02.08.2021

Bakı, Ankara, Kiyev və Tiflis: məsələ strateji qərarların verilmə mərhələsində (ŞƏRH)

"Tiflis və Kiyev Ankara və Bakı ilə birliyə ehtiyac duyur”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Gürcüstanın Baş naziri İraki Qaribaşvili ilə telefon danışığında Türkiyə, Azərbaycan və Gürcüstandan olan nazirlər və deputatlar tərəfindən uğurla həyata keçirilən üçtərəfli mexanizmin liderlər səviyyəsində də calnadırmağın vacibliyini vurğulamasından danışarkən deyib. Onun fikrincə, Ərdoğanın bu açıqlaması Azərbaycan, Türkiyə və Gürcüstan liderlərinin görüşündə strateji yöndə hansısa üçtərəfli qərarların qəbul olunacağını düşünməyə əsas verir: 

"Tərəflər arasında bütün məsələlər tam razılaşdırılandan sonra adətən strateji qərarlar məzh liderlər tərəfindən verilir. Qlobal səviyyədə yeni çağırışlar olduğundan bu cür qərarların verilməsi zaman baxımından uyğundur. Regionda ciddi dəyişikliklər olub. Qarabağ torpağı Azərbaycana qaytarılıb. Türkiyə ilə Azərbaycan arasında strateji müttəfiqlik istiqamətində "Şuşa bəyannaməsi” imzalanıb. Belədə yeni çağırışlar fonunda əlbəttə ki, yeni addımların atılmasına da ehtiyac var. Görünür, məhz bu məsələlər də Bakı, Ankara və Tiflis arasında müzakirə predmeti olub və artıq məsələ strateji qərarların verilmə mərhələsinə çatıb. Ona görə də Prezident Ərdoğan belə bir açıqlama verməyə ehtiyac duyub”. 
 


Bu açıqlama fonunda həmsöhbətimiz düşünür ki, bu ölkə liderlərinin görüşündə təhlükəsizliklə bağlı strateji yöndə üçtərəfli müqavilələr imzalanacaq: 

"Azərbaycanla Türkiyə arasında imzalanan strateji müttəfiqlik sənədi Tiflisin də marağına səbəb olub. Azərbaycanın Qarabağ probleminin həlli məhz Türkiyənin dik duruşu ilə həll olundu. Belədə Türkiyə tək regional deyil, artıq qlobal səviyyədə təhlükəsizlik faktoru kimi ciddi güc mərkəzinə çevrilib. Görünən odur ki, Tiflisin də Türkiyədən müəyyən gözlənti və istəkləri var. Bu ölkə Ankara və Bakı ilə birliyə ehtiyac duyur. Ukrayna da bu yöndə ciddi addımlar atır, Türkiyə ilə hərbi əməkdaşlığı gücləndirir. Bu səbəbdən düşünürəm ki, üç ölkə arasında da konkret strateji sənəd imzalana bilər. Qarabağ müharibəsi göstərdi ki, Qərbdən fərqli olaraq Türkiyə hər zaman dostlarına dəstək olur, onları öz geosiyasi maraqlarına satmır”.

Rüfət Sultan