Siyasət 17:27 26.07.2021

“Bakı bəyannaməsi” özündə nəyi ehtiva edəcək? - Politoloq

"Bakı bəyannaməsi və Pakistanın bu birliyə daxil olması, getdikcə artaraq böyük nümunə olmaqla yanaşı, həm türk birliyi, həm də islam ümmətinin toparlanması adına əhəmiyyətli hadisə olacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri sabah Bakıda Türkiyə, Azərbaycan və Pakistan parlamentlərinin sədrləri arasında başlanacaq Üçtərəfli Birinci Toplantı və onun yekunu olaraq "Bakı bəyannaməsi”nin imzalanmasının özündə nəyi ehtiva etdiyinə aydınlıq gəirərkən deyib. Həmsöhbətimizin fikrincə, 3 ölkə parlamentinin birliyi, ortaq bəyannamənin qəbulu ilk növbədə siyasi birliyin yaranacağının əlamətidir:

"Burada üç dost ölkənin parlamentləri arasında əməkdaşlıqdan, siyasi birlikdən söhbət gedir. Çünki imzalanacaq "Bakı bəyannaməsi” gələcək perspektivdə, siyasi, iqtisadi, hərbi, humanitar sahələrdə digər birliklərin də önünü açacaq. Bu da bütün dünya güclərinə verilən bir mesajdır. Ona görə ki, yeni siyasi birlik doğur. Kimsə bu strateji sənədin ölçüsünü kiçiltməsin”.

N. Miri qeyd etdi ki, bu birliklə həm türk, həm də islam birliyinin təməli qoyulur: 

"Pakistan İslam dünyasında ən güclü dövlətlərdən biri və bu arenada yeganə nüvə silahına malik ölkədir. Belədə imzalanacaq "Bakı bəyannaməsi və Pakistanın bu birliyə daxil olması, həm türk birliyi, həm də islam ümmətinin toparlanması adına əhəmiyyətli hadisədir. Əfqanıstan hazırda geostrateji ölkəyə çevrildiyindən, bölgədə belə bir birliyin olması olduqca vacibdir. Çünki Əfqanıstanda ən böyük ağırlığa sahib iki ölkədən biri məhz Pakistandır”. 
Politoloq dedi ki, "Bakı bəyannaməsi” ilə dünyanın nəbzinin vurduğu bölgələrdə Türkiyə və Azərbaycanın da nəbzi vuracaq və belədə türk cümhuriyyətlərinin önəmi də artacaq:

"Bu böyük nümunə getdikcə güclənən xətlə daha da artacaq”. 

Rüfət Sultan