Ekonomiks 09:07 27.07.2019

Bakı-Dubay reysində yanğın təhlükəsi: Təyyarə Bakı limanına endi

"Azərbaycan Hava Yolları”nın Bakıdan Dubaya uçan J2-015 nömrəli reysində hava gəmisinin kapitanı geri dönüb və Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş üçün icazə istəyib.

AZAL-dan Qaynarinfo-ya verilən məlumata görə, "Airbus A319" təyyarəsinin planlaşdırılmamış enişinin səbəbi baqaj hissəsindəki tüstü detektorunun işə düşməsi olub.

Bakı vaxtı ilə saat 23:28-də təyyarə Bakı aeroportunda uğurlu eniş edib. Təyyarənin yoxlanışından sonra detektorun səhvən işə düşdüyü məlum olub. Heyət üzvləri də daxil olmaqla laynerin göyərtəsində 113 nəfər olub, zərərçəkən yoxdur.

Gecə saat 01:53-də Dubaya uçan təyyarə havaya qalxıb.