Noyabrın 6-7-də Bakıda "Nağdsız iqtisadiyyat: dayanıqlı bankçılığa doğru” mövzusunda IV Beynəlxalq Bankçılıq Forumu keçirilib.
"Report”un məlumatına görə, tədbir oktyabrın 29-dan başlamış və noyabrın 8-də başa çatacaq "Nağdsız cəmiyyət həftəsi” çərçivəsində baş tutub.
"Mastercard"ın tərəfdaşlığı ilə keçirilmiş foruma "Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyi (ABA), Azərbaycan Mərkəzi Bankı (AMB), Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzi (İİTKM) dəstək verib. Tədbir 6 paneldən ibarət olub. Panellərin mövzuları isə "Nağdsız iqtisadiyyat: nailiyyətlər və çağırışlar”, "Bankçılıq – rəqəmsallaşmaya doğru”, "Bankçılığın transformasiyasının müxtəlif tərəfləri”, "Yeni ödəniş dünyası”, "Komplayns və tənzimləmə riskləri”, "Nağdsız və rəqəmsal iqtisadiyyatın tənzimlənməsi” olub.
Forumda dövlət qurumlarının, kommersiya banklarının yuxarı menecmenti, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, həmçinin ABŞ, Yaponiya, Avropa, Çin və MDB ölkələrindən 100-ə yaxın beynəlxalq təşkilatın və nüfuzlu şirkətin nümayəndələri iştirak edib.
ABA-nın sədri Zakir Nuriyev
Tədbirdə çıxış edən ABA-nın sədri Zakir Nuriyev diqqəti bankların kadr potensialına yönəldib. O, bank sektorunun informasiya texnologiyaları sahəsində işçilərə böyük ehtiyacının olduğunu, lakin bu ehtiyacın lazımi səviyyədə ödənilmədiyini bildirib.
AMB sədrinin I müavini Alim Quliyev
AMB sədrinin I müavini Alim Quliyev isə ölkədə nağdsız dövriyyə ilə bağlı vəziyyətdən danışıb. Onun sözlərinə görə, Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə dövlət proqramının icrası nəticəsində nağdsiz dövriyyənin məbləği 14 milyard manata qədər arta bilər. Bu isə nağd dövriyyənin xüsusi çəkisinin 74%-dən 40%-ə düşməsi deməkdir.
MBNP-nin İdarə Heyətinin sədr əvəzi İbrahim Alışov
MBNP-nin İdarə Heyətinin sədr əvəzi İbrahim Alışov isə "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsindən söz salıb. O, 9 fəsil və 72 maddədən ibarət bu sənədin bir neçə dəfə müvafiq dövlət qurumları ilə müzakirə olunduğunu, bu ilin sonuna qədər Nazirlər Kabinetinə təqdim ediləcəyini bildirib.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə isə deyib ki, hər bir sahədə olduğu kimi maliyyə sahəsində də kiberhücumların olması ehtimalı var. Onun sözlərinə görə, bu məsələnin ən yüksək səviyyədə nəzərə alınması banklar üçün yeni fəaliyyət imkanları yaradır.
İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı isə çıxışında bank sektorunun 2015-ci ildən üzləşdiyi çətinliklərin arxada qaldığını, Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət nəticəsində sektorun yenidən əvvəlki kimi sürətlə inkişaf etdiyini bildirib.
Bundan sonra digər iştirakçılar çıxış edib, iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı təşəbbüslər və qarşıdakı çağırışlar, rəqəmsallaşma, maliyyə texnologiyalarına dair mövcud vəziyyət, yeni və gələcək trendlər, müasir bank məhsulları, komplayns sahəsindəki yeniliklər və risklər, həmçinin sadalananların mövcud hüquqi çərçivəyə uyğunluğu və adaptasiyası imkanları, bu proseslərin bankların maliyyə dayanıqlığının daha da gücləndirilməsinə təsiri müzakirə edilib.
Şərhlər