Bakı polisi narkobaronlara qarşı xüsusi əməliyyat keçirib (VİDEO)
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin alqı-satqısı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı bir neçə xüsusi əməliyyat həyata keçirilib.
DİN-dən report-a verilən məlumata görə, Baş İdarə əməkdaşlarının Binəqədi rayonunda keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş Lənkəran şəhər sakini Mehman Bayramov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 0,565 qram, idarə etdiyi "Opel” markalı avtomobildən isə 1 kiloqram 010 qram çəkidə yüksək təsiredici xassəyə malik psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində psixotrop maddələri satmaq niyyəti ilə əldə etdiyini etiraf edib.
Baş İdarə əməkdaşlarının Suraxanı rayonunda keçirdikləri növbəti əməliyyat zamanı isə əvvəllər dəfələrlə məhkum olunmuş Füzuli rayon sakini Xəqani Həsənov saxlanılıb. Onun üzərindən 2,161 qram, yaşadığı Hövsan qəsəbəsində yerləşən evindən isə 100,901 qram narkotik vasitə olan heroin aşkar edilırık götürülüb.
Narkotacirlərin ifşa edilməsi istiqamətində Baş İdarə əməkdaşlarının keçirdikləri daha bir əməliyyat isə paytaxtın Xətai rayonuda baş tutub. Belə ki, idarəyə Əhmədli qəsəbəsi Zığ yolu küçəsində Xalidə adlı şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə məlumat daxil olub. Həmin şəxsin saxlanılması istiqamətində keçirilən əməliyyat zamanı Xətai rayon sakini Xalidə Ağayeva tutularaq istintaqa təqdim edilib. Saxlanılan zaman X.Ağayevanın üzərindən 78,173 qram, yaşadığı evdən isə 3 kiloqaram 20 qram narkotik vasitə heroin, 194,645 qram tiryək, 500 qram psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib. X.Ağayeva ifadəsində bir müddətdir ki, narkotiklərin satışı ilə məşğul olduğunu, həmçinin tanınmasın deyə hər kəsə özünü "Bibixanım” deyə təqdim etdiyini bildirib.
Faktlarla bağlı saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər