"Təxminən 3 milyon soydaşımız tramvayı görməkdən məhrum oldu”.
Qaynarinfo xəbər verir ki, bunu ictimai fəal Səxavət Əlisoy deyib. O, 2004-cü ildən Nazirlər Kabinetinin qərarı ilə Bakı Tramvay parkının ləğv olunduğunu bildirib:
"2000-ci ildən başlayaraq toplumun gözü qarşısında əvvəl Bakının mərkəzi küçələrindən, sonra digər istiqamətlərdən tramvay relsləri sökülməyə başladı. 1889-cu ildə Bakıda konka kimi fəaliyyətə başlamış, 1924-cü ildə açılışı olmuş, böyük şəhərlərin olmazsa-olmazı sayılan və ən təhlükəsiz ictimai nəqliyyat olan tramvay 80 illiyində tarixin arxivinə göndərildi. 1924-cü ildə açılışı bayram təntənəsi ilə qeyd edilsə də qapanışına toplumun səsi çıxmadı. Paradoksa diqqət edin, tarixi bir ictimai nəqliyyatın 80 illiyini bayram etmək əvəzinə tarixin arxivinə yolladılar. İldə ortalama 50-60 milyon sərnişini tam təhlükəsiz olaraq mənzil başına çatdıran, 7 marşurutlu, ümumi uzunluğu 102 km təşkil edən bir nəqliyyat növü nədən ləğv edildi? Kim, yaxud kimlər, yaşından asılı olmayarq hər kəsin sevimli nəqliyyat vasitəsini toplumun yaddaşından sildi? Kimlər min tonlarla metal sataraq zənginləşdi? Məqsədim tramvayı Bakıya qaytarmağın nə qədər önəmli olduğunu Nazirlər Kabinetinin, başqa sözlə hökumətimizin bir daha yaddına salmaqdır”.
Səxavət Əlisoyun sözlərinə görə, tramvay haqqında nə qədər mahnılar, şeirlər yazıldı. "Nə qədər filmlərin çəkilişində tramvaydan istifadə olundu, bunlar çox xoş, pozitiv xatirələr. Tam əminliklə demək olar ki, orta və yaşlı nəslin hər bir üzvünün içində tramvayla bağlı bir xatirə var. Tramvay ekoloji baxımdan ən məqbul nəqliyyatdır. Tramvay yerli əhali və vturistlər üçün də ən sərfəli nəqliyyatdır. Tramvay, ümumiyyətlə, yerüstü nəqliyyatın bütün parametrlərdən ən əhəmiyyətlisidir. Nə vaxtsa, Bakıda tramvayların görünəcəyinə əminəm. Yaxşı olardı ki, Bakıda tramvayın açılışının 100 illiyinə qədər hökumət bir qərar versin. Bakı tramvaysız tamlığını və gözəlliyini itirib”.
Bahar Rüstəmli
Şərhlər