Bakının Səbail rayonunda yerləşən köhnə Bakı Univermağında fəaliyyət göstərən restoranlardan birində baş vermiş oğurluq hadisəsi ilə bağlı məhkəmə hökmü elan edilib.
Qaynarinfo xəbər verir ki, iş materiallarına əsasən, təqsirləndirilən şəxs tamah niyyəti ilə Bakı Univermağının daxilində fəaliyyət göstərən restoranın mətbəxinin qapısının açıq olmasından istifadə edərək işçiyə məxsus əl çantasını gizli yolla oğurlayıb. Çantanın içərisində 1000 manat nağd pul, 550 manat dəyərində qızıl üzük və digər şəxsi əşyalar olub. Hadisə nəticəsində zərərçəkmişə ümumilikdə 1595 manat məbləğində maddi ziyan dəyib.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs ətrafda heç kimin olmamasından istifadə edərək asılqandan çantanı götürüb və hadisə yerindən uzaqlaşıb. Daha sonra müşahidə kameralarının görüntüləri əsasında onun şəxsiyyəti müəyyən edilib. Məhkəmədə o, ittihamı qəbul edərək oğurluq etməsini maddi vəziyyətinin ağır olması ilə izah edib.
Zərərçəkmiş bildirib ki, hadisə günü çantasını restoranın mətbəxindəki asılqandan asıb, işdən çıxarkən isə onun yerində olmadığını görüb. Polisə müraciət etdikdən sonra təhlükəsizlik kameralarının görüntülərinə baxış keçirilib və oğurluq faktı təsdiqlənib.
Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq) maddəsi ilə təqsirli bilərək ona 1 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Əvvəlki hökm üzrə təyin edilmiş cəza ilə qismən birləşdirilmə nəticəsində ona qəti olaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Seyid
Şərhlər