Azərbaycanın milyonluq kapitala malik "NeftYolTikintiTəmir” Açıq Səhmdar Cəmiyyətinin (ASC) bütün obyektlərinə həbs qoyulub.
Qaynarinfo-nun məlumatına görə, buna səbəb ASC tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2581/2021 nömrəli icra sənədi üzrə qərarın icra edilməməsidir.
Belə ki, həmin ildə məhkəmə E.R.-yə ödənilməmiş əməkhaqqının, istifadə olunmamış məzuniyyət günlərinə görə pul kompensasiyasının və son haqq-hesabın hesablanaraq ödənilməsinin ASC-nin öhdəliyində olduğuna dair qərar çıxarıb. Lakin naməlum səbəblərdən "NeftYolTikintiTəmir” ASC 4 il keçməsinə baxmayaraq, məhkəmə qərarını yerinə yetirməyib.
1 saylı Bakı Ərazi İdarəsindən əldə edilən məlumata əsasən, borclu "NeftYolTikintiTəmir” ASC-nin mülkiyyətində Bakı şəhəri, Suraxanı rayonu, İlqar Məmmədov küçəsində yerləşən 547,5 kv.m-lik əmlak kompleksi, başqa bir ünvanda 2217,8 kv.m-lik əmlak kompleksi və digər bir ünvanda 3074,4 kv.m-lik əmlak kompleksi mövcuddur.
İcra orqanı ASC-nin əmlaklarına həbs qoyulması üçün məhkəməyə müraciət edib və məhkəmə göstərilən komplekslərin üzərinə həbs qoyulması barədə qərar qəbul edib.
Qeyd edək ki, "NeftYolTikintiTəmir” ASC-nin sədri Mustafayev Mustafa Mahmud oğludur. Şirkət 2001-ci ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 1,05 milyon manatdır və ölkənin ən çox səhmdarı olan ASC-si hesab olunur. Son məlumata görə, cəmiyyətin 1238 səhmdarı var.
Aydın
Şərhlər