Video 19:33 24.02.2019

Bakıda bir neçə həftə əvvəl təmir edilən yolda yenidən çatlar yarandı (VİDEO)

Paytaxtın Səbail rayonu ərazisi: ''Bibiheybət'' məscidindən üzü şəhər istiqamətinə gedən yolda çatlar əmələ gəlib, bəzi hissələrdə isə çökmələr olub.

Bir neçə həftə bundan əvvəl ərazinin asfalt qatı dəyişdirilsə də, yolda yenidən çatlar yaranıb.

Sürücülər bu yolda sürətlə hərəkət etdiyindən asfalt örtüyündə yaranan geniş çatlar görünmür. Bəziləri isə çökmənin olduğu yerə çatanda sərt əyləc sistemindən istifadə edirlər ki, bu da hər an yol nəqliyyat hadisəsinin baş vermə ehtimalını artırır.

Ərazidə çəkiliş apardığımız zaman yolun kənarında tikilən hasarlarda da çatların əmələ gəldiyinin şahidi olduq.

Bundan başqa, Bakı-Dairəvi yolunun hər iki hissəsində də müxtəlif yerlərdə asfalt örtüyündə xırda çökmələr müşahidə edilir.

Problemlə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, Bibiheybət məscidinin yaxınlığında olan yol tektonik ərazidə yerləşdiyindən tez-tez bu cür problemlər ortaya çıxır. Həm bu, həm də Bakı-Dairəvi yolunda yaranan problemin aradan qaldırılması üçün qurumun əməkdaşları əraziyə cəlb olunacaq.

Bu arada, paytaxtın Nobel prospektində Bakı Nəqliyyat Agentliyinin layihəsinə uyğun olaraq 2 yerdə geriyə dönmək üçün işıqforlar quraşdırlıb.

Qurumdan bildirildi ki, işıqforlar yaxın günlərdə işlək vəziyyətə gətiriləcək və sürücülər ''Nargilə dariəsi'' adlanan əraziyə daxil olmadan geriyə dönərək üzü şəhər istiqamətinə gedə biləcəklər. Bununla da ''Nargilə dairəsi'' yaxınlığında tıxacın qarşısı müəyyən qədər alınmış olacaq. (Xəzər TV)