Xəbər lenti

Bakıda bu ərazilərdə tikinti qadağan edilməlidir: təhlükə var
Ölkə 13:09 14.12.2017

Bakıda bu ərazilərdə tikinti qadağan edilməlidir: təhlükə var

Bu gün Azərbaycanın bəzi ərazilərində sürüşmə aktivliyi var. Bir neçə gün öncə sürüşməyə meyilli ərazilərdən biri olan Siyəzəndə baş verən anoloji olay nəticəsində 50 evdə çat yaranıb. 2012-ci ildə isə həmin ərazidə baş verən sürüşmə zolağında 27 evdə çat yaranmışdır. 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin keçmiş müdiri, memar Cahangir Qocayev cebhe.info-ya açıqlamasında sürüşməyə meyilli olan ərazilər haqda danışıb. 

Ekspertin sözlərinə görə Zığ və Bayıl da sürüşməyə meyillidir: "Ziğda yamac kəsilib, yamacı kəsmək olmaz. Yer verərkən də deyilməlidir ki, həmin evlərin, tikililərin olacağı ərazi sürüşməyə meyillidir. Bayılda uçqundan sonra yaponlar mütəxəssislər əraziyə baş çəkdilər, orada istinad divarları tikdilər. Yer sürüşməsin deyə torpaqda geoloji iş aparılmalı, yerin möhkəmliyi yoxlanılmalıdır. 

Əlbəttə, yerli icra hakimiyyəti orqanları bu məsələyə nəzarət etməlidir. Elə ərazilər var ki, onlar yaşayış üçün qadağan olmalıdır”. 

Ekspertin sözlərinə görə, ümumilkdə sürüşməyə meyilli ərazilərdə belə tikililərin sayı elə də çox deyil. 

Respublikanın dağlıq və dağətəyi zonalarında qeyd edilən amillərin birgə təsiri ilə, fəal inkişaf etmiş və təsərrüfat obyektlərinə təhlükə törədən proseslərdən  başlıcası sürüşmələrdir. Sürüşmə prosesləri əsasən Böyük Qafqazın cənub-şərq qurtaracağı, şimal-şərq, cənub yamacları, Kiçik Qafqaz və Dağlıq Talış bölgələrində daha geniş inkişaf edib. Bir çox dağlıq və dağətəyi rayonlarda sürüşmə proseslərinin neqativ təsirinə  məruz qalmış obyektlər sırasına qəsəbələr və kəndlər də daxildir. 

Son illər sürüşmə proseslərinin aktivləşməsi və onların xalq təsərrüfatı, sənaye, mülki və digər obyektlərə göstərdiyi mənfi təsirlərinə qarşı müdafiə tədbirlərinin elmi cəhətdən əsaslandırılması, yeni salınacaq yaşayış məntəqələri ərazilərində kompleks mühəndisi-geoloji işlərin yerinə yetirilməsi aktual məsələyə çevrilib.

Böyük Qafqazın Azərbaycan hissəsində son illərdə qeydə alınan ən təhlükəli sürüşmə proseslərinə nəzər salaq:

- Bakının Bayıl yamacı, Nobel prospekti, Dilarə Əliyeva küçəsi;
- Qusar rayonunun Urva, Sudur, Elik kəndləri;
- Quba rayonu, bu rayonun Dəlləkli, Küncüt, Güləzi, Afurca, Buduq kəndləri;
- Muğanlı-İsmayıllı avtomobil yolu;
- Quba-Xınalıq yolunun 29-cu km-i;
- Şamaxı rayonu, rayonun Muğanlı, Çağan, Çiçi kəndləri;
- Bakının Xətai, Səbail, Sabunçu rayonları, Badamdar qəsəbəsi;
- Abşeron rayonunun Masazır qəsəbəsi;
- Ağsu və Şamaxı avtomobil yolu;
- İsmayıllı rayonunun Xankəndi kəndi;
- Bakı-Sumqayıt yolu.

Maraqlıdır ki, son 15 ildəki sürüşmələrin çoxu 2010-cu ildən sonrakı dövrdə baş verib. 2000-ci ildə Bayıl yamacında 1, 2005-ci ildə Bakının Nərimanov prospektində 2 və Dilarə Əliyeva küçəsində 1 sürüşmə qeydə alınıb.

Araşdırmalar göstərib ki, Abşeron yarımadası, xüsusilə Bakı şəhəri şəhərsalma qaydalarının pozulmasına görə sürüşmə proseslərinə daha çox meyillidir. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->