Bakıda dəhşətli partlayış: yanğın söndürüldü, xəsarət alan yoxdur (YENİLƏNİB/FOTO/VİDEO)
"Radioquraşdırma zavodu"unda baş verən partlayış söndürülüb. Qaynarinfo xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayb:
"Bu gün saat 19:17 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində Müdаfiə Sənаyеsi Nаzirliyinə aid müəsisissələrdən birinin ərazisində partlayışla nəticələnən yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub. İlkin məlumata görə, hadisə ümumi sahəsi, təqribən 250 m2 olan pirotexniki məhsulların saxlandığı anbarda baş verib.
Dövlət Yanğından Mühafizə Xidmətinin ilk yanğın bölmələri hadisə yerinə saat 19:20-də çatıb. Yanğın saat 20:08 dəqiqədə söndürülüb. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb. Ətraf ərazilərə təhlükə yoxdur. Əlavə məlumat veriləcək".
***
20.20
Bakının Xətai rayonundakı "Radioquraşdırma zavodu" İstehsalat Birliyində baş vermiş partlayış yanğınla müşayiət olunur.
"Report"un məlumatına görə, əraziyə 17 yanğınsöndürən maşın, xeyli sayda təcili tibbi yardım briqadası, polis əməkdaşları cəlb olunub.
"Radioquraşdırma zavodu" istiqamətindəki yollar nəqliyyatın hərəkəti üçün bağlanıb. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerindədir.
***
20.05
Partlayış baş verən ərazinin yaxınlığında yanacaq doldurma məntəqəsinin də olduğu bildirilsə də, orada hər hansı yanğın hadisəsinin baş vermədiyi bildirilir. Hadisə nəticəsində ölən və yaralananların olması və dağıntı barədə ilkin məlumat yoxdur. Hazırda ərazidə qatı tüstü müşahidə olunur (oxu.az).
***
19.53
Bakı metrosunun "Həzi Aslanov” stansiyası yaxınlığında güclü partlayış baş verib.
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri məlumat yayıb.
Məlumata əsasən, partlayış "Radiozavod” deyilən ərazinin yaxınlığlında baş verib.
Partlayışdan sonra yanğın başlayıb. Hazırda həmin əraziyə yanğınsöndürənlər cəlb olunub.
Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Xətai rayon yanğından mühafizə hissəsindən "Report"a verilən məlumata görə, partlayış Radioquraşdırma zavodu ərazisində qeydə alınıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər