Foto 11:28 28.01.2020

Bakıda evləri qarət edən şəxslər tutuldu (FOTOLAR)

Nəsimi rayonunda ev oğruları saxlanılıb.

Qaynarinfo Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyat Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat zamanı paytaxt ərazisində mənzil oğurluğu ilə məşğul olan iki nəfər saxlanılıb.

Keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş paytaxt sakini Tofiq Cəfərov və Sabirabad rayon sakini Peyman Quliyev tutulublar.
Araşdırma zamanı hər iki şəxsin paytaxt ərazisində bir neçə mənzildən pul və qızıl-zinət əşyaları oğurladıqları məlum olub. Onların paytaxt ərazisində kirayə yaşadıqları mənzillərə baxış zamanı evlərdən oğurladıqları əşyaların bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı saxlanılan şəxs barəsində 21-ci Polis Bölməsində toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

T.Cəfərov və P.Quliyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bu şəxslərin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur.

Onun əməllərindən başqa zərərçəkən vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in "102” Zəng Mərkəzinə məlumat verə bilərlər.