Xidməti vəzifələrinin icrası ilə əlaqədar korrupsiya hüquqpozmalarına yol verən vəzifəli şəxslərin aşkar olunaraq cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində prokurorluq orqanlarının həyata keçirdiyi məqsədyönlü və ardıcıl tədbirlər davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 14 saylı mənzil istismar sahəsinin rəisi vəzifəsində işləmiş Elçin Dinayev və digərlərinin qanunsuz əməlləri barədə daxil olmuş vətəndaş müraciəti əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4 (mənimsəmə və ya israf etmə təkrar, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Elçin Dinayevin 2018-2021-ci illər ərzində rəhbərlik etdiyi qurumda müxtəlif əməkdaşların işə gəlmədikləri halda sonuncuların maaş kartlarındakı məbləğləri Nəsimi rayonu ərazisində yerləşən müxtəlif bankomatlardan məxaric edərək nağdlaşdırılması yolu ilə ona etibar edilmiş ümumilikdə 23 min 449 manat pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, istintaq zamanı sözügedən qurumda müvafiq olaraq mühəndis və mühasib vəzifələrində çalışmış Naidə Əhmədova və Firəngiz Zeynalovanın 2019-cu ilin fevral-mart aylarından etibarən Elçin Dinayevin razılığı ilə faktiki olaraq işə gəlməyən 2 nəfər işçinin adına olan əmək haqqı kartlarını Bakı şəhəri ərazisində yerləşən müxtəlif bankomatlardan məxaric edərək nağdlaşdırılması yolu ilə cəmi 10 min 873 manat məbləğində pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.
Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən digər halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Şərhlər