Bakıda ata mülkünün bölgüsü ilə bağlı qardaşlar arasında yaranan mübahisə məhkəmə hökmü ilə nəticələnib.
Qaynarinfo xəbər verir ki, iş materiallarına görə, hadisə 2026-cı ilin iyun ayında paytaxt ərazisində yerləşən kafelərdən birində baş verib. Təqsirləndirilən şəxs qardaşı ilə görüşərək ata mülkünün bölünməsi məsələsini müzakirə edib. Söhbət zamanı tərəflər arasında mübahisə yaranıb və münaqişə fiziki qarşıdurmaya çevrilib.
İttihama əsasən, təqsirləndirilən şəxs qardaşına baş nahiyəsinə bir, qol nahiyəsinə isə iki yumruq zərbəsi endirib. Nəticədə zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri yetirilib. Məhkəmə-tibbi ekspertizası zərərçəkmişdə sol ənsə nahiyəsində hematoma və sıyrıq, həmçinin sol qolunda qançır aşkar edib.
Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib. O, qardaşı ilə mübahisə etdiyini təsdiqləsə də, onu yumruqla vurmadığını, yalnız nalayiq ifadələr işlətməsinin qarşısını almaq üçün ağzını əli ilə tutaraq itələdiyini bildirib. Bununla belə, son sözündə əməlindən peşman olduğunu deyərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edib.
Zərərçəkmiş şəxs isə ifadəsində qardaşının mübahisə zamanı ona üç dəfə yumruq zərbəsi vurduğunu bildirib. O, təqsirləndirilən şəxslə barışmadığını, dəymiş ziyanın ödənilmədiyini və şikayətçi olaraq qaldığını deyib.
Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) ilə təqsirli olduğuna qərar verib. Hökmə əsasən, o, 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Seyid
Şərhlər