Bakıda bir neçə gün davam edən aramsız yağışlar şəhər əhalisinin ciddi narahatlığına səbəb oldu. Yağış suları, paytaxtın kanalizasiya sisteminin zəif işlədiyi və ya ümumiyyətlə mövcud olmadığı ərazilərində böyük fəsadlara yol açdı. Nəticədə, həmin ərazidə yerləşən evlər, ticarət obyektləri su altında qaldı, əhaliyə ciddi maddi ziyan dəydi.
Su altında qalan obyektlərdən biri də "Bank Standart"a məxsus avtomobil dayanacağı idi. Meydançaya yığılmış onlarla avtomobil də su altında qalaraq, yararsız vəziyyətə düşüb. Sual yaranır: su altında qalan avtomobillərə dəymiş zərəri kim ödəyəcək? Sığorta mütəxəssisləri bildirirlər ki, avtomobillərə dəymiş zərəri ödəmək də olar, ödəməmək də.
"Qaynarinfo" xəbər verir ki, sığorta mütəxəssisi Nicat Əlibəylinin Sputnik-ə açıqlamasına görə, belə hadisələr zamanı icbari sığorta heç bir rol oynamır. "Çünki icbari sığorta qəzaya uğramış avtomobilə dəyən zərəri ödəmək üçün nəzərdə tutulan sığorta növüdür. Amma kasko sığortası olan maşınlarda vəziyyət fərqlidir. Könüllü olan kasko sığorta zamanı avtomobilə dəyən istənilən zərərə görə sığorta almaq olar" - o bildirib. "Sadəcə kiçik bir nüans var: hər şirkətdə müqavilə şərtləri fərqlidir. Yəni, elə sığorta şirkəti var ki, kasko sığorta müqaviləsində təbii fəlakətləri nəzərə alır, digərləri isə bunu nəzərə almır. Deməli, həmin dayanacaqda olan avtomobillərin təbii fəlakət zamanı dəyən ziyanı ödəyəcək kasko sığortası varsa, həmin maşına dəyən zərər sığorta şirkəti tərəfindən ödəniləcək" - Əlibəyli əlavə edib. Ekspert qeyd edib ki, sürücülər müqavilə bağlayan zaman diqqətli olmalıdırlar: "Avtomobilini kasko sığorta etmək istəyən şəxslər müqaviləyə imza atmazdan öncə mütləq şəkildə şərtləri diqqətlə oxumalıdırlar ki, sonra belə hallar olanda problem yaşamasınlar".
Sığorta eksperti Xəyal Məmmədxanlı isə bildirib ki, su altında qalan maşınlar girovda olan, krediti ödənilməyən maşınlardır: "Həmin maşınlardan hansının kasko sığortası varsa, o zaman zərər nə qədərdirsə, sığorta məbləğindən artıq olmamaq, franşızanı çıxmaq şərti ilə sığorta şirkəti tərəfindən ödəniləcək".
"Yəni, sığorta məbləği avtomobilin sığortalandığı məbləğdir və hər hansı bir hadisə baş verərsə, sığorta şirkəti ən çox o məbləğə qədər pul ödəyir. Ona görə də, bu zaman zərərin dəyəri də önəmli rol oynayır" - həmsöhbətimiz vurğulayıb.
Mütəxəssis ziyan dəymiş maşınların yaxın gələcəkdə, hətta satışa çıxarılacağını da qeyd edib: "Çox güman ki, su altında qalan avtomobillər şirkət tərəfindən "qurudulacaq" və satışa çıxarılacaq".
Qaynarinfo.Az
Şərhlər