Ekonomiks 12:10 24.12.2013

Bakının inkişafına nə qədər pul xərclənib?

«2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nda nəzərdə tutulmuş tədbirlərin icrasına 3 mlrd. manat həcmində vəsait yönəldilib.

Bunu dünən Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Proqramın icrasının yekunlarına həsr olunmuş konfransda iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib.

Nazirin sözlərinə görə, Proqram çərçivəsində 3 il ərzində görülmüş işlər nəticəsində paytaxt və qəsəbələrdə, eləcə də Abşeron rayonunun qəsəbə və kəndlərində 3 500 km qaz kəmərləri çəkilib, əlavə 132 min abonent qazla təmin olunub. Bundan başqa, 39 elektrik yarımstansiyası və 264 transformator tikilib və ya təmir edilib, 4 400 km elektrik kabel xətləri çəkilib və nəticədə əhalinin və iqtisadiyyatın enerji təchizatı təmin olunub.

Zabrat-Maştağa-Buzovna yolunda və Zığ dairəsi-aeroport yolundan Qala stansiyasınadək gedən  yolda yenidənqurma işləri başa çatıb, Bilgəh-Novxanı-Sumqayıt, Zabrat-Kürdəxanı-Pirşağı, Zığ-Hövsan yollarında və Binə qəsəbəsinin baş yolunda isə işlər davam etdirilir. Həmçinin, 22 qəsəbənin 420 mindən çox sakininin istifadə etdiyi 62 km qəsəbələrarası yollar təmir olunub, rayon və qəsəbədaxili yollara 3 mln. kv. metrdən çox asfalt örtüyü salınıb, 41 körpü, tunel və piyada keçidi istifadəyə verilib.

Rabitə və informasiya sahəsində 11 ATS, 9 poçt şöbəsi üçün bina tikilib, 28 ATS rekonstruksiya olunub, Zirə, Gürgan və Pirallahı qəsəbələrinə fiber-optik kabel çəkilib, «Bakinternet»in internet şəbəkəsinə çıxış imkanı 7,5 Gbit/saniyə sürətinə çatdırılıb.

Ş.Mustafayevin sözlərinə görə, aparılan sənayeləşmə siyasəti çərçivəsində son 3 ildə ümumi investisiya qoyuluşu 2 mlrd. manat olan Bakı gəmiqayırma, müasir tikinti materialları, metal konstruksiyalar, gəmi təmiri, təcrübə-sınaq, sement zavodları və digər sənaye müəssisələri tikilib, bir sıra istehsal və emal müəssisələrinin tikintisi davam etdirilir.

Nazir bildirib ki, Bakıətrafı qəsəbələrdə aqrar sahənin inkişafına dəstək vermək məqsədilə Abşeron magistral kanalında yenidənqurma işləri davam etdirilib, Xəzər, Sabunçu, Suraxanı və Abşeron rayonlarında əkin və həyətyanı sahələrin su təminatının yaxşılaşdırılması üçün 278 min paqon metr boru kəmərləri çəkilib, 6 baytarlıq məntəqəsi tikilib.

Eyni zamanda Sahibkarlara Kömək Milli Fondun xətti ilə Bakı qəsəbələri üzrə 680 sahibkara 148 mln. manat güzəştli kreditlər verilib və 5 300-dək yeni iş yerinin açılması imkanı yaranıb. Nazir vurğulayıb ki, müasir texnologiyaların tətbiqinə əsaslanan 53 iri layihə, o cümlədən 13 çörək zavodu, 48 hektar ərazidə 13 istixana kompleksi, 9 quşçuluq təsərrüfatı, 2 ət emalı fabriki, 2 metal konstruksiya və 14 digər sənaye müəssisəsi maliyyələşdirilib.

Qaynar.info