Xəbər lenti

Bakının mərkəzi rayonu qiymətləri bahalaşdıracaq? - Ekspert daha böyük faydalarından danışdı
Ekonomiks 17:46 21.01.2020

Bakının mərkəzi rayonu qiymətləri bahalaşdıracaq? - Ekspert daha böyük faydalarından danışdı

Prezident İlham Əliyev bir neçə gün əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevi qəbul edərkən Bakının mərkəzi rayonunun yaradılması ilə bağlı prosesin sürətləndirilməsi tapşırığını verib. 

Qaynarinfo xatırladır ki, qəbul zamanı ölkə başçısı bu məsələnin bir müddət əvvəl gündəmə gəlməsinə baxmayaraq, ləngiməsindən söz açıb, eyni zamanda komitə sədrinə yeni binaların tikintisi ilə bağlı bir sıra tapşırıqlar verib: "Bir müddət bundan öncə ziyalılarla görüşdə Memarlar İttifaqının sədri təklif vermişdi ki, Bakının mərkəzi rayonu formalaşsın. Mən Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq göstərişlər vermişəm. Sizə də tapşırıram, Bakı Şəhər İcra Hakimiyyəti, Memarlar İttifaqı yığışın birlikdə təklifləri konkretləşdirin. Çünki bunun üstündən artıq uzun müddət keçib, ancaq hələ ki, mənə heç bir təklif verilməyib. Mən prinsip etibarilə bu təklifi dəstəkləyirəm. Çünki belə olan halda mərkəzi rayonda bu rayona uyğun xüsusi mühafizə tədbirləri görülə bilər və memarlıq abidələrimizə diqqət daha da yüksək ola bilər. O ki qaldı, yeni binaların tikintisinə, burada qaydalar daha da sərt olmalıdır”.

Qeyd edək ki, paytaxtın Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonlarını birləşdirərək ərazilərində mərkəzi rayonun yaradılması təklifini Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə verib. E.Qasımzadə prezidentin məlum çıxışı ilə bağlı açıqlamasında bildirib ki, təklifləri prezidentlə görüşdən sonra aidiyyatı qurumlara təqdim edib: "Cənab prezidentə təşəkkür edirəm ki, bunu çox vaxtında yada salıb. Mən prezidentimizdən bu məsələyə belə həssaslığı, diqqəti gözləyirdim. Mənim təklifimi məmurlar məqsədli şəkildə yubadırlar. Ona görə də, fikirləşirdim ki, prezident ziyalılarla yenidən görüş keçirsə, mən bu məsələni təkrar qaldırım. Amma sağ olsun İlham Əliyev özü bununla bağlı tapşırıq verdi. Güman edirəm ki, qısa müddətdə bu məsələ öz həllini tapacaq. Əlbəttə ki, bu asan məsələ deyil. Bunun üçün rayonların sərhədi dəyişməlidir, mülkiyyət məsələləri həll olunmalıdır. Amma pataxtın mərkəzi rayonu formalaşdırılmasa biz beş on ilə Bakının tarixini itirərik. Bundan mən həm memar, həmçinin də bir Bakı sakini olaraq narahatam. Bu məsələnin ləngiməsinin səbəbi,maraqlı şəxslərdir. Rayon icra hakimiyyətləri qiymətli əraziləri əldən buraxmaq istəmirlər. Bacardıqları qədər Bakının mərkəzi rayonunun formalaşmasına mane olurlar. Bakının mərkəzi rayonu formalaşarsa, idarəçilik qaydaları eksklüziv olacaq. Burada texniki normalar da başqa olmalıdır. Məsələn, Yeni Günəşlidə tətbiq olunan qaydalar, Bakının mərkəzində tətbiq oluna bilməz. Yanaşmalar tamamilə fərqli olmalıdır. Bakının mərkəzi hissəsində təsərrüfat fəaliyyətləri məhdudlaşacaq. Oraya ağır texnikanın salınması, yüksək mərtəbəli binaların tikintisi qadağan olunacaq”.

Bakı Şəhər İcra Hakimiyyətindən mövzu ilə bağlı sorğumuza cavab olaraq bildirildi ki, məsələ hazırda müzakirə olunur: "Açıqlama veriləcək”.

Əmlak Məsələləri üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, bu, artıq ölkə başçısının diqqətində olsa da, bir qədər gecikmiş məsələdir: "Amma yenə də nəzərə alsaq ki, hələ də mərkəzi və mərkəzə yaxın ərazilərdə 1 və 2 mərtəbəli fərdi yaşayış evlərindən ibarət olan köhnə yaşayış massivləri çoxdur, onların söküntüsündə yeni qaydalara əməl olunmaqla şəhərsalmanın həyata keçirilməsi hesab edirəm ki, paytaxtın mərkəzi üçün həm infrastruktur baxımından, həm görünüş baxımından, həm digər şəhərsalma üçün vacib olan məsələlər baxımından çox əhəmiyyətli olacaq”.

Yeni binaların tikintisində sərt qaydaların tətbiqinə gəldikdə, burada ən vacib məsələ mərkəzdə tikinti kofisentlərinin azalmasıdır. Daha konkret desək, bir neçə il əvvələ kimi paytaxtda 1000 kvadratmetr torpaq sahəsinin üzərində inşa olunan tikinti kofisentləri 6-6,5 faizə qədər qalxmışdı, indi 2 faizə qədər azaldılması tələb olunur və artıq bunun icrasına başlanıb. Bu, o deməkdir ki, məsələn, 1 hektar torpaq sahəsi üzərində inşa olunacaq maksimal yaşayış sahəsi təqribən 20 min kvadratmetrdən artıq olmamalıdır. Kofisentlərin bu dərəcədə azaldılması əslində günün tələblərindən biridir, lakin eyni zamanda mərkəzdən kənar ərazilərə marağı artırmaqla mənzil qiymətlərinin bahalaşmasına səbəb olacağı ilə bağlı narahatlıqlar var. Həmsöhbətimizin sözlərinə görə, mərkəzə doğru getdikcə torpaq sahələrinin ümumi tikinti portfelindəki payı xeyli artır: "Bu da nəticə etibarilə maya dəyərinin artımına gətirib çıxarır. Bu bir tərəfdən ziyanlı bir tendensiya kimi qəbul oluna bilər ki, qiymət artımına gətirib çıxaracaq. Amma eyni zamanda hesab edirəm ki, əslində bu gün üçün şəhər mərkəzində qiymətlərin bahalaşması şəhərsalmada şəhərdən kənarda qalan ərazilərin diqqət mərkəzinə gəlməsinə gətirib çıxara bilər. Eyni zamanda şəhər mərkəzinin həddən artıq yüklənməsinin qarşısı alınacaq. Yəni bir tərəfdən qiymət baxımından zərərli olsa da, yüklənmə və şəhərsalma baxımından hesab edirəm ki, faydası daha çox olacaq. Təsəvvür edin, illərdir ki, tikinti sektorunun, tikinti şirkətlərinin mərkəzdən kənara çıxması üçün işlər görülüb, amma biz hələ ki, Masazırdan o tərəfə keçə bilməmişik. Bu baxımdan düşünürəm ki, şəhərsalma üçün paytaxtın kənar rayonlarının seçilməsi daha faydalı olardı”.

Ekspert paytaxtın gələcəyi üçün həyəcanlı durumun olmasından da söz açdı. Onun sözlərinə görə, Bakıda infrastruktur getdikcə mürəkkəb bir formaya gəlib çıxır: "İnfrastruktur gələcəkdə bərpa olunması mümkün olmayan, yaxud böyük xərclər hesabına bərpa oluna biləcək səviyyəyə gəlib çıxa bilər. Bu baxımdan mənim fikrim ondan ibarətdir ki, kofisentlərin azaldılmasına ehtiyac var. Əvvəla, ona görə ki, yalnız tikintialtı sahədən ibarət olan torpaq üzərində bir-iki bloklu, 18-20 mərtəbəli bir binanın tikilməsi yolverilməzdir. Həyətyanı sahə olmalıdır, parklanma üçün yerlər olmalıdır, ən azı heç olmasa ekonom sinfin tələblərinə cavab verə biləcək binalar olmalıdır. Bu baxımdan düşünürəm ki, bir şirkət, bir MTK bir bloklu 16 mərtəbəli tikintialtı sahəsi 1500 kv/m olan bir binanı inşa etmək üçün təqribən ondan 3-4 dəfə artıq torpaq sahəsinə sahib olmalıdır ki, problemlər ortaya çıxmasın”.

Qaynarinfo-nun İqtisadiyyat şöbəsi

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->