"Balaca bir ölkədə bu qədər intihar, qadın ölümləri olmalı deyil" (MÜSAHİBƏ)

İllər dəyişsə də reallıqlar, yaşanan hadisələr dəyişmir. Yenə də intiharlar və bu intiharların başında dayanan ailə təzyiqi, cəmiyyətin düşüncə tərzi və qərəzli yanaşma. Daha bir intihar, daha bir can və həyata keçməyən, yarımçıq qalan arzular...
 
Moderator.az mövzu ilə bağlı uzun müddətdir ki, qadınların, uşaqların hüquqlarını müdafiə edən və bəzən də buna görə təzyiqlərə məruz qalan, əsərlərində ailədə şiddət, qadın problemləri geniş yer tutan feminist yazıçı Aysel Əlizadə ilə söhbət edib.
 
Təəssüratlarını bölüşən yazıçı ölkədə hər mövsüm gündəm halını alan intiharların yaranma səbəblərindən danışıb.
 
- Sizcə, gənc, yeniyetmə qızların intiharı ailə basqılarından, yoxsa tərbiyə modelindənmi qaynaqlanır?   
- Cəmiyyət öz-özünə yürüyüb gedəcəksə, bunca dövlət qurumu nəyə gərəkdi? Ona görə bu mənada ailədən daha çox dövlət strukturlarını günahlandırıram. İnciməsinlər. Ölkədə Gənclər və İdman Nazirliyi, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi var. Vəzifələri nədən ibarətdir? Qollarını çırmalayıb işə girişməlidirlər. Gənclər və İdman Nazirliyi olmaq təkcə gəncləri idman yarışlarına göndərmək deyil, onda "gənclər” sözünü ataq təkcə İdman Nazirliyi qalsın. Gəncləri məşğuliyyətə, hobbiyə, stimula kökləmək, onları intiharlardan qorumaq üçün mexanizmlər işləmək gərəkdi. Onlarla əməkdaşlıq etmək, iş birliyində olmaq lazımdır. Sivil, inkişaf etmiş ölkələrdəki təcrübələrdən yararlana bilərlər. Orada Gənclər Nazirliyi hansı işə, necə baxır, gənclərdə necə yaşamaq eşqi, stimul yaradır, hara  yönəldir və s. kimi örnəkləri tətbiq etmək olar. 
 
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də eynilə uşaq-valideyn münasibətində, qadınların yaşadıqları çətinliklərdə onların yanında olmaq məcburiyyətindədir. Komitənin vəzifəsi birbaşa budu. Biz isə dövlət büdcəsindən vəsait ayrılan, saysız-hesabsız əməkdaşları, işçiləri departamentləri, yekə-yekə binaları olan, böyük xərclər aparan bu strukturların aktivliyini görmürük. Bilmirəm, bəlkə kimsə görür, şəxsən mən görmürəm. Bilirsiniz ki, illərdir bu sahədə külüng vuran, çalışan adamlardan biriyəm. Bütün yaradıclığımı da ailə, qadın, uşaq mövzusuna həsr etmişəm. "Qadın peyğəmbər” romanımda ailədə fiziki və psixoloji şiddət mövzusunu işləmişəm. Ədəbiyyatımızda bu mövzuya heç toxunulmamışdı. Cəmiyyət belə fərqində deyildi ki, öyrəşib yaşadığı bu zorbalıq cinayətdi, norma deyil. Bu barədə çox çıxışım olur, bugün cəmiyyətdə eyni problemlərlə bağlı müəyyən diqqət varsa, orada mənim də qatqım yəqin ki, var. Amma danışmaq azdı, məsul tərəf təcili tədbirlərə başlamaqda çox-çox gecikir. 
 

 
Baxmayaraq ki, biz bu mövzulardan danışdıqda böyük reaksiyalarla qarşılaşırıq, mentalitet, dəmirləşmiş düşüncə, yaşam ənənəsi üstümüzə gəlir. İllərdir deyirik ki, bütün bunlar cəmiyyəti uçuruma aparan məsələlər, yaralardır. Yara varsa, onu sağaltmaq haqqında düşünmək gərəkdi. Dünya təcrübəsi də göstərir ki, bu cür problemləri cəmiyyətin və ailənin üzərinə buraxsan, məsələ heç bir halda həll olunmayacaq. Bunun üçün yaranan strukturların missiyası problemləri üzərlərinə götürməkdir. Onlar deyirlər ki, monitorinqlər aparırıq. Ortada isə bir nəticə yoxdur. Elinanın intiharından sonra Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi söz vermişdi monitorinq aparıb nəticəni payalaşacaq. Hələ də o nəticəni gözləyirəm. Hələ də ortada ciddi iş, fəaliyyət, hesabat görünmür. Komitənin saytına baxırsan, heç nə yoxdur, standart, tipik xəbərlərdir. Bu, çox narahatedicidi. Cəmiyyət özü özünü idarə edən mexanizmdirsə, deməli, dövləti ləğv etməliyik? Bu nə deməkdi? Cəmiyyəti dövlət idarə edirsə, o zaman dövlətin ayrı-ayrı cavabdeh qurumları gərək məsuliyyətdən boyun qaçırmasınlar. Məsələn, Almaniyada valideyn uşağa şiddət göstərirsə, uşaq müdafiə komitəsi gəlib ailə ilə maraqlanır, araşdırır. Uşağın böyüdüyü şəraitə baxıb qərar verir ki, bu uşaq həmin ailədə qalmalıdır, ya yox. Bizi isə mentalitet idarə edir, qanunlar yox. Azərbaycan Konstitusiyasında uşaq hüququları da qorunur, ailənin üzvləri də bərabərhüquqludur. Kimsə kiminsə üzərində hökmran deyil. Biz nə görürük? Evdə bir diktator olur. Hamı ondan qorxur. Bir neçə belə ailə araşdırılsa,  həqiqət üzə çıxsa, ailədə şiddət görən uşaqlara, ailə üzvlərinə, psixoloji təzyiqlərə məruz qalanlara sahib çıxılsa, vəhşi valideynlər  hüququndan məhrum edilsə, cəza mexanizmi işlək olsa, o zaman  müəyyən nəticələr əldə edərik. Bizim cəmiyyətdə dövlət strukturlarına inamsızlıq var.
 
Balaca bir ölkədə bu qədər intihar, qadın ölümləri, zorakılıq olmalı deyil. Bilirsiniz nə qədər Sevil, Elina var? Zorakılığa məruz qalan təkcə qızlar deyil, oğlan uşaqları ilə bağlı da belə hallara rast gəlirik. Onlar başlarına gələnləri valideynlərnlərinə açıb deyə bilmirlər, ailə qəzəblidir, aqressivdir, anlayışsızdı. Həmin uşaqların gedəcəkləri, dərdlərini deyəcəkləri yer olmalıdı. Məhz bu situasiya üçün qurumların qaynar xətti olsa və dayanmadan təbliğ edilsə ki, belə bir xidmət var, mütləq yiyə durur, kömək edir onda xeyli dərdə dərman tapmaq olar. Bu qaynar xətlər uşaqlara əlçatan olsa, xəbərdar olsalar zəng vurub dərdlərini deyərlər. Hətta Daxili İşlər Nazirliyinin də burada iştirakı vacibdir. Bu problem üzrə bir neçə strukturun daimi əməkdaşlıqda olaraq çalışması gərəkdi. İşləməlidirlər, başqa çarəsi yoxdur. 
 
- Ötən günlərdə 11 yaşında qızın nişanlanması xəbəri də böyük müzakirələrə səbəb oldu. 11 yaşlı qızın üzündəki sevincdən onun nə qədər bu məsələdə istəkli olması da az müzakirə edilmədi.
- Uşaq  göz açdığı ailənin qaydaları, ənənəsi, yaşam tərzi ilə böyüyür. Cəmiyyətdə bir mentalitet, milli ənənələr,  vərdişlər var. O uşağı ailə qurduğuna sevindiyi üçün günahlandırmaq özü günahdı. Hazır qaydalara göz açmış bir uşaqdan bu qaydalara qarşı çıxmağı gözləmək necə doğru ola bilər? Ondan bu duruşu, təfəkkürü, bacarığı gözləyə bilməzsən. O bilmir, sadəcə bilmir. Yaşadıqlarını norma kimi görüb. Eşidib ki, qızın tək missiyası ərə getməkdir və bu istənilən yaşda mümkündür, öyrəşib. Anlamadan sevinir. Bu nişan prosesi  onun üçün bir əyləncədir, insanlar onu alqışlayır, tort kəsirlər. Biz insanlardan doğulandan sivil, modern kimlik olmasını istəyiriksə, o zaman ali təhsil ocaqları nəyə lazımdır, məktəblər nə üçün var? Kitablar niyə yazılır? Bunların hamısı ona  görədir ki, insan yetişdirsin, cəmiyyətə sivil vətəndaş qazandırsın. Qazandıra bilmirsə, işinə yenidən nəzər salsın. Hər şeyi özümüz doğuşdan biləcəkdiksə, mədəniyyət sahəsi niyə yaranırdı? Problemli sahələrə cavabdeh tərəflərdən hesab istəmək şərtdi. Niyə sənin sahəndə bu qədər problem var, niyə intiharlar artıb? Deməli, özünü doğrulda bilmirsən. Özünü doğrulda bilməyən strukturlarda islahat aparılsın. Adamlar bacarmadıqları işin altına girməli deyil. Bərbad edirlər hər şeyi. İş, vəzifə xətrinə ölkəni iflic etmək olmaz. Bu sahədə çalışanlar dizlərini yerə atıb, bölgə- bölgə gəzib, insanlarla görüşüb, layihələr edib onları maarifləndirsin gərək, gecə-gündüz toplumla işləsin, çarə tapmaq yerinə problem çıxarmasın. Bilirəm, çox çətindir, amma işin budursa, etməyə borclusan. Necə ki, bir musiqiçidən yaxşı əsərlər yaratmasını gözləyirsən, hər sahənin adamı da yaxşı əsərlər yaratsın gərək. Yaratmırsa, demək, işləmir, bacarmır. Ailə elə bir sahədir ki, biz o sahəyə institut deyirik. Ortada konkret bir binası yoxdur, amma ailə institutudur. Çünki onun hər sahədə nümayəndəliyi olur. Ədəbiyyatda da, Vətəndaş Cəmiyyətində də, dövlət strukturlarında da, elmdə də, hər yerdə.
 

 
- Son bir neçə ildə nəinki gənclər, ümumilikdə qadın intiharlarının sayı çoxalıb. Siz burada əsas səbəb olaraq nəyi görürsünüz?
-Cəmiyyətimizdə psixoloji böhran yaşanır, belə olduğu halda intiharların sayı əlbəttə, artacaq. İnsan o zaman intihar edir ki, həyatının mənası itir. Bunu  mən demirəm, Viktor Frankl deyib. Həyatın mənası itəndə insan intiharı seçir, çünki yaşamaq üçün tutunacağı heç nə yoxdur.  Həyatın mənasını itirən bir çox səbəb var. Şiddət görəndə çarəsiz vəziyyətdə qalır, çıxış yolu tapa bilmir. Maddi çətinliyi olur, çarə tapmır. İşsiz qalır, yolsuz qalır, şəxsi həyatı ağır olur, dözmür. Kimsəni qınamaq olmur. Bir də  ideoloji boşluğu olan cəmiyyətdə intiharlar çoxalır. Ölkədə bütünlükdə bir mənasızlıq sindromu yaşanır və adamlar necə və niyə yaşadıqlarını bilmirlər. Bir kişi qadını döyürsə, bunun günah, cinayət olduğunu bilmir. Qanmadan edir. Nəvaziş görməyib, öz ailəsində qadın adam yerinə qoyulmayıb. Qadın fiziki olaraq kişidən zəifdi. Gücü çatır döyür. Həmin kişi özündən güclüyə əl qaldırmaz. Bir ölkədə çoxluq özündən zəifi alçaldırsa, bu zəncirvari prosesə çevrilir. Evdə də, çöldə də baş verir. Öyrətmək, qınamaq, məsuliyyətə çəkmək gərəkdi ki, etməsin. Bir məhəllədə kişi qadınını döymüşdü, uşaqlıq dostu da onu döydü, həyətdə kimsə həmin adama salam vermədi. O da anladı ki, nəsə pis iş görüb. Demirəm əvəzində biz də basıb döyək. Deyirəm qınayaq, üz çevirək, görsün ki, arvadını döyən kişinin hörməti olmur. İllərdir Azərbaycan televiziyalarında tok-şoularda qadınlarımız günahlandırılır. Döyülüb evdən qaçan qadını tapıb gətirirlər studiyaya, deyirlər sən qadınsan, necə ailəni atıb getmisən? Qadın meyitini zorla o kişinin əlindən çölə atıb qaça bilib. Siz bircə dəfə o verilişlərdə yoldaşını döyən, incidən kişinin ekspertlər və aparıcı tərəfindən şiddətlə qınandığını görmüsüz? Mən görməmişəm. Bəzən kimsəsiz uşağı göstərirlər, hamı ananı söyməyə başlayır, "bu necə anadır, uşağını atıb gedib?”.  Düşünmürlər ki, bu uşağı dünyaya gətirən təkcə ana deyil. Bu qadını mayalandıran bir kişi də var. Necə olub ki, qadın bu qədər çarəsiz qalıb?  Bundan danışanda bəzi kişilər əsəbləşirlər. Bu obrazda özünü görmürsənsə, əsəbləşmə, əksinə dəstək ol. Çünki sənin cəmiyyətində bu bir problemdir. Sən də gələcəkdə bir ata olacaqsan, bəkə də atasan, sabah sənin qızın da qarşılaşa bilər. Gəlin, əl-ələ verək bu məsələni həll edək. Hər halda problemin bir ucundan yapışıb çıxış yolu axtaraq.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR