"Bank ödəniş kartlarının çox olmasının səbəbi əhalinin pullarını daha çox kartlarda saxlamasıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı vəkil Əkrəm Həsənov əhalidə olan 17 milyon ədəd ödəniş kartı ilə bağlı statistikaya aydınlıq gətirərkən deyib.
Ekspert bunun bir neçə səbəbi olduğunu qeyd edib:
"Dünyada gedən tendensiyadır və tədricən Azərbaycanda da təşəkkül tapır. Bu daha rahatdır, insanlar kartdan ödəniş edəndə daha rahat olurlar. Pulu cibdə saxlamaq artıq tarixə qovuşur, itirmə təhlükəsi var. İkincisi isə banklara etimad məsələsidir".
Əkrəm Həsənov bu gün əhalidə banklara etimad olduğunu da vurğulayıb:
"Əvvəlki illərə nisbətən bank sistemi xeyli sabitləşib. Digər tərəfdən əlavə dəyər vergisinin müəyyən hissəsinin qaytarılması məsələsi var. Kartla ödəniş edəndə ƏDV-in daha çox hissəsi qaytarılır. Bu da insanları kartla alış- verişə həvəsləndirən səbəblərdən biridir".
Ekspert bu məsələdə bankların da marketinq siyasətinin olduğunu xüsusi önə çəkib:
"Banklar da maraqlıdır. Niyə? Əlavə işçi saxlayırlar və s. Hətta bir şəxsə bir neçə kart verirlər. Belə olanda da bank kartlarının sayı artır".
Qeyd edək ki, Mərkəzi Bankın məlumatına görə, banklar və "Azərpoçt” MMC sistemləri üzrə yanvar ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 316 min ədəd artaraq 17 milyon 241 min ədəd təşkil edib. Bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 24.4%, ödəniş kartlarında artım debet kartları üzrə 25%, kredit kartları üzrə 20.7% təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 139 min, kredit kartları 383 min, digər kartlar isə 2.8 milyon ədəd artıb.
Bahar Rüstəmli
Şərhlər