Ölkənin ən böyük banklarından biri olan "Bank Respublika” ASC bu ilin I rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, Bank rüb ərzində yaxşı maliyyə nəticələri nümayiş etdirərək Azərbaycanın bank xidmətləri bazarında lider mövqelərini möhkəmləndirib.
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tətbiq olunan karantin tədbirlərinə baxmayaraq, Bank müsbət dinamikanı davam etdirə bilib və I rübün nəticələrinə əsasən xalis faiz gəliri 11,3 milyon manat, xalis mənfəəti isə 2,9 milyon manat təşkil edib.
Ötən ilin sonu ilə müqayisədə Bankın aktivləri 7,5% artaraq 1,11 milyard manat olub ki, bu da Banka ölkənin aparıcı beş bankı sırasında yerini möhkəmləndirməsinə imkan verib. Açıqlanmış hesabatdan həmçinin görünür ki, Bank davamlı inkişaf üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir. Belə ki, keçən ilin analoji dövrü ilə müqayisədə Bankın məcmu kapitalı 4% artaraq 87,2 milyon manat olub və minimum məcmu kapital normasını 75% üstələyib.
3 ayın nəticələrinə görə Bankın kredit və depozit portfelləri əhəmiyyətli dərəcədə artım göstərib. Belə ki, bankın depozit portfeli 13% artıb ki, bu da müştərilərin banka olan inamının yüksək olduğunu növbəti dəfə nümayiş etdirib. Bankın kredit portfeli 8,4% artıb və verilən kreditlərin əsas hissəsi həm Bank, həm də Azərbaycan iqtisadiyyatı üçün prioritet sahə olan real sektorun kreditləşməsinə yönəldilib. Diqqət çəkən məqamlardan biri odur ki, keçən ilin sonu ilə müqayisədə qeyri-işlək kreditlərin (NPL) bankın ümumi kredit portfelindəki payı da azalaraq 2,2% təşkil edib.
Bundan başqa, Bankın I dərəcəli kapitalın adekvatlıq əmsalı 11,12%, məcmu kapitalın adekvatlıq əmsalı isə 15,61% təşkil edib ki, bu da normadan müvafiq olaraq 2,2 dəfə və 1,7 dəfə çoxdur.
"Bank Respublika” 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları - DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və yaxud 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Şərhlər