Video 19:43 04.08.2018

Bank vətəndaşı çətin duruma salıb - Ağlasığmaz tələb (VİDEO)

Bakıda banklardan birindən lizinqlə avtomobil alan şəxsin başına iş gəlib. Bank 3 il əvvəl vətəndaşdan avtomobili geri alsa da, indi aylıq ödənişləri tələb edir.

Qaynarinfo xezerxeber.az-a istinadən bildirir ki, hadisə Tovuz rayon sakini Vüqar Xəlilovun başına gəlib. Onun sözlərinə görə, bir neçə il əvvəl ilkin 2500 manat, ayda isə 310 manat ödəniş etməklə lizinq yolu ilə Bakıda banklardan birindən avtomobil alıb. Vüqar Xəlilov 6 ay bu şəkildə ödəniş edərək yol nəqliyyat hadisəsi baş verən günə qədər avtomobildən istifadə edib.

Avtomobil üzərində heç bir öhdəliyi olmayan, yalnız sürmək üçün etibarnaməsi olduğundan sığorta şirkəti həmin pulu bank əməkdaşlarına verib. Bankın məsul şəxsləri Vüqar Xəlilova bildiriblər ki, qəzalı avtomobili servisə gətirsin. O da avtomobili servisə elə nəqliyyat vasitəsinin sənədləri ilə birlikdə təhvil verib.

Amma bankdan hər dəfə Vüqar Xəlilova zəng vurularkən borcu olduğunu və ondan ödəniş etməsi tələb edilib. Yəni belə aydın olub ki, bu müddət ərzində bank hesab edir ki, avtomobil Vüqar Xəlilovda olub və yaranmış borc da həmin ayların puludur.

Məsələ ilə bağlı hüquqşünas Anar Ramazanov bildirdi ki, lizinq yolu ilə avtomobil alan şəxs mütləq qaydada bankla bağlayacağı müqavilənin bəndləri ilə tanış olmalıdır. Bundan başqa, bu cür hadisələrdə avtomobili banka və yaxud da avtoservisə verərkən təhvil aktı ilə rəsmişəldirməlidirlər. Əks halda vətəndaş haqsız duruma düşə bilər. Hüquqşünas, aylıq ödənişin tələb edilməsinə də aydınlıq gətirdi.

Anar Ramazanov bildirdi ki, zərərçəkmiş qismində olan Vüqar Xəlilov hüquq-mühafizə orqanlarına bununla bağlı məlumat verməlidir ki, təxminən 3 ilə yaxın müddətdə avtomobil harda olub və kim istifadə edib. Bundan sonra məsələ öz həllini tapa bilər.