Ekonomiks 18:39 05.09.2015

Bankların böyük problemi həll edildi

Çinin dünya iqtisadiyyatını yeni qlobal böhrana sürüklədiyi avqust ayında Azərbaycanın bank sektoru problemli kreditlərlə bağlı gözlənilməz dəyişmə nümayiş etdirib. 

Anspress-in məlumatına görə, ilin əvvəlindən bu yana ilk dəfə olaraq ölkə üzrə problemli kreditlərin səviyyəsində azalma qeydə alınıb. Mərkəzi Bankın (AMB) dərc etdiyi “Kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşları” barədə statistika sənədinə görə, avqustun 1-ə olan vəziyyətə ölkə üzrə həm manatla, həm də dollarla verilmiş problemli kreditlərin ümumi məbləği azalıb. 

Dollarla verlmiş problemli kreditlərin məbləği iyul ayının 1-dən avqust ayının 1-ə kimi 417,7 milyon manatdan 407,6 milyon manata qədər azalıb. Manatla verilmiş problemli kreditlərin toplam məbləği isə ay ərzində 921 milyon manatdan 887,2 milyon manata düşüb. Beləliklə, bir ay ərzində ölkə üzrə problemli kreditlər 43,9 milyon manat, yəni təxminən 41,8 milyon dollar azalıb. 

2015-ci ildə banklarda problemli kreditlərin toplam məbləği (milyon manatla)

Ümumilikdə, isə ölkə üzrə problemli kreditlərin toplam məbləği 1 milyard 294,8 milyon manata, yəni 1 milyard 233 milyon dollara enib. Beləliklə, ölkə üzrə problemli kreditlərin toplam məbləği dollar ifadəsi ilə ilin əvvəlində müşahidə olunan 1 milyard 30 milyon manat (1 milyard 321 milyon dollar) səviyyəsindən aşağı düşüb. 

İqtisaçı ekspert Samir Əliyev ANS PRESS-ə müsahibəsində bununla da manatın devalvasiyasının yaratdığı problemli kreditlər probleminin başa çatdığını bildirib. Ekspertin fikrincə, problemli kreditlərin yaranmasında əsas çətinliyi ilin əvvəlində elan edilmiş devalvasiya yaradıb. 

“Devalvasiya elan edilən kimi dollarla verilmiş kreditlərin ödənişlərində problem yarandı, çünki banklar ödənişləri dərhal manat ifadəsində 35 faiz artırdılar. Bir çoxlarının buna imkanı çatmadı və kreditlərin ödənişində problem yarandı. Kredit götürənlərin özləri də gözləmə mövqeyi tutaraq ödənişləri dayandırdılar”,- deyə iqtisadçı ekpert vurğulayır. 

Devalvasiyadan sonra dollarla verilmiş kreditlərlə bağlı Konstitusiya Məhkəməsinə müraciət olunmuşdu. Kredit götürənlərin çoxu ümid edirdilər ki, məhkəmə krediti köhnə məzənnə ilə ödmək barədə qərar verəcək. Amma bu, baş vermədi. Əvəzində AMB banklara kreditlərin yenidən strukturlaşdırılmasını tövsiyyə etdi. 

“İndi problemli dollar kreditlərinin çoxu üzrə yeni müqavilələr bağlanır. Artıq həmin kreditlər problemli yox, yeni kreditlər sayılır. Banklar artıq normal maaşı olmayan müştərilərə kredit vermir ki, bu da problemli kreditlərin səviyyəsini aşağı salır”,- deyə Samir Əliyev vurğulayır. 

Samir Əliyev - iqtisadçı ekspert

İqtisadçı ekspertin sadaladığı sonuncu məsələ artıq bir neçə aydır ki, əhalinin lombardlara müraciətini artırıb. “Mən lombard kreditləri ilə bağlı problemin yaranacağını düşünmürəm. Lormbarda üz tutan adam əvəzində qızıl əşya girov qoyur. Kredit qaytarılmadıqda qoyulmuş girovla əvəzlənir”,- deyə Samir Əliyev vurğulayır. 

Qaynar.info