Dünya 17:22 21.04.2019

"Baxçalı özünü Türkiyə dövlətinin sahibi kimi aparmağa başlayıb" (ŞƏRH)

"Cumhuriyyət Xalq Partiyasının sədru Kamal Kılıçdaroğlu bu gün Ankarada, şəhid cənazəsində hücuma məruz qaldı. Jandarma yetişməsə, yəqin ki, linç edəcəkdilər".

Qaynarinfo xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli bu gün Türkiyənin paytaxtı Ankarada baş verən hadisələri şərh edərkən deyib. 

Hakkaridə PKK terrorçuları ilə atışmada şəhid olan Türkiyə ordusunun zabiti Yener Kırıkçının Ankaranın Çubuk Akkuzu məhəlləsində keçirilən dəfn mərasimində Kamal Kılıçdaroğlu hücuma məruz qalıb. Əvvəlcə Kılıçdaroğlunun əleyhinə şüarlar səsləndirən bir qurup daha sonra ona hücum edib. Bir nəfər CHP liderinə yumruq atıb. Partiya rəhbərinin eynəyi yerə düşərək sınıb. Mühafizəçilər Kılıçdaroğlunu ərazidən çıxarıb. Təhlükəsizlik orqanları evin ətrafına toplaşan qurupu uzaqlaşdırmaq üçün əməliyyata başlayıb. Həmin qurup Kılıçdaroğlunun olduğu evi daşa basıb.


Şahin Cəfərli

Olayı şərh edən Şahin Cəfərli bildirib ki, olayların bu səviyyəyə gəlib çatmasına Milliyətçi Hərakat Partiyasının (MPH) lideri Dövlət Baxçalının açıqlamaları mühüm rol oynayıb: 

"Bu, İstanbulda seçkinin nəticələrini həzm etməyən hovuz mediasının apardığı kin-nifrət təbliğatının və MHP lideri Dövlət Baxçalının son günlər insanları təhrik edən çıxışlarının nəticəsidir. Bahxçalı bugünkü bəyanatları ilə hərarəti daha da yüksəltdi. O, prezident Rəcəb Tayyib Ərdoğanın "fikir ayrılıqlarımızı bir yana buraxaraq milli məsələlərdə Türkiyə İttifaqı olaraq hərəkət etməliyik" yanaşmasını rədd edərək ölkədə iki ittifaq - Cumhur və zillət ittifaqlarının olduğunu söylədi. Daha təhlükəlisi isə Baxçalının "qutudan çıxanı qəbul etmək zorunda deyilik" sözləridir. Türkiyə demokratiyası tarixində ilk dəfədir ki, bir siyasi lider seçkilərin nəticələrini rədd etməyin mümkünlüyünü vurğulayır. Ankaradakı hadisə göstərdi ki, hüququ, Ana Yasanı heçə sayan bu cür mövqe ölkədə vətəndaş qarşıdurmasının fitilini alışdıra bilər.


Dövlət Baxçalı

Baxçalı son illər, xüsusən 15 iyul 2016-cı il olayından sonra, özünü Türkiyə dövlətinin sahibi, qoruyucusu kimi aparmağa başlayıb. MHP hökumətdə təmsil olunmur və ölkədəki vəziyyətə görə məsuliyyəti üzərinə götürmür, amma Baxçalı pərdə arxasından dövləti idarə etməyə çalışır. Dövlətin müvafiq qurumları və qanuni hökumət gərək ona anlatsınlar ki, o qədər də deyil, çox irəli getməyin..."