Dünya 16:00 04.12.2021

Bayden Putinlə görüşə nə ilə gedir: Kökə və kötək... - Politoloq

"Bu təşəbbüs toplusunda Rusiyaya ən sərt sanksiyaların tətbiqiylə yanaşı, ona münasibətdə bəzi güzəştlər də nəzərdə tutula bilər”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri ABŞ Prezidenti Co Baydenin yaxınlarda olacaq virtual ABŞ-Rusiya sammitində Moskvanın aqressiv fəaliyyətini çətinləşdirəcək ən ambisiyalı və mənalı təşəbbüslər toplusunu hazırlaması barədə səsləndirdiyi fikrə münasibət bildirərkən deyib. Ekspertin sözlərinə görə, Baydenin bu açıqlaması onu göstərir ki, Ağ Ev Moskvaya münasibətdə iki istiqamətdə işləyəcək:
 


"Adətən hegemon dövlətlər digərlərinə münasibətdə həm kötək, həm də kökə sistemindən istifadə edirlər. Düşünürəm ki, Ağ Ev Rusiya ilə danışıqlarda əsasən məhz bu iki yolu təqdim edəcək. İlk növbədə Rusiyaya ən sərt və güclü sanksiyaların tətbiq oluna biləcəyi istisna deyil. Həta SWİFT pul köçürmə sisteminin beynəlxalq səviyyədə Rusiyanın üzünə bağlanması kimi ən ciddi sanksiyalar hədələyici tonda Moskvaya bildiriləcək”. 

Politoloq bildirir ki, ikinci yol münasibətləri yumşaltmaq istiqamətində olacaq. Bu isə onun fikrincə, bəzi məsələlərdə Rusiyaya güzəştlərin edilməsini özündə ehtiva edir: 

"Burada həmçinin, Rusiyanı aqressiv fəaliyyətindən çəkindirmək üçün bəzi güzəştlər haqqında da söhbət gedə bilər. Ola bilsin, müəyyən mənada postsovet məkanında Rusiyanın haqlarını Moskvaya tanımaq kimi güzəştlər ola bilər. Belə bir güzəşt Suriya məsələsində də gözləniləndir. Yaxın keçmişdə, ABŞ kürd PKK terrorçuları vasitəsilə tutduğu əraziləri Ankaraya deyil, Moskvaya təhvil verib. Bu faktın özü də göstərir ki, strateji seçim anında Rusiya ABŞ üçün nə qədər rəqib və düşmən dövlət olsa da, Türkiyə daha təhlükəli və arzuolunmaz inkişaf edəcək ölkə kimi təqdim olunur. Ona görə düşünürəm ki, Rusiyaya münasibətdə ABŞ-ın bu kontekstdə bəzi güzəştləri ola bilər. Qara dəniz və Sakit Okean hövzəsində də Kremlə bəzi güzəştlərin edilməsi gözləniləndir. Habelə Rusiya Çinlə münasibətlərdə ABŞ-la əməkdaşlıq edərsə, bu istiqamətdə də bəzi güzəştləri gözləmək olar. Yəni burada güzəşt və Rusiyanı gözləyəcək cəzalardan söhbət gedir”.

Rüfət Sultan