Xəbər lenti

Baydeni Putinlə ikinci görüşə nə təhrik etdi?
Hüseynbala Səlimov
Siyasət 11:32 06.12.2021

Baydeni Putinlə ikinci görüşə nə təhrik etdi?

Hüseynbala Səlimov

Etiraf edək ki, ABŞ prezidenti Cozef Baydenlə Rusiya prezidenti Vladimir Putinin tezliklə bir daha görüşəcəyi (bu dəfə virtual-elektron formatda!) haqda xəbər bizi elə də təəccübləndirmədi, baxmayaraq ki, prezidentlərin birinci görüşü elə də diqqətəlayiq olmamışdı – bəli, birinci görüşə böyük hazırlıqlar görünsə də, o, ciddi bir məqamla yadda qalmamışdı.

Birinci görüş ərəfəsində ruslar gizlətmirdilər ki, onlar üçün ən əsas məsələ görüşün baş tutmasıdır, çünki Kreml əhli üçün əsas olan məsələ problemlərin həlli yox, bu problemlərin həllinin Rusiyadan asılı olmasının etirafıdır, ona görə ki, bu, dolayı yolla Rusiyanın fövqəldövlət olmasının etirafıdır ki, bunun hər hansı formada etiraf olunması Kreml əhlinin ruhunu oxşayır.

Amma Rusiya–ABŞ təmaslarında bir məqam var ki, bu, heç də Kreml əhlinin könlündən deyil. Söhbət, bilavasitə Moskva ilə Vaşinqtonun münasibətlərindən gedir. Düzdür, son vaxtlarda bu müstəvidə də müəyyən yenilik var. Əvvəllər Rusiya–ABŞ münasibətlərində üçüncü gücə yer yox idi, elə bu səbəbdən də dünya bipolyar dünya adlanırdı. Di gəl, indi belə deyil, indi bura üçüncü güc də əlavə olunub – bəli, söhbət Çindən gedir. Ona görə də siyasi müşahidəçilər ABŞ–Rusiya münasibətlərinə ABŞ-Çin münasibətlərilə paralel baxırlar. Burada isə xeyli qanqaraldan məqam var. Bu yaxınlarda ABŞ prezidentinin Çin liderilə televiziya formatında görüşü oldu. Yekunda belə məlum oldu ki, ABŞ Çini özünün rəqibi hesab etmir və onunla konstruktiv təmasları davam etdirmək niyyətindədir. Bu günlərdə Pentaqon rəhbəri də bəyan etdi ki, ölkəsinin Asiya NATO-su yaratmaq, dünya ölkələrini "Ya ABŞ,  ya da Çin” kimi bir seçim qarşısında qoymaq niyyəti yoxdur. Bu isə o deməkdir ki, "dünya təhlükəsi” rolunda yenə də Rusiya qalacaq və ABŞ real və virtual təzyiq vektorlarını ona qarşı yönəldəcək.

Əlbəttə, bu, Rusiya üçün heç də ürəkaçan xəbər deyil. Amma ruslar öz əməllərini dayandırmaq niyyətində də deyillər: bir tərəfdən Belarusla "ittifaq dövləti” qurmaq sahəsində səyləri davam etdirir, digər tətəfdən də bu ittifaqa Ukraynanı da qatmaq üçün müharibəyə hazırlıq görürlər. 

Heç sözsüz ki, ruslar bu xəbərləri təsdiq etmir. Amma burada iki məqam var. Birincsi, niyə görə onlar on minlərlə əsgəri Ukrayna ilə sərhədə yığır, qurudan, sudan və havadan Ukraynanı mühasirəyə alırlar? İkincisi, nəyə görə rusiyalı jurnalistlər açıq mətnlə və açıq efirdə hansı Ukrayna dövlət və ictimaiyyət xadimlərini açıq məhkəmə ilə mühakimə edəcəklərini deyirlər? Üçüncüsü, niyə görə hətta xarici mənbələr iddia edir ki, ayın sonunadək qoşunların sərhədə toplanması bitəcək və ruslar Ukraynaya qarşı müharibəyə başlayacaqlar?..

Prezidentlərin birinci görüşündə də Ukrayna məsələsi önəmli olmalı idi. Amma bizə elə gəlir ki, o dəfə bu olmadı, çünki Ukrayna prezidenti Vladimir Zelenski Baydenlə Putinin görüşü ərəfəsində ABŞ rəhbəriylə görüşmək istədi, amma bu, alınmadı və Ukrayna prezidentinin arzusu yalnız iki böyük liderin görüşündən sonra baş tutdu. 

Bunu prinsipcə, başa düşmək olar: Bayden Putinlə görüşünü tamamilə Ukrayna məsələsinə tabe etmək istəmədi, baxmayaraq ki, bu məsələ ABŞ üçün çox vacibdir. Amma indi məqam başqadır. Demirik ki, görüş əsasən Ukrayna məsələsinə həsr olunacaq, amma aydın məsələdir ki, o, ən əsas məsələlərdən biri, hətta bəlkə də ən əsası olacaq.

Hiss olunanı budur ki, Co Bayden Rusiya ətrafında tələ qurmaq və bu ölkəni hansısa böhranlı vəziyyətə təhrik etmək istəyir. Amma düşünmürük ki, bu, Ukrayna məsələsi olsun, çünki Rusiya Serbiya deyil və NATO 90-cı illərdə olduğu kimi bu ölkəni bombalaya bilməz. Amma ABŞ və NATO Rusiyanın Ukrayna ətrafına qoşun toplamasında da biganə deyil: ABŞ hərbçiləri münaqişə zonasına səfərlər edir, tez-tez çox kəskin bəyanatlar verirlər. Bunlar isə bilavasitə isti müharibənin olmasa da, buz kimi soyuq müharibənin başlanğıcı deyilmi?..

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->