Bayramdan sonra işə qayıtmaq həmişə asan olmur. Uzunmüddətli tətildən sonra insanlar işə çox vaxt motivasiyasız, yorğun və emosional olaraq gərgin dönürlər. Uzun tətil günləri boyunca gündəlik işdən uzaqlaşmaq insanın psixologiyasını dəyişdirir. Bu səbəbdən iş həyatına qayıdanda ilk günlərdə diqqət toplamaq çətin olur, motivasiya azalır və stress səviyyəsi yüksəlir. İş yeri və vəzifə məsuliyyətlərinin ağırlığı adaptasiya prosesinə əlavə yük gətirir və bəzən insanlar tətil sonrası günlərdə özlərini həm fiziki, həm də psixoloji olaraq yorğun hiss edirlər.
Bayramdan sonra işçilərin emosional vəziyyəti niyə bu qədər dəyişir? Adaptasiya çətinliyi nə qədər davam edir?
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Qaynarinfo-ya bildirib ki, bayram öncəsi və sonrası dövrlər çalışan insanlar üçün xüsusi adaptasiya mərhələsi hesab olunur:
"Bu dövrdə emosional vəziyyətlər və motivasiya səviyyəsi dəyişkən olur və bu, tamamilə normal psixoloji reaksiyadır. Bayramdan sonra işə qayıdan insanların ən çox yaşadığı emosional vəziyyətlərdən biri "psixoloji eniş” kimi xarakterizə olunur. Bayram günləri adətən daha sərbəst rejim, sosial ünsiyyət, ailə ilə vaxt keçirmə və daha az məsuliyyətlə müşayiət olunur. Bu isə beyində dopamin və serotonin kimi "məmnunluq hormonlarının” artmasına səbəb olur. İşə qayıdış isə yenidən struktur, məsuliyyət və tələblərlə üzləşmək deməkdir. Bu kəskin dəyişiklik nəticəsində insanlarda yorğunluq, həvəssizlik, emosional boşluq və hətta yüngül narahatlıq hissi müşahidə oluna bilər”.
Psixoloq deyir ki, bayramdan qayıdan insanların motivasiyasının azalmasının əsas səbəbi məhz bu kontrast effektidir:
"İnsan beyni rahatlıqdan sonra yenidən intizamlı rejimə keçidi dərhal qəbul etmir. Digər tərəfdən, bayram zamanı yuxu rejiminin pozulması, fiziki aktivliyin azalması və qidalanma vərdişlərinin dəyişməsi də enerji səviyyəsinə birbaşa təsir edir. Nəticədə insan işə başlasa belə, əvvəlki məhsuldarlıq səviyyəsinə dərhal qayıda bilmir. İş yeri və vəzifə stressinin adaptasiyaya təsiri isə burada həlledici rol oynayır. Əgər insanın işi yüksək məsuliyyətli, intensiv və psixoloji təzyiq yaradan mühitdədirsə, adaptasiya prosesi daha çətin keçir. Xüsusilə iş yerində dəstək mexanizmlərinin zəif olması, rəhbərliklə münasibətlərin gərgin olması və ya iş yükünün qəfil artması adaptasiya müddətini uzadır. Əksinə, dəstəkləyici iş mühiti, mərhələli işə qayıdış və realist gözləntilər bu prosesi xeyli asanlaşdırır”.
Elnur Rüstəmov bildirib ki, bayram tətilindən sonra işə qayıdarkən adaptasiya çətinliyinin müddəti fərdi xüsusiyyətlərdən asılı olaraq dəyişir:
"Adətən bu proses bir neçə gündən bir həftəyə qədər davam edir. Lakin bəzi hallarda, xüsusilə yüksək stressli işlərdə və ya emosional tükənmişlik yaşayan şəxslərdə bu müddət daha uzun ola bilər. Əgər insan iki həftədən artıq davam edən motivasiya itkisi, davamlı yorğunluq və işə qarşı laqeydlik hiss edirsə, bu artıq daha dərin psixoloji faktorların göstəricisi ola bilər və diqqətlə yanaşılmalıdır”.
Elnur Rüstəmov son olaraq vurğulayıb ki, bayramdan sonra işə qayıdış dövrünü "yenidən uyğunlaşma mərhələsi” kimi qəbul etmək vacibdir:
"Bu mərhələdə insan özündən dərhal yüksək performans gözləməməli, iş rejiminə tədricən daxil olmalı, yuxu və gündəlik rejimini bərpa etməli və psixoloji olaraq özünü hazırlamalıdır. Bu yanaşma həm emosional sabitliyi qoruyur, həm də uzunmüddətli məhsuldarlığı təmin edir”.
Günay İlqarqızı
Şərhlər