Könül Nuriyeva
phrase_var_qaynar. 13:42 25.08.2021

Bəh-bəhlə xeyirxahlıq adlandırdığımız...

Könül Nuriyeva

Cavan yaşında özünə ən yaxın rəfiq, dost tapan, ona emosional və intellektual şəkildə bağlı olan Monten deyirdi: "Mən Etyen de Böesiylə münasibətimi mükəmməl və bölünməz adlandırıram". 
 
Mən də Montenə sual vermək istəyirəm: "Dostluğun kökündə xeyirxahlıq varmı?"

Varsa, o tam mənasıyla nədir, necə olmalıdır?  Monten deyir: "Nə deyirlər desinlər, hətta xeyirxahlığın özündə belə son məqsəd ləzzətdir. Bu sözü işlətməklə onu qəti şəkildə qəbul etməyən insanları qıcıqlandırmaq xoşuma gəlir. Həmin söz həqiqətən də həzz və məmnunluğun ən yüksək dərəcəsini ifadə edirsə, belə olan halda ləzzət hər şeydən çox xeyirxahlığın nəticəsidir. Zirək, güclü və mərd olmaqdan alınan ləzzət daha şirin olur..."

O düz deyirdi,  razıydım, əlavələrim də vardı: xeyirxahlığın nəticəsinin ləzzətə bağlanması bəlkə də özümüzə etiraf etməkdən çəkindiyimiz vacib fikirlərdən biridir. Sorğu aparsaq yüksək faizlə insanlar bəh-bəhlə əməllərini sayacaqlar. Fikir vermişəm, insanlar keçirdikləri, artıq bitmiş, illər əvvəldə qalmış xəstəliklərini və etdikləri yaxşılıqları tələsmədən, detallı şəkildə danışırlar. Soruşan gərəkdir ki, sənin xəstəliyin, onun tibbi tarixçəsi mənə lazımdırmı? Bəlkə sən xəstəliyindən danışanda mən qorxuram, bəlkə empati duyğularının aşırılığı səbəbindən söylədiklərini canımda hiss edirəm? Bitib, əzizim, bitib! Bitmiş xəstəlik haqqında söhbətin, elə etdiyin xeyirxahlıqdan uzun-uzadı bəhs etməyin qədər maraqsızdır. 

Yaxşılıq etmisənsə, bunu xeyirxah təbiətinlə əlaqələndirirsənsə, söyləmədiyin müddətdə daha qapalı, daha xoşniyyətli cilddə qalmırmı?

Təbii ki, insan danışmaq istəyir. Özündən özünə danışmaq yerinə qonşusuna, avtobusda yanında təsadüfən əyləşən birinə, sosial şəbəkədə ilk dəfə söhbət etdiyi birdəfəlik həmsöhbətlərə. Niyə?

Çünki, ləzzət alır. Çünki, özünün mənfi cəhətlərini bilir. Lakin dar ağacına çəksən də etiraf etməyəcəyi, ya da sadəcə bunu dərk etmək qabiliyyəti olmadığı üçün, etdiyi yaxşılıqdan bəhs etməklə özünün eyiblərini sığallayır. Həm də istəyir ki, həmsöhbəti də onu tərifləsin. Nəticə yenə həzzə istiqamətlənir. Sonra da Freydi qınayırlar ki, guya düz deməyib. Freyd insanın bütün sıxıntı və şadyanalığını həzzlərlə əlaqələndirirdi.

Xeyirxahlıq etmək, onun haqqında bəhs etmək, yekunu həzzlərlə bağlamaq - bütün bu halların da kökü var, olmalıdır axı. 

Görəsən, ilk səbəb kimi bayağı və təhlükəli ovqatı hesab etsək? Xeyirxahlıq etməyin xoşbəxtlik hormonları yaratdığını söyləyənlər, nə vaxt uydurdular bu fikirləri? Xeyirxahlıq edəndə bədəndə, qanda, düşüncədə yaranan müsbət dəyişikliklərin necə böyük qüvvələr olduğunu canında hiss edənlər, növbəti yaxşılığa səbirsizliklə can atırlar. Çünki, hamı xoşhal olmağı çox istəyir, lap çox!
 
Hətta bəzi hallarda maddiyyata düşkün olanlar, artıq pulun onlara həzz vermədiyini görüb, pulunu köməyə çevirməkdən həzz götürürlər. Sərmayə, mülk, varislik, acgözlük, gələcəyi düşünmək yox, məhz həzz. Almaq yox, məhz götürmək...

İkinci səbəb isə ölümlə razılığın, ölümə münasibətin həll olmamasıdır. Ölümü qəbullanmamaqdır, onun tez və ya gec gəlməsi arasında böyük fərqin olmamasıdır, xeyirxahlığın ölümü yubatmamasıdır.

Digər səbəb dinin sətiraltı olaraq həyata nifrət, o biri dünyaya diqqət toxumları səpməsidir. 

Daha bir səbəb başqasına ziyan vurmağın nəticəsində, bir başqasına xeyir vetməkdir.

Ya da yaxınlarından biri xəstədirsə, sən də onun sağalması üçün həm maddi, həm mənəvi əziyyət çəkir, sonda o sağalır, yaxud ölürsə, sən rahatlıq tapırsan. Etdiklərini bir-bir sayır, necə köməkdar olduğunu önə çəkir, sanki üzərindən vicdani narahatlığı götürürsən. Etdiyin xeyirxahlıq sənin rahatlığına gedən yoldursa, dolayısıyla qohumlar, dostlar, yaxın adamlar rahatlığını, həzzini pozanlar deyilmi?

Yaxud da, sevirəm dediyin adam sənin istəklərinə cavab vermədiyi gün, sənin istədiyin adam olmadığı gün, həzzinin bitdiyi gün sayılmırmı? Bu səbəbdən - həzzinə düşkün olduğun üçün ondan ayrılmırsanmı? Ola bilirsənsə, ol xeyirxah! Yalnız onu düşünən, özünü unudan birisənsə, ayrılma... Alınmır! 

Çünki, biz nəticə etibariylə xeyirxah deyilik. Ondan danışan boşboğazlarıq. Xeyirxahlıq da uydurulmuş anlayışlardan biridir.  

Gözlərinin yaşını sildiyimiz, övladını itirmiş ana haqqında fikirləşmək yerinə, onun evinə apardığımız yardımdan sonra, yolboyu ya öhdəliyimizi yerinə yetirdiyimiz, ya da necə yaxşı biri olduğumuz barədə düşünürük.
  
Yunan komediyasında deyildiyi kimi, dünyada elə bir həkim yoxdur ki, hətta ən yaxın dostunun belə sağlam olduğuna sevinsin, elə bir hərbçi yoxdur ki, öz doğma şəhərinin belə qonşu şəhərlərlə dostluğundan şad olsun. Sonda da, elə ta başdan bəri də hər birimiz o adamları, o filmləri, o işləri həyatımıza gətiririk ki, onlardan ləzzət ala bilək. Estetik olsun deyə, zövq adlandırırıq. 

Ümumiyyətlə isə yaxşı adam haqqında fikirlərə bir əlavəm də var. Tutaq ki, mənim atamın maşını var. O qonşuları pulsuz-parasız, sırf xeyirxahlığı düşünmədən həkimə, təcili vacib olan yerlərə aparır. Gecə beşdə də olsa, gündüz ən isti havada da olsa. Evə gələndən sonra bu haqda deyinmir, kömək elədiyi adamlara minnət qoymur. Və bu davranışını - maşını ətrafındakıların istədiyi anda hər yerə sürməyini xeyixahlıq adlandırmaq olarmı? O yaxşı adam hesab edilirmi? 

Bu davranışdır, vərdişə çevrilmiş davranış. Səhər əl-üzünü yumaq kimi, günorta yemək yemək kimi, dostlarla görüşmək kimi, yatmaq kimi. Mahiyyətinə varmaq yadımıza düşməyən digər vərdişlər kimi.

Tam mənada olmasa da, müəyyən mənada yaxşı adam isə maşın sürməkdən xoşu gəlməyən, istiyə dözümü olmayan, benzinə pulu çatmayan adamdır ki, o bütün bu saydıqlarımı gözə alaraq ətrafına kömək edir. Özünə güc gəlir, içindəki etirazı, istəksizliyi boğur. Öz həzzlərini arxa plana keçirir. Etiraz etməməklə özünün üzərində qalib olur.

Amma, bu qalibiyyətin, özünü məğlub etməyin kökündə də həzz var axı?!...

Oxşar xəbərlər