Xəbər lenti

Rusiya artıq NATO ilə müharibəyə hazırdır: General Qərbi təhlükəli illüziyalarda ittiham etdi
Dünya 19:19 20.03.2026

Rusiya artıq NATO ilə müharibəyə hazırdır: General Qərbi təhlükəli illüziyalarda ittiham etdi

Rusiya Ukraynadakı müharibə başa çatan kimi Estoniyaya qarşı məhdud hərbi əməliyyata başlaya bilər. Qərb isə Moskvanın belə addım üçün illərlə hazırlaşmalı olduğu barədə yanlış təsəvvürə malikdir. 

Qaynarinfo xəbər verir ki, bu fikirləri Estoniya Silahlı Qüvvələrinin 2018–2024-cü illərdə rəhbəri olmuş sabiq general Martin Herem Polşanın "Wirtualna Polska” nəşrinə müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, əsas məsələ Rusiyanın bərpa olunması üçün vaxta ehtiyac duyması deyil, hazırda artıq belə bir əməliyyata hazır olmasıdır.

"Əsas sual odur ki, Ukraynadakı aktiv mərhələ nə vaxt başa çatacaq. Məhz bundan sonra zaman hesablanmalıdır. Əgər döyüşlər sabah dayansa, bizim bir ilimiz ola bilər. İki ildən sonra bitsə, üç ilimiz olacaq. Özümüzü aldatmamalıyıq ki, daim təhlükəsizlik buferimiz var”, deyə Herem bildirib.

Məhdud əməliyyat ssenarisi

Generalın fikrincə, ilkin mərhələdə Rusiyanın məqsədi Estoniya və ya Polşanı tam işğal etmək deyil, NATO ölkələrində daxili sabitliyi pozmaq olacaq.

O qeyd edib ki, məsələn, Estoniya və ya Latviyanın kiçik bir ərazisinin qısa müddətə işğalı belə kifayət edə bilər. Bu, ağır döyüşlərə, dağıntılara və cəmiyyət daxilində narazılığa səbəb ola bilər.

"Biz ərazini geri qaytarsaq belə, bu ‘çirkin qələbə’ olacaq. Şəhərlər dağıdılacaq, ölkə daxilinə hücumlar xaosu artıracaq. İnsanlar ‘hazır idikmi?’ sualını verəcək və cavab ‘xeyr’ olacaq. Daha sonra günahkar axtarışı başlayacaq – generallar, nazirlər, müttəfiqlər. Bu isə etimadsızlıq və qeyri-sabitlik yaradır. Rusiyanın istədiyi də məhz budur”, deyə o vurğulayıb.

Heremin sözlərinə görə, Moskva belə ssenaridə NATO-nun Rusiyanın daxilinə hücum etməyəcəyini yaxşı anlayır. Bu səbəbdən xaos yaradıldıqdan sonra Rusiya öz şərtləri ilə "sülh” təklif edə bilər.

Aydın

--> -->