Xəbər lenti

Belarusda seçki: Qərblə Rusiya, yoxsa Rusiya-Rusiya qarşıdurması? (ŞƏRH)
Dünya 17:50 10.08.2020

Belarusda seçki: Qərblə Rusiya, yoxsa Rusiya-Rusiya qarşıdurması? (ŞƏRH)

"İndiki halda Lukaşenkonun vəzifəsində uzun müddət qalacağı o dərəcədə inandırıcı görünmür”.

Bunu Qaynarinfo-ya açıqlamasında analitik İlkin Həsənli Belarusda baş verən prezident seçkilərinin nəticələrini şərh edərkən deyin. İlkin Həsənli Belarusda növbəti prezident seçkisinin baş tutduğunu və seçkidə böyük müdaxilələr hesabına belə olsa, hazırkı prezident Aleksandr Lukaşenkonun qalib gəldiyini deyib:

"Əslində seçkidə Lukaşenkonun qalib gəlmək şansları vardı. Məsələ odur ki, Belarusdakı son seçki Qərblə Rusiya qarşıdurmasının təzahürü deyildi. Çünki ölkədə mübarizə aparan əsas iki tərəfin heç birinin Qərbə yaxınlığı-filan yoxdur. Lukaşenkonun rəqibi olan Tixanovskaya və ətrafının Moskva ilə əlaqələri çox güclüdür. Ən azından Tixanovskayanın ətrafında Çepkalo və Babarikonun (hər ikisi prezidentliyə namizədliyini versələr də, sonradan müxtəlif formada bundan məhrum ediliblər) həyat yoldaşları yer almışdılar. Belə ki, Babariko Rusiyaya tabe olan "Belqarprombank”ın rəhbəridir, Çepkalo isə hazırda Moskvada mühacirətdədir. Bu seçkidə maraqlı olan əsas məqamlardan biri Lukaşenkonun dərhal mövqe dəyişdirməsiylə bağlı idi. Məsələ odur ki, seçkidən öncə Lukaşenko israrla Rusiya ilə bağlı sərt iddialar səsləndirirdisə, indi o iddiaların yönü bir qədər dəyişməyə başlayıb. Ən azından görünən odur ki, Lukaşenko ilə hansısa formada razılıq var və Moskva hələlik onun getməsində maraqlı deyil. Bunun qarşılığında Lukaşenkonun nə isə verməsi məsələsinə gəlincə isə Belarus lideri Moskva üçün lazımlı olan güzəştlərin əksəriyyətinə razılıq verib”.

Analitikin fikrincə, Qərb Lukaşenkonun hakimiyyətdə qalmasına hələlik razıdır: 

"Ona görə ki, Qərbin başı yetəri qədər özünə qarışıb və hələlik Lukaşenkonun balans yaradacaq qüvvə kimi Belarusda qalması ona sərf edir. Burada əsas məsələ Lukaşenkonun vəzifədə uzun müddət qalıb-qalmayacağıdır. İndiki halda Lukaşenkonun vəzifəsində uzun müddət qalacağı o dərəcədə inandırıcı görünmür. Yəni, müxalifət indiki formada fəaliyyətini davam etdirsə, o zaman proseslərin davamlı olacağını söyləmək mümkündür. Amma müxalifətin sıradan çıxmaq ehtimalı da var”.

İlkin Həsənli hesab edir ki, Belarusda əhalinin etirazı işsizlikdən daha çox siyasi azadlıqların olmamasıyla bağlıdır: 

"Bu isə o deməkdir ki, bu insanların itirəcək çox şeyləri var. Yəni hər şey Moskvanın müxalifətə verdiyi dəstəklə bağlı olacaq. Bilinən tək şey odur ki, Lukaşenkonun budəfəki prezidentliyi elə də asan keçməyəcək. Dünənki aksiyalar göstərdi ki, Belarusda istənilən an küçələri doldurmaq mümkündür və Lukaşenkodan narazı olan kifayət qədər vətəndaş var”.

Lukaşenkonun seçkidən sonra yumşalacağı məsələsinə gəlincə, analitik bunun inandırıcı olmadığını deyib:

"Belarus lideri çox gözəl anlayır ki, istənilən yumşaqlıq onun hakimiyyətini yerindən laxladacaq. Məncə, o, sərt siyasətini bundan sonra da davam etdirəcək, amma yenə də vurğulayıram ki, bu sərt siyasət bir yerə qədər davam edəcək. Çünki Lukaşenkonun indiki halda prezidentliyi dönəmində kürsüsündə sona qədər qalmayacağı ehtimalı çox güclüdür”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->