Belarus prezidenti Aleksandr Lukaşenko bu günlərdə ölkəsinin hərbi sənayesinin 300 kilometr mənzilli yeni operativ-taktiki raketlər üzərində işlədiyini açıqlayıb.
Qaynarinfo virtualaz.org-a istinadən xəbər verir ki, Lukaşenko Minskin təcavüzkara "sarsıdıcı zərbə” vurmaq üçün öz raketini yaradacağını deyib.
Belarus prezidenti bu haqda mayın 22-də Minskdəki "OKB TSP” istehsalat birliyinin təcrübə-sınaq sahəsinə baxış keçirərkən danışıb. Orada Belarus prezidentinə müəssisənin hazırladığı yeni raketin nümunəsini təqdim ediblər.
Onun sözlərinə görə, raket qitələrarası və nüvə başlığı daşıyan olmayacaq, müdafiə təyinatlı olacaq. Lukaşenko əlavə edib ki, koronavirus pandemiyasına baxmayaraq müharibələri heç kim təxirə salmayıb, ləğv etməyib və müharibəyə ən yaxşısı dinc dövrdə hazırlaşmaq lazımdır.
Belarus prezidenti onu da deyib ki, Rusiya yeni raketin hazırlanmasında Minskə dəstək vermir və öz poliqonlarını həmin raketin sınaqları üçün icarəyə vermək istəmir. "Çindən fərqli olaraq”,-o deyib. Lakin Lukaşenko Belarusun Rusiya qarşısında diz çöməyəcəyini və raketi öz güclərin yaradacaqlarını deyib.
Belarus politoloqu Dmitri Bolkunets bildirir ki, həmin raket Çin istehsalı olan operativ-taktiki raketin bazasında yığılır. Sentyabr ayına qədər 300 kilometr mənzilli həmin raketin təcrübə nümunəsini buraxmaq planlaşdırılır. Politoloq qeyd edib ki, həmin raketlər həm də ixraca yönəldiləcək, potensial müştərilər isə Azərbaycan və Ukraynadır.
Belarusun Dövlət Hərbi Sənaye Komitəsinin sədri Roman Qolovçenko deyib ki, Minsk "sovet və Rusiya raket kompleksinin modernizasiyası” anlayışından kənara çəkilib, öz raket kompleksini yaratmağa başlayıb. Çatışmayan yeganə detal isə idarəolunan zenit raketləri idi. Belə raketlərin ilk sınağı fevralda keçirilib, indi təkmilləşdirmələrsən sonra yeni sınaqlara hazırlıq görülür.
Belarus hərbi sənayesi hazırda Çin raketlərinin yığılmasını həyata keçirir və bu baxımdan təxmin edilir ki, indi Lukaşenkonun bəhs etdiyi fərqli raketdir, ola bilsin Rusiyanın "İsgəndər" raketlərinin analoqudur.
Qeyd edək ki, Azərbaycan 2018-ci ildə Belarusdan "Polonez” operativ-taktiki raket komplekslərini əldə edib. Bu komplekslər hazırda ordunun silahlanmasında yer alır və Çin istehsalı olan 301 mm kalibrli A200 raketlərlə təchiz olunub. Həmin raketlərin hədəfi 200 və 300 kilometr (hətta bəzi məlumatlara görə 400 km.) məsafədən yüksək dəqiqliklə vuran modifikasiyaları mövcuddur. Hazırda bu komplekslər üçün raketlərin yığılması Belarusda da həyata keçirilir.
Şərhlər