Ölkə 18:19 28.10.2021

Belə bir sənəd məzunların daha sürətlə iş tampasına kömək edəcək – Ekspert

"Belə bir sənədin verilməsi məzunların əmək bazarında daha sürətlə işlə təmin olunmalarına gətirib çıxaracaq. Onlara daha yaxşı işlə təmin olunmaq üçün daha çox imkan verəcək. Eyni zamanda, işə götürənlərə həmin şəxsləri daha rahatlıqla seçmək imkanı verir”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun məzunlara diplomla yanaşı, onların bacarığını göstərən yeni sənədlərin verilməsinə ehtiyacın olduğu barədə səsləndirdiyi fikirlərə dəstək verərkən deyib:  

"Yanaşma doğrudur. İnkişaf etmiş ölkələrdə, Cənubi Koreya, Sinqapurda bu metod tətbiq edilir. İnsanların tək biliyi deyil, bacarığı da qiymətləndirilir. Məsələn, maliyyə ixtisası üzrə təhsil alan eyni zamanda, digər bacarıqlara, menecment və yaxud İKT bacarığına da malik ola bilər. Ali təhsil müəssisəsi tələbənin biliyilə bərabər, onun bacarığını da qiymətləndirdikdə, əmək bazarına daxil olan şəxs əldə etdiyi ixtisasla yanaşı, digər kompetensiyalara da malik olur. Yaxud informasiya texnlogiyaları ixtisası üzrə oxuyana universitet həmçinin qrafik dizaynını bildiyi barədə sənəd də verir”. 

Həmsöhbətimiz mövcud vəziyyəti analiz edərək bu qənaətə gəlir ki, yaxın zamanlarda Azərbaycanda da tələbələrə biliklə yanaşı, həmçinin bacarıqlarını göstərən sənədlər də veriləcək:
 
"İndiki halda görürük ki, ali təhsil müəssisələrini bitirən şəxslərin yalnız 42 faizi ixtisas üzrə işləyir. Deməli, 58 faizi digər sahələrdə çalışır. Amma onların həmin çalışdıqları sahədə bacarıqlarının olmasını əks etdirən sənəd yoxdur. Ona görə də məzunların bacarıqlarını göstərən yeni sənədlərin verilməsi də zəruridir. Məsələn, informasiya texnologiyası, kompüter mühəndisliyi, informasiya təhlükəsizliyi ixtisası üzrə diplom alanlara informatika müəllimi bacarığını əks etdirən sənədi də vermək olar”.
 
Rüfət Sultan