Xəbər lenti

Hüseynbala Səlimov
Dünya 10:00 25.12.2023

Bəlkə sıravi amerikalılar belə istəyir?..

Doğrusu, bilmirəm, sonu necə olacaq, bu adam prezidentliyə namizəd, xüsusən də prezident ola biləcəkmi? Bildiyim odur ki, ABŞ-da rəsmən elan olunmamış prezident seçkilərinin bir qəhrəmanı var, o da keçmiş prezident Donald Trampdır. 

Bəli, indiki prezident Co Baydenin reytinqi gündən-günə düşür, əvəzində isə Trampın reytinqi qalxır. Elə bu səbəbdən də Trampa qarşı gündə bir məhkəmə prosesi başlayır. 

Ən əsası da budur ki, bu, təkcə iki siyasi düşərgə arasındakı üç əsrlik siyasi mübarizə deyil – söhbət ənənəvi ABŞ maraqları ilə bu maraqlara tamamilə yeni yanaşma arasındakı dərin siyasi çəkişmədən gedir.

Bəli, Donald Tramp qətiyyən istisna etmir ki, onun hakimiyyətə gəlişi dünya geosiyasət müstəvisində kardinal dəyişikliklərə səbəb olacaq – mümkündür ki, ABŞ NATO-da qalıb-qalmamaq məsələsinə yenidən baxacaq, Rusiya ilə mövcud əlaqələr təzədən təftiş olunacaq. 

Qeyd edək ki, bütün bunların qarşısını almaq üçün Trampa qarşı təkcə cinayət işləri açılmır. Məsələn, bu günlərdə deyildi ki, Konqres NATO ilə bağlı xüsusi düzəliş qəbul edib – belə ki, prezident ölkənin NATO-dan çıxması ilə bağlı yalnız senatorların üçdən ikisinin dəstəyilə qərar verə bilər...

Trampın NATO ilə bağlı iki əsas yanaşması var. Birincisi, o, üzv ölkələrin blokdaxili müdafiə xərclərinin artırılmasını tələb edir – bu, onun minimum tələbidir. Qeyd edək ki, bu tələbi anlamaq mümkündür, Avropa ölkələri daha İkinci Dünya müharibəsindən təzə çıxmış ölkələr deyil, onlar artıq varlı-karlı dövlətlərrdir və özlərinin müdafiəsi üçün daha çox xərcləyə bilərlər. 

İkincisi, maksimum tələbdir – D.Tramp hesab edir ki, Avropa dövlətlərini Rusiyadan qorumağa ehtiyac yoxdur, ona görə ABŞ-ın bu ölkələrin müdafiəsi üçün xərclədiyi vəsaitləri onlar Rusiyayla müxtəlif ticarət əməliyyatlarına sərf edir, Moskvadan neft və qaz alırlar. 

O ki qaldı Rusiyaya, Tramp belə hesab edir ki, ABŞ üçün təhlükə Moskvadan yox, Pekindən gəlir. Buradan belə nəticə çıxarmaq olar ki, D.Tramp əslində geosiyasi çəkişmələrdən imtina etmir, sadəcə, vektorların dəyişməsini təklif edir. Amma bu məsələdə o, nə qədər haqlıdır? Bizə elə gəlir ki, qətiyyən haqlı deyil. Son illərdə Pekin böyük iqtisadi sıçrayış edib, amma o, ən azı hələ ciddi geosiyasi aktora çevrilməyib. Elə bu səbəbdən sual yaranır: Çinin təqsiri nədir ki, ABŞ Rusiyanı yox, onu hədəfə götürsün? Məsələ də bundadır ki, Çinin hələlik bir günahı var, o da budur ki, "səmaaltı imperiya” son vaxtlarda xeyli varlanıb. Doğrudanmı, bu, böyük günahdır?..

Bir daha Rusiyaya gəlincə, Trampın Ukraynaya münasibəti həmişə neqativ olub. O, prezident olduğu dövrlərdə Krımı Rusiyanın ərazisi hesab edir və NATO-nun sammitlərində açıq-aşkar Ukraynanı söyür və onu korrupsioner ölkə adlandırırdı. Ona görə də bir məsələ şübhəsizdir: o, hakimiyyətə gəlsə, Ukrayna müharibəsini dayandıracaq və bəlkə də bu məsələdə bir az da uzağa gedəcək. Təsadüfi deyil ki, Putin də Qərb ilə bazarlaşmağa və Ukraynanı bölməyə hazır olduğuna işarə edir...

Bütün bunlar nəyi göstərir? Bir daha görürsən ki, söhbət ABŞ-ın geosiyasi maraqlarından irəli gələn zərurətdən yox, sadəcə, Amerika eqoizmindən gedir – bəli, Çin son vaxtlar irəli gedib, deməli, onu vurmaq lazımdır ki, ABŞ-ı ötməsin! Bəli, qoy, Avropa ölkələri özləri öz problemlərini həll etsinlər, onlara görə Vaşinqton Moskva ilə çəkişəsi deyil! Hətta Trampın mühacirlərlə bağlı siyasəti də orta statistik amerikalı eqoizminə yönəlib. Ən çox narahatlıq doğuran budur ki, sıravi amerikalılar da bunu istəyir – onlar indi hamıdan çox özlərini düşünür və özləri kimi düşünən prezidentə səs vermək istəyirlər...

O ki qaldı Donald Trampın yenidən hakimiyyətə gəlişinin Cənubi Qafqazlara təsirinə, bu baş tutsa, ABŞ burada Rusiya ilə vuruşmayacaq. Tramp hakimiyyətdə olanda bir Amerika yetkilisi Paşinyanı qəbul etməmişdi. Onun bölgəyə səfər edən köməkçisi Con Boltonun isə Nikola bir məsləhəti olmuşdu: regional siyasətinizi dəyişin...

Hüseynbala Səlimov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->