Xəbər lenti

Sİ BMT-də
Məqsəd Nur
Dünya 12:05 27.09.2025

Sİ BMT-də

Donald Trampın BMT-də çıxışı mesajlarla dolu idi. Populizm bir yana, diqqətlə yanaşmalı olduğum iki məsələni beyin dəftərimin sol küncünə yazmalı oldum. 

Əvvəlcə digər məsələlərə diqqət edək. Sən demə, BMT heç bir işə yaramırmış. Mən bu sözü otuz ildən çoxdur, yasda və toyda rast gəldiyim əksər kəlbəcərlilərdən eşidirəm. Həmçinin digər rayonlardan olan məcburi köçkünlər ATƏT barədə də eyni sözü deyirdilər. ATƏT bizdən getdi. BMT lazımdırmı? 

Əslində cavabına əşhədü-ehtiyacımız olan bu sualla da dünyanın ən böyük ordusuna və silah arsenalına sahib olan ABŞ prezidenti elə dünyanın özünə müraciət etmək istəyirdi. Sadəcə qırmızı xətti keçməyib dayandı. Yaxşı, əgər lazımdırsa, hansı formada, necə, nə cür lazımdır, bu BMT? Bax, Tramp da bu necəliyi, nəcürlüyü demək istəyirdi. 

Həmişəki ritorika və kinayə ilə olsa da, Tramp dedi ki, BMT illərdir üzv dövlətlərdən, fondlardan pul toplayır, büdcə formalaşdırır, çığır-bağır salır, az qala dünyanın hər yerində hər işlə məşğul olur, lakin: Böyük Köç dayanmır, Ukraynada hər gün 5-7 min insan ölür, Qlobal İstiləşmə yalan imiş, guya 1989-cu ildə bu istiləşmə ucbatından bir qitə yox olacaqmış və bütün bu hay-küyçülərin sələfləri ötən əsrin əvvəllərində də Qlobal Soyuqlaşma barədə danışırmışlar, daha sonra Karbon Böhranına keçiblər, amma Barak Obama Karbon Böhranından danışa-danışa atmosferə güclü karbon tullayan təyyarə ilə uçurmuş...  

Bax belə. Az qala adamın ayaqları yerdən üzülür. Buna nə deyəsən? Qlobalizmin, Demokratiyanın sonu, yoxsa bu gözəl dünyamızı gözləyən xaosun, diktaturanın, kütləvi silahlanmanın başlanğıcı?
 
Qəribədir, hətta ingilisdilli media da Trampın toxunduğu məsələlərin üstündən sükutla keçdi. Onun dolayısı ilə "fırıldaqçı"lıq adlandırdığı qlobal istiləşmə məsələsi ilə məşğul olan qurumlar, institutlar, alimlər, mütəxəssislər barədə dünya mediası elə də hay-küy salmadı. Niyə? Ya həmişəki kimi, ABŞ prezidentini ciddiyə almamağa qərar verdilər, ya da kimsə "olmaz" düyməsini basdı. 

Trampın sözlərinə inansaq, belə çıxır ki, ötən əsrin elmi və ailmləri bizi aldadıb, bəşəri dəyərlərimizi biznezə satıb. İndi biz elmə, alimə və onun vicdanına necə inanaq? Bəs Trampa necə inanaq? 

Düzünə qalsa, təvazökarlıq və "ciddilik" (heç bilmirəm, bu kəlməni mövcud kontekstdə necə indeksləşdirim) baxımından hərdən Trampa baxıb qoca Baydeni xatırlamalı oluram. Bəlkə, Baydenin "ciddi"liyi başımızın altına yastıq qoyub standart sözlərlə, yalançı təhdidlərlə bizi yaxşıca idarə etməkdən ibarət imiş? 

Gəlirəm əsas iki məsələyə. O iki məsələyə ki, beyin dəftərimin sol küncünə yazmalı olmuşam: 1. Biloji silahlanma. 2 Sİ (Süni İntellekt) silahlanması. Tramp çox açıq şəkildə hər iki silahlanmanın sınaqdan keçirildiyini və bunların dünya üçün ciddi təhlükə ola biləcəyini dedi. 

Deyəsən, bu barədə o çox ciddi danışır. Ki, buna da inanmamaq mümkün deyil. Məncə, infeksion xəstəliklərin Çində və ya digər laboratoriyalarda "istehsal" edilərək dünyaya yayılması barədə bundan əvvəl də Trampın dedikləri ciddiyə alınmalıdır. 

Bəs Sİ? Artıq Sİ (Süni İntellekt) söhbəti BMT-yə də gəlib çatdı. Daha doğrusu, Sİ-nin hərbi məqsədlərlə istifadə edilməsi və bunun yaradacağı təhdidlər. Axı indi Sİ hər yerdədir - evimizdə, həyatımızda, ovuclarımızın içində... Az qala onu ürəyimizin başına qoyub yatır, övladlarımızı onunla oynadır, sevindirir, gələcəyə ümidləndiririk. Tramp isə deyir ki, Sİ (Süni İntellekt) təhlükəli ola bilər, amma biz onu sınaqdan keçiririk... 

Belə çıxır, onunla (Sİ ilə) dostluq etməliyik ki, sabah düşmənə çevrilməsin. Yoxsa, sən çaldığını çal, gör fələk Sİ nə çalır? Ritorik sualdır... 

Məqsəd Nur

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->