Xəbər lenti

Bəs deyirdik ki, Aşotdan daha müstəqilik?
Hüseynbala Səlimov
Ölkə 12:46 28.11.2017

Bəs deyirdik ki, Aşotdan daha müstəqilik?

Hüseynbala Səlimov

Bir az uzaqdan başlayacam. Sizi bilmirəm, mənim bir oxucu kimi tanınmış yazıçı, artıq dünyasını dəyişmiş Umberto Eko ilə dialoqum alınmadı; onun orta əsr labirintləri və xristian mistikası məni özünə heç cəlb etmədi. Yalnız "Fuko rəqqası”nı oxuya bildim, onu da ki, yarısına qədər...

Amma bu əsərdə bir cümlə məni bərk tutdu. Deyir ki, sən də N.Krupskaya (Leninin arvadı!) ilə bir gecə keçirsəydin ertəsi gün mütləq "Materializm və empiriokritisizm” yazardın!..  

Bunu niyə yada saldım? Bu erməni mediası da belədir, adam bunların bir–iki yazarını oxuyandan sonra özü sayıqlamağa başlayır və gözlərinin önünə əcaib–qəraib şeylər gəlir.

Nə isə, qardaş, neçə vaxt idi ki, bunların növbəti yerikləməsini izləyirdim. Xeyli vaxt idi ki, bunlar bir məsələ ilə məşğul idilər – bəli, bu dəfə də könüllərinə Avropa Birliyilə saziş imzalamaq sevdası düşmüşdü.

Əslində hələ ötən dəfə, Avropa Birliyilə ilk assosiasiya sazişləri imzalanarkən də möhkəm əl–ayağa düşmüşdülər. Amma alınmadı və V.Putin ən son anda Serjiki yanına çağırıb hara "girməyi” ona göstərdi! Beləcə, birinci dəfə məqsədləri heç çin olmadı və kor-peşman Avrasiya İttifaqına üz tutdular.

İndi də xeyli müddət idi ki, əlləşib–vuruşurdular, özləri tapmağa çalışırdılar ki, görən, "saziş”imizin hansı bəndi İvanın xoşuna gəlməz və elə özləri də Kreml instrukturlarının əvəzinə cavab verməyə tələsirdilər: biri deyirdi ki, bəs "saziş”in "geosiyasi tərəfləri” yoxdur, biz sahibimizə necə sadiq olmuşduqsa, eləcə də qalacağıq! 

Başqası ərz edirdi ki, əşi, ötən dəfə ruslar kobzarları qorxutmağa çalışırdı, bizimlə işi olmaz! Digəri Lavrovun adını hallandırırdı ki, yox, canım, layihə kişinin xoşuna  gəlibdir, yoldaş Kalantarov (və yaxud da Kalantaryan!) bizi darda qoymaz!

Nə isə, yamanca vurnuxmadaydılar. Amma köpəkuşağının bir xasiyyəti var: nədənsə yapışdılarsa, vəssalam, ermənilərin yarısı qırılsa belə, yenə də əl çəkməyəcəklər!

Qərəz, bunu da etdilər; AB ilə saziş imzaladılar... Bəli, imzaladıqları "saziş”in məzmunu xeyli dərəcədə suallar doğursa da və hələ də bir çoxu buna görə İvanın Aşotu cəzalandıracağını düşünsə də, hər halda, növbəti oyunları da baş tutdu.

Bunların motivləri haqda ən müxtəlif saytlarda rusca, azərbaycanca yazmaqdan daha yorulmuşam. Ona görə də Sizləri bir daha təkrarlarla yormayacam. Bir onu deyəcəm ki, bu köpəkuşağı siyasəti hələki bizdən daha yaxşı anlayır. İngilis ərz edir ki, siyasətdə əbədi dostlar və ya əbədi düşmənlər olmur, əbədi maraqlar olur...

Bunlar bunu bizdən daha çevik anlayırlar; İvan Aşotdan istifadə edir, Aşot da İvandan! Əslində hər ikisi biri–birinə alət kimi baxır. Sadəcə, ən azı yaxın dövr üçün məqsədlər üst-üstə düşür. İvan anlayır ki, Aşota yenə də mehribanlıq göstərmək olar, çünki xəyalları böyük olsa da, hələ bilmək olmaz ki, bunlar nəyə nail olacaqlar! 

Amma türk Məmmədə heç bir halda etibar etmək olmaz, çünki bunun hələ kimliyindən xəbəri yoxdur və heç şübhəsiz ki, cəmi dünya millətləri tamamilə ayılandan sonra bunlar da gözlərini açıb özlərini tanıyacaqlar! Ona görə də bunlara heç etibar etmək olmaz–bir də gördün ki, Rusiyanın lap böyründə durub Turan yaratdılar, özbək–qırğız bir yana, lap tatarı və başqırdı da oyatdılar!...  

Aşot da görür ki, bu bölgədə cəmi türkləri qırmaq və onların torpaqlarına sahib çıxmaq üçün İvandan güclüsü və bunda maraqlı olanı yoxdur, çünki nə ABŞ-a, nə Fransaya əslində Hayastan lazım deyil, onları da Hayastanı yada salmağa məcbur edən oralardakı aşotlardır, - biçarə amerikalı və yaxud fransalı siyasətçilər onların səsindən vaz keçə bilmirlər. Deməli, qalır, İvan...

Bəli, bunları biri–birinə bağlayan tək budur. Bilmirəm, nə dərəcədə çatdıra bildim, amma daim politoloji dildə yazmaq adamı yorur, elə ona görə də bir az loru dildə çatdırmaq istədim Sizlərə.

İndi gərək, biz də motal papaqlarımızı qabağımıza qoyub yaxşıca düşünək: ayə, görəsən, Aşotun bu gedişinin arxasınca biz hansı gedişi etməliyik?
Əslində bu məsələ mənim kimi, Sizin kimi kasıb–kusubun vəzifəsi deyil, bunu yolunu başbilənlərimiz tapmalıdırlar.

Bircə onu deyəcəm ki, Aşotun bu gedişi bizim hökumətin də bəhanələrinə son qoydu; a kişilər, Avrasiya Birliyinin və Gömrük İttifaqının, daha nə bilim, canım Sizə desin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Aşot avropalı da ola bilirsə, bunu biz niyə yapmayaq?

Amma yox, görürəm, bizimkilərin xəyalı tam başqadır. Bizim millət ta 90-cı illərin əvvəlindən düşünür ki, Aşot nə vaxtsa çaşacaq, İvana atmağa azca tələsəcək (axı Aşot da atmaya bilmir, bir növ, adətkardır!) və biz həmin anda İvanın yanına qaçıb deməliyik:” İvan, bax, Aşot sənə atdı, amma biz dostluğa dəyər verən kişilərik, sən gəl, Qarabağı Aşotdan al və bizə qaytar, biz də səninlə lap axirətəcən dost olaq!”...

Amma İvan bunu edərmi, əzizləırim? Vallah, mənə elə gəlir ki, etməz, çünki bizdən fərqli, İvan da bilir ki, siyasət nədir...  İvan da əslində nə Aşota inanır, nə də bizə, görürsünüz, Qarabağı heç Aşota da etibar etmir və onu gah Aşota uzadır, gah da türk Məmmədə! Bəli, Məmməd elə bilir ki, İvan Qarabağı ona verəcək, Aşot düşünür ki, yox, Qarabağı o, alacaq!

Qərəz, içkiyə çox meylli olsa da, İvan da hərif–filan deyil, Qarabağı kimsəyə vermək fikri yoxdur. Ona görə də, əzizlərim, Qarabağı İvandan dilənmək yetər, gəlin hərdən onu necə almağı da düşünək.

Bunun bir yolu da elə Aşot kimi özünə daha çox arxa tutmaqdır. Ona görə də, qardaş, bu Avropa tədbirləri gedib gəzmək, ya şəkil çəkdirmək üçün deyil, böyük işlər görmək üçündür. Böyük deyilən işlərin bir məğzi də budur ki, ölkə nə qədər çox yerə "bağlansa” onun ətaləti artar, onunla futbol topu kimi davranmaq çətinləşər. 

Yoxsa, vallah, belə yaramaz! Çevrəmizdəki ölkələr Dünya Ticarət Təşkilatına qoşuldu, biz qoşulmadıq! Hətta Aşot Avropa Birliyilə saziş imzaladı! Bəlkə biz də hərəkətə keçək? Axı deyirdik ki, guya, Aşotdan daha çox müstəqilik!..

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->