Xəbər lenti

Abxaziyada siyasi gərginlik: Müxalifətin təzyiqi, prezidentin
Dünya 17:34 16.11.2024

Abxaziyada siyasi gərginlik: Müxalifətin təzyiqi, prezidentin "istefa" vədi (TƏHLİL)

Son günlərdə Abxaziya siyasi səhnəsində baş verən hadisələr regionun gələcəyinə ciddi təsir edəcək mahiyyət daşıyır. De-fakto prezident Aslan Bjaniyanın Rusiya ilə imzaladığı investisiya razılaşması ölkədə geniş etirazlara səbəb olub. 

Qaynarinfo-nun verdiyi xəbərə görə, ötən gün parlament binasını zəbt edən nümayişçilər Bjaniyanın dərhal istefasını və növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir. Hazırda vəziyyət getdikcə mürəkkəbləşir, həm daxili siyasi gərginlik, həm də xarici təsirlərin artması müşahidə olunur.  

Hadisələrin başlanğıcı  

Oktyabr ayında Abxaziya və Rusiya arasında imzalanan razılaşma Rusiya şirkətlərinin Abxaziya ərazisində sərbəst şəkildə investisiya layihələri həyata keçirməsinə şərait yaradır. Sənədin ratifikasiyası üçün parlamentdə müzakirələr planlaşdırılmışdı. Müxalifət və vətəndaş cəmiyyəti bu razılaşmanı Abxaziyanın suverenliyinə təhlükə kimi qiymətləndirərək parlament binasının qarşısında etiraz aksiyaları təşkil etdilər.  

Noyabrın 15-də etirazçılar parlament binasına daxil oldular. Deputatlar gərginliyi nəzərə alaraq iclası təxirə saldılar. Buna baxmayaraq, nümayişçilər binadan çıxmaqdan imtina edərək razılaşmanın rədd edilməsini və prezident Bjaniyanın istefasını tələb etdilər.  
 

Prezident Bjaniyadan "istefa" vədi

Prezident Aslan Bjaniya, müxalifətin parlament binasını tərk edəcəkləri halda istefa verəcəyini bəyan etdi. O, Tamış kəndində keçirilən bir görüşdə, "Binanı tərk etdikləri təqdirdə istefa ərizəmi yazacağam. Gələcək seçkilərdə isə xalqın dəstəyini yenidən qazanmağa çalışacağam,” deyə bildirib. Bjaniya əlavə edib ki, istefa etdiyi halda idarəetmə müvəqqəti olaraq vitse-prezidentə həvalə ediləcək.  

Lakin prezidentin bu bəyanatı müxalifəti razı salmayıb. Müxalifət liderləri, o cümlədən "Abxaz Xalq Hərəkatı” təşkilatının rəhbəri Adqur Ardzınba, növbədənkənar prezident seçkilərinin keçirilməsini və hazırkı hakimiyyətin istefasını tələb edirlər.  
 


Müxalifətin mövqeyi və xarici təsirlər  

Abxaziyada müxalifətin tələbləri arasında Bjaniyanın istefası ilə yanaşı, Rusiyadan asılılığın azaldılması da yer alır. Müxalifət liderləri Rusiya ilə strateji tərəfdaşlığı dəstəklədiklərini bildirsələr də, onların bəzi xarici təsirlərlə əlaqəli olduqları iddia edilir. Levan Mikaa və Kan Kvarçiya kimi liderlərin Türkiyədə təhsil almaları və Qərb QHT-ləri ilə əlaqələri xüsusilə diqqət çəkir. Bu isə bəzi tənqidçilərin müxalifətin bir qisminin kənar təsirlərə bağlı olması ilə bağlı fikirlər səsləndirməsi ilə nəticələnib.

Rəsmi Tbilisinin ehtiyyatlı mövqeyi

Prezident Bjaniya Moskvanın açıq şəkildə dəstək verdiyi siyasi fiqur kimi tanınır. Onun hakimiyyətinin davam etməsi Rusiya üçün regiondakı strateji mövqelərini qorumaq baxımından vacibdir. Müxalifətin ani və radikal tələbləri, Rusiya üçün potensial risklər doğurur. Buna görə də Moskvanın bu vəziyyəti diqqətlə izlədiyi ehtimal olunur.  

Eyni zamanda, Gürcüstan tərəfi də Abxaziyadakı vəziyyəti yaxından izləyir. Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Abxaziya və Cənubi Osetiya icmaları ilə barışığın vacibliyini vurğulayaraq, ərazi bütövlüyünün diplomatik yolla bərpasına çalışdıqlarını bildirib.  

Regionda güc balansı dəyişəcəkmi?

Hazırkı vəziyyət Abxaziyada siyasi sabitliyin nə qədər kövrək olduğunu göstərir. Prezident Bjaniyanın istefası Abxaziyanın daxili siyasi arenada yeni bir dövrə qədəm qoymasına səbəb ola bilər. Bununla yanaşı, yaxın aylarda keçiriləcək növbədənkənar seçkilər, regionda güc balansını da dəyişə bilər.  

Bununla yanaşı, Moskva ilə yaxın əlaqələrin davam etdirilməsi və ya Türkiyə və Qərb təsirlərinin güclənməsi məsələləri Abxaziyanın siyasi gələcəyində mühüm rol oynayacaq.  

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->