Uzun illər Azərbaycanın Yaponiyadakı səfiri vəzifəsində çalışmış və bu ilin oktyabrında geri çağırılan Gürsel İsmayılzadə yeni vəzifəyə təyinat alıb.
"Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, təcrübəli diplomat Azərbaycan Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya Baş İdarəsinin rəisi vəzifəsinə gətirilib. Bu gün o, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünlə görüşüb.
Türkiyənin Azərbaycandakı səfirliyinin sosial media hesabında bu görüşlə bağlı paylaşım edilib.
"Səfirimiz Birol Akgün Azərbaycan Xarici İşlər Nazirliyində Türkiyə bölməsinin də yer aldığı Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya Baş İdarəsinə təyin olunmuş Gürsel İsmayılzadəyə nəzakət ziyarəti edib”, deyə paylaşımda bildirilib.
Qeyd edək ki, Gürsel İsmayılzadə 2 dönəm Azərbaycanın Yaponiyada səfiri olub. O, ilk dəfə 2011-ci ilin avqustunda bu vəzifəyə təyin edilib.
"Diplomatik xidmət haqqında” qanuna əsasən, Azərbaycanın xarici ölkələrdəki səfirlərinin xidmət müddəti 5 il olsa da, Gürsel İsmayılzadəyə bu tələblər tətbiq edilmədən onun səlahiyyət müddəti 2019-cu ilə qədər davam edib.
2019-cu ilin yanvarında Prezident İlham Əliyevin sərəncamı ilə Yaponiyadan geri çağrılan G,İsmayılzadə 2020-ci ilin martında, yenidən, Azərbaycanın Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.
İngilis, yapon, rus, ərəb dillərini bilir. Evlidir, bir övladı var.
Gürsel İsmayılzadə gökəmli arxeoloq alim Qüdrət İsmayılzadənin oğludur.
Şərhlər