Xəbər lenti

Günəş qəfildən soyuya bilərmi və bu zaman Yerdə nə baş verər?
Dünya 23:58 03.12.2025

Günəş qəfildən soyuya bilərmi və bu zaman Yerdə nə baş verər?

Yaxın zamanda nümayiş olunacaq "Project Hail Mary” filminin mərkəzində yer alan Günəş parlaqlığının azalması ssenarisi alimlər arasında narahatlıq yaradıb. Elmi məlumatlar göstərir ki, cüzi enerji azalması belə Kiçik Buzlaşma Dövrünü tətikləyə bilər.

Qaynarinfo xəbər cerur ki, Günəşin parlaqlığının zəifləməyə başlaması, Endi Ueirın eyni adlı romanından uyğunlaşdırılan filmdə olduğu kimi, qorxulu bir ssenaridir. Filmdə Günəş parlaqlığının bir il ərzində 1 faiz, 20 il ərzində isə 5 faiz azalacağı ehtimal edilir. Alimlər isə bu kiçik rəqəmlərin belə insanlıq üçün faciəvi nəticələr doğuracağını bildirir.

Yerə hər kvadrat metr üçün 1365 vatt enerji göndərən Günəş planetimizin istilik balansını qoruyur. Bu enerjinin təxminən 30 faizi geri əks olunur, qalanı isə atmosfer və səth tərəfindən udulur. Kaliforniya Texnologiya İnstitutundan planet alimi professor Devid Stivenson bildirir ki, Yer bu kritik balansı itirsə, temperatur sürətlə düşər və insanlıq qısa zamanda məhv ola bilər.

London Universitet Kollecindən professor Lusi Qrin qeyd edir ki, Günəş parlaqlığı təbii şəkildə dəyişir, lakin bu dalğalanmalar adətən hiss olunmur. Bununla belə, keçmişdə daha ciddi hadisələr baş verib. 1645–1715-ci illər arasında Günəş Maunder Minimumu kimi tanınan 70 illik sakitlik dövrünə daxil olub. Bu müddətdə Yer 0,6°C–2°C arası soyuma ilə Kiçik Buzlaşma Dövrünə qədəm qoyub.

Həmin dövrdə Günəş yalnız 0,22 faiz daha az enerji göndərirdi, lakin bu cüzi dəyişiklik belə Şimali Avropada məhsul qıtlığına və genişmiqyaslı aclığa səbəb olmuşdu.

Əgər "Project Hail Mary”də olduğu kimi Günəşdən gələn radiasiya 1 faiz azalmağa davam etsəydi, qlobal temperatur sürətlə orta səviyyənin altına düşərdi. Arizona Universitetinin bir araşdırmasına görə, cəmi 1,8°C-lik qlobal soyuma belə qarğıdalı, buğda və düyü kimi əsas məhsulların istehsalını 11 faizə qədər azaldaraq iki il ərzində 5,3 milyard insanın həyatını itirməsinə səbəb ola bilərdi.

Oksford Universitetindən astrofizik doktor Bekki Smetherst bildirir ki, filmdəki kimi 5 faizlik azalma qütb buzlaqlarının Ekvatora doğru genişlənəcəyi yeni bir Buzlaşma Dövrünü dərhal başlayardı. 20 min il əvvəlki son Buzlaşma Dövründə orta temperatur bu günkindən cəmi 6°C aşağı idi və bu, Şimali Amerika və Avropanın yarısının buzlaqlarla örtülməsi üçün kifayət etmişdi. Smetherstə görə, müasir texnologiya sayəsində sağ qalan insanlar yəqin ki, yeraltına sığınmalı olardı.

Bəs bu ssenari real ola bilərmi? Alimlər Günəşin film ssenarisində olduğu kimi sürətlə soyumasının fiziki cəhətdən mümkün olmadığını bildirir.

Ridinq Universitetindən fizik professor Maykl Lokvud izah edir ki, Günəşin nəhəng kütləsi bir istilik akkumulyatoru kimi davranır və ölçüyəgəlməz enerji ehtiyatı saxlayır. Onun sözlərinə görə, Günəş nüvəsinin enerji istehsalını tam dayandırdığı təqdirdə belə, Günəşin yaydığı enerji bir milyon ildən sonra cəmi təxminən 1 faiz azalardı.

Elmi məlumatlar Günəş ləkələri və Günəş fırtınaları kimi dövri hadisələr zamanı Günəşdən gələn enerjidəki təbii dəyişikliklərin adətən 0,1 faiz civarında olduğunu göstərir. Buna görə də Günəşin birdən sönməsi və ya sürətlə soyuması yalnız elmi fantastika filmlərində mümkün hesab olunur.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->