Xəbər lenti

İdman 16:45 12.02.2022

Bəxtiyar Musayev: “Neftçi”nin 14 xallıq fərqi "əritməsi" və çempionluğu möcüzə olar”

Azərbaycan Premyer Liqasında klubların fasilədən sonrakı mənzərəsi müxtəlif fikirlər formalaşdırıb. Xüsusən də "Neftçi” ilə "Qarabağ”ın çempionluq uğrunda mübarizəsi haqda düşüncələr birmənalı deyil. Sonuncu dueldə "Neftçi”nin Ağdam klubuna məğlubiyyətindən sonra artıq komandanın çempionluğa namizədlikdən qopduğu haqda düşünənlərin sayı az deyil. Həmin insanlardan biri də Azərbaycanın tanınmış mütəxəssislərindən olan, seleksiyaçı-məşqçi Bəxtiyar Musayevdir.

"Neftçi”nin veteran futbolçusu Qaynarinfo-ya açıqlamasında klubların mübarizəsinə toxunub. O, digər klublarımızın qış fasiləsindəki transferləri və onların durumu haqda da fikirlərini bölüşüb:

"Bir-bir sadalasaq, "Qarabağ” stabil şəkildə, çempionata necə başlamışdısa, elə də davam edir. Qurban Qurbanov yeni transferləri yavaş-yavaş kollektivə uyğunlaşdırmağa çalışır. Yeni gələnlərdən hələ ki, qapıçını iş başında gördük. Leandro Andrade ilə Rüstəm Əhmədzadə isə az-az oynayırlar deyə dəqiq nəsə söyləmək olmur. Amma hiss olunur ki, futbolçu keyfiyyətləri yaxşıdır. "Sabah”da sıçrayış olduğunu deyə bilərəm. Son iki oyunda yaxşı təsir bağışladı. Əsasən də "Neftçi”yə qarşı kubokun ilk matçında yaxşı çıxış etdi. Digər komandalardan "Qəbələ”də ciddi dəyişiklik yoxdur. Baxmayaraq ki, 15-ci turda 0:3 hesabı ilə uduzdular. Halbuki bu hesabla uduzulacaq oyun deyildi. Amma "Sabah” onlara qarşı daha mobil görünürdü. Bu qədər transfer həyata keçirməsinə baxmayaraq, "Neftçi”də müsbətə doğru irəliləyiş görünmür. Kubokda "Sabah” onlardan daha üstün görünürdü. "Sumqayıt”a yeni baş məşqçi gəlib, amma gözə dəyən müsbət nəsə yoxdur. Ümid edək ki, bundan sonra nəsə görərik”.

Maraqlıdır, qış fasiləsində klubların həyata keçirdiyi transferlər arasında seleksiyaçı-məşqçi kimi Musayevin ən çox diqqətini çəkən hansı futbolçular oldu:

"Öz sahəm olduğu üçün transfer dönəmini çox diqqətlə izləyirəm. Gələn futbolçuların Azərbaycana fayda verməsini istəyərəm. Amma özünü yaxşı tərəfdən göstərən, xüsusi seçilən bir futbolçu hələ ki, görmürəm. "Qarabağ”ın yeni transferləri az çıxıblar meydana. "Neftçi”nin aldığı futbolçulardan da özünü göstərən olmadı. "Zirə”nin yeni transferi Hamidu Keytanın faydalı ola biləcəyi görünür. Çünki start sürəti, topa vuruşundan hiss olunur ki, yaxşı məktəb keçib”.

Mütəxəssis sabiq klubu "Neftçi”nin durumunu və klubun həyata keçirdiyi transferlər haqda da fikirlərini bölüşdü:

"Bu barədə hələ çempionat başlamamışdan əvvəl bildirmişdim ki, "Neftçi” kimi komanda transferlərdə diqqətli olmalıdır. Elə futbolçular var ki, əcnəbidir, tanımırıq. Necə insani keyfiyyətlərə malik olduqlarını bilmirik. Təəssüflər olsun ki, ölkəmizin ən ağır günlərində Eddi İsrafilovla bağlı xoşagəlməz hallar yaşandı. Bu barədə geniş danışmaq istəmirəm. "Neftçi” kimi köklü klub bunları nəzərə almalıdır. Eddinin futbolçu kimi komandaya böyük fayda verəcək səviyyədə olduğunu da düşünmürəm. Klubun hədəfləri böyükdürsə, çempionluğu, qrup mərhələlərini düşünürsə, Eddi ilə gedib oralara çıxmaq olmaz. Düzdür, bizim çempionatda topu 2 metr irəli və ya geriyə ötürməklə idarə edə bilər. Amma klub bu futbolçu ilə böyük hədəflərə çata bilməz. Oyunlar da təsdiq edir ki, o, xüsusi istedada malik futbolçu deyil”.

Ölkə çempionatında "Qarabağ”la rəqbətə toxunan Musayev "Neftçi”nin çempionluq şansı olmadığını söylədi:

"Burada 14 xallıq fərqdən söhbət gedir. Hətta xallar bərabər olsa belə, "Neftçi” belə oyunla "Qarabağ”a rəqib deyil. Bir oyunda "Qarabağ”la rəqabət apara bilmirsə, 14 xallıq fərqi "əridib” çempionluq yaşamaq, möcüzə olar. "Qarabağ” nəinki müxtəlif rotasiyalar etsə, hətta hər oyuna əvəzedici heyətlə çıxsa belə, çempionluğu əldən verəcəyinə inanmıram. 14 xal böyük fərqdir. Üstəlik, "Neftçi” "Qarabağ”dan üstün də deyil. "Neftçi” çempionluğu hələ yayda itirmişdi. Ötən mövsüm çempion olandan sonra komandanın bir neçə əsas üzvü getdi. İstər Anton, istər Namik Ələskərov olsun, onların yerini dolduran nə yerli, nə də əcnəbi futbolçu ala bildilər. Əsas qopma nöqtəsi orada oldu. Qış fasiləsində daha iki aparıcı futbolçu, Kane ilə Buqrin də getdi. Hələ Harramizi demirəm. Komandanın yığılmasında, seleksiyasında problemlər oldu. Bundan əlavə, həm oyunçular toplanışa gec qoşuldu, həm də lazımi səviyyədə transferlər həyata keçirilmədi. Ümumiyyətlə, yaydan bəri xüsusi seçilən transfer olmadı və yanlışlıqlar göründü. Hamısı bundan qaynaqlanır. Amma ötən il Samir komandanı çox çətin dönəmdə götürüb formalaşdıra bilmişdi. Nəticədə "Qarabağ”la başabaş mübarizə aparıb çempionluğu qazanmışdı”.

Hazırda Samir Abasovun "Neftçi”nin baş məşqçi postundan gedib-getməməsi də müzakirə edilir. Bəs Musayev nə düşünür:

"Onun "Sumqayıt”da çalışarkən qurduğu komanda xoşuma gəlirdi. Bəyəndiyim mütəxəssislərdəndir. Keçən il də işi ilə bunu sübut etdi. Yeganə problemi yanlış seçimlər etməsidir. Bu, bir çox məşqçilərdə müşahidə edilir. O vaxt Maurinyo da "Real”a Hamit Altıntopu, Nuri Şahini və bir neçə futbolçunu gətirmişdi. 6 aydan sonra yarısını göndərdi. Məşqçilik elə spesifik sahədir ki, transferlər zamanı yanlışlıqlar olur. Amma bu, Samirdə qabarıq şəkildə görünür. Seleksiya elə bir şeydir ki, insanda xüsusi "göz”, oyunçu seçimində bacarıq olmalıdır. Bu, təcrübə deyil, Allah tərəfindən verilmiş istedaddır. Yəni gələcəkdə düzəldilməsi də mümkün deyil. Elə bir şey mümkün deyil ki, bir məşqçinin əvvəl pis olan seleksiya istedadı bir ildən sonra 180 dərəcə dəyişib yaxşılaşsın. Bu, insanın daxilində olur. Samir də bu mənada əməlli-başlı axsayır. Böyük hədəflərdən, çempionluqdan, Avroliqanın qruplarından danışırıqsa, belə futbolçularla ancaq ölkə çempionatını yola vermək olar”.

Maraqlıdır, Musayevin də xidmətindən yararlanmaq istəyən klublar olubmu: 

"Bu il yerli klubların heç biri ilə təmasda olmadım. Müraciət edən yox idi. Mən də heç kimə müraciət etməmişdim. Artıq 3 ay olar işsizəm”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->