Mayın 6-dan 7-nə keçən gecə Hindistan Hərbi Hava Qüvvələri ən azı üç döyüş təyyarəsini — "Rafale”, MiQ-29 və Su-30 — itirib. Hindistan hökuməti insidentin təfərrüatlarını araşdırmağı media və ekspertlərə qadağan etsə də, bir qrup mütəxəssis baş verənlərlə bağlı məlumatları açıqlamağa hazır olduğunu bildirib.
Qaynarinfo xəbər verir ki, Almaniyanın BILD nəşrinin hərbi icmalçısı Yulian Röpkenin yazdığına
görə, onun əlinə hindistanlı ekspertlər qrupu tərəfindən hazırlanmış analitik hesabat keçib. Hesabatda Hindistan təyyarələrinin məhv edilməsində əsas rolun Çinə məxsus olduğu bildirilir. Çin Pakistan Hərbi Hava Qüvvələrinə yüksək texnoloji radioelektron mübarizə sistemləri təqdim edib və əməliyyatı real vaxt rejimində müşayiət edib.
Müəlliflərin qiymətləndirməsinə görə, Pekin bu münaqişədən şəbəkə-mərkəzli müharibə konsepsiyasını sahədə sınaqdan keçirmək üçün istifadə edib. Bu modeldə bütün döyüş vahidləri fasiləsiz informasiya mübadiləsi aparır. Çin tərəfindən koordinasiya edilən bu sistem Pakistan Hərbi Hava Qüvvələrinə taktiki üstünlük qazandırıb və onların daha əlaqəli və effektiv fəaliyyətinə imkan yaradıb.
Sözügedən sistemə aşağıdakılar daxil olub:
* AESA radarları ilə təchiz edilmiş J-10 qırıcıları;
* 300 km-ə qədər məsafəyə malik PL-15 hava-hava raketləri;
* BeiDou peyk naviqasiya sistemi;
* Radioelektron mübarizə vasitələrinin idarəsində istifadə edilən süni intellekt;
* Uzaqmənzilli radiolokasiya aşkarlama təyyarələri.
Hesabatda bildirilir ki, döyüş zamanı Hindistan pilotları ilə komandanlıq arasında əlaqə Çin istehsalı olan radioelektron basqılama sistemləri səbəbindən tamamilə pozulub. Bu isə Hindistan tərəfinin operativ cavab verməsini qeyri-mümkün edib.
Hesabat müəllifləri Hindistan hökumətinin — xüsusilə Baş nazir Narendra Modinin — bu insidentin miqyasını gizlətmək cəhdlərini sərt tənqid edirlər. Onların fikrincə, Çinin müdaxiləsini etiraf etməmək və koordinasiyalı dövlət cavabının olmaması Pakistan və Çinin texnoloji üstünlüyünü daha da artırıb.
Xatırladaq ki, Hindistanla Pakistan arasında uzun illərdir Kəşmir bölgəsi səbəbindən gərginlik mövcuddur. Son eskalasiya Hindistanın Pakistan ərazisindəki "terror infrastrukturu"na zərbə endirməsi ilə başlayıb. Nəticədə tərəflər arasında hava döyüşü baş verib və Pakistanın məlumatına görə, Hindistana məxsus beş qırıcı təyyarə vurulub.
Qərb KİV-lərinin yazdığına görə, bu döyüş müasir aviasiya tarixində ən iri və uzunmüddətli hava döyüşlərindən biri olub. Pakistan mənbələri bildirir ki, döyüşdə ümumilikdə 125 təyyarə iştirak edib və döyüş bir saatdan çox davam edib. Maraqlıdır ki, tərəflərin təyyarələri öz hava məkanlarını tərk etməyib — döyüş tamamilə sərhəd boyunca aparılıb.
Alpər
Şərhlər