Sağlamlıq 11:36 02.07.2022

Bir böyrəyini itirənlərə əlilliyin verilməməsi doğrudurmu? - Professor

"Əlillik və əmək qabiliyyətinin itirilməsinin müəyyən olunması üçün konkret şərtlər irəli sürülməlidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında tibbi ekspert Adil Qeybulla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Bir böyrəyi olanlara əlillik verilməyəcək” fikirini şərh edərkən deyib. 

Onun sözlərinə görə, hazırlanan şərtlər dünya tibb məktəblərinin reyistrinə uyğun olmalıdır:
 


"Əgər cüt orqanlardan biri normal fəaliyyət göstərirsə, həmin orqan insan həyatını tam təmin edə bilər. Necə ki, böyrək, ağciyər köçürüləndə biri köçürülür. Bu mənada bir böyrəklə normal funksiya göstərən şəxslər əslində əmək qabiliyyətini itirmiş sayıla bilməz. Bu baxımdan da bu düzgün nəticədir”.

Adil Qeybulla hesab edir ki, əmək qabiliyyətinin itirilməsi orqan fəaliyyətinin çatışmazlığıdır:

"Məsələn, iki böyrəyi olan adam böyrək fəaliyyətini 30-40 faiz itirsə, artıq bu, əmək qabiliyyətini itirilmiş şəxs sayılır. Ona görə də bu məqam düzgündür”. 

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir böyrəyi olanlarla bağlı qərar açıqlayıb:
 
"Bir böyrəyi olanlara əlillik verilməyəcək. Çünki bir böyrək olmasa belə, digər böyrək sağlamdırsa, tibbi proqnoza əsasən, şəxs 30 ilədək yaşaya bilər".

Bahar Rüstəmli