Vüsal Bağırlı
Ölkə 18:11 23.06.2020

Bir qadağa müddətinin təəssüratları…

Vüsal Bağırlı

Qapıbir qonşuyla beşinci gün axşam, yəni qadağalar ərəfəsi düz blokun ağzında rastlaşdım. Əlindəki ağır zənbilləri tövşüyə-təvşüyə liftə sarı sürüyürdü. Bərk yorulduğu hiss olunurdu. Köynəyinin ortasında böyük tər zolağı əmələ gəlmiş, kürəyinin ortasına tərəf genişlənərək dairəvi ləkə əmələ gətirmişdi. Zənbillərin qulpundan yapışdım, minnətdarlıqla üzümə baxdı. Nəhayət, aldığı bütün şey-şüyü köməkli gətirib liftin içinə dürtdük. Əlinin dalıyla tərini sildi və üzümə gülümsündü:

- Verməşil, düyü, qreçka, yumurta, yağ, meyvə-tərəvəz, ət, toyuq, konserv, araq, çaxır, pivə, üstəlik də, düz doqquz ədəd çörək almışam. İndi elə rahatam, heç olmadığı kimi.

- Ay qonşu, dörd nəfərsiniz, neynirsən bu qədər çörəyi?

- Əşi bilmək olmaz, Heç nəyə etibar yoxdur. Bir də gördün, baxdılar ki, yoluxma artıb, uzatdılar yenə? Onda nə olsun? Çörəkdir də, biri qırx qəpik, uzağı xarab olacaq, gedib yenə alacam. Əsas odur ki, gərək ehtiyatı əldən verməyəsən.

Növbəti gün səhər eyvana çıxdım. Baxdım kı, ehtiyatkar qonşum tanımadığım başqa adamlarla üzbəüz xruşşovkanın damında qərarlaşmışdır. Başları bərk qarışıq idi. Onlar əyilib-qalxır, durmadan işləyirdilər. Gah manqal quraşdırır, gah dama kətil, oturacaq, nərd, domino daşıyır, gah da samovarın altını qalayırdılar. Tüstü, ocağın şirin qoxusu hər tərəfə yayılılmışdı. Fikir verdim ki,  orada mütəkkə, televizor, radio da var. Necə deyərlər, damda əsl VİP şərait yaradılmışdı. 

Mən isə eyvana düşən yandırıcı günəş şülarından yayınmaq üçün otağa qayıdası oldum və çarpayıda uzanmağın müxtəlif variantlarını sınaqdan keçirməyə başladım: arxası üstdə, böyrü üstdə, üzü üstdə, çəpinə, düzünə, tərsinə. 

Sonra, başımı internetlə qatmağa qərar verdim, xəbər saytlarını, sosial şəbəkələri nəzərdən keçirdim. Ən sonda isə televizorda film izlədim. Lakin, vaxt zorla gedirdi.

Nəhayət, hava qaralmağa,  gün sona çatmağa üz tutdu. Tez saytlarda yoluxma statistikasını yoxladım. Təəssüf, yenə də artım var idi. Məndə sanki, cəkdiyim bütün bu əziyyətin hədər getdiyi qənaəti yaranmışdı.

Ümumiyyətlə, evdə çox qalmaq, çox vaxt keçirmək insanlarda "ev sindromu" deyilən psixolojı asılılıq əmələ gətirir. Belə insanlar adamayovuşmaz olur, evdən çıxmaq istəmir, daim divan, çarpayı, yatağa uzanmış halda qalırlar. Orqanizm həm fiziki, həm də zehni olaraq bu vəziyyətə adaptasiya olunur. Vücud kütləşir və tənbəlləşir. Ədəbiyyatda buna "oblomovçuluq" da deyilir.

Səhərisi gün qadağaların son günü idi. Aşağıda həyətimizdə xeyli sərbəstlik yarandığı hiss olunurdu. Hətta qadınlar, qocalar, velosipedli uşaqlar gözə dəyirdilər. Tək-tək hallar istisna olmaqla,  demək olar, polis-əsgər də görünmürdü. 

Axşam isə, artıq məhəllədə bir xeyli sakin peyda oldu. Onlar cəsarətə gəlib həyətə doluşdular. Nə qaçan var idi, nə qovan. Hansısa damın üstündə qalanmış ocağın, bişirilən qarğıdalının xoş iyi  düz eyvanıma qədər gəlib çatırdı...

Bu qadağalar günləri apardığım müşahidələr məni bir neçə qənaətə vadar etdi:

Əvvəla, polislə vətəndaşlar arasında baş verən qaç-qov prinsipi əslində, hər iki tərəf üçün olduqca faydalı oldu. İnsanlar, vətəndaşlar, sakinlər həyəcanlandılar və bu da əlavə adrenalin dozası deməkdir. Həm də, hərəkət, qaçış bir idman kimi vətəndaşlarımızda tənəffüsü, nəfəs- vətər-əzələ sistemini inkişaf etdirdi.

Polislər də  öz növbəsində, izləmə və təqib etmə vərdişlərini təkmilləşdirdilər və bu da  gələcəkdə cinayətkarların yaxalanması üçün əlavə stimul, təcrübə qazandırır.

Üçüncüsü də, bizim insanlar həmişə olduğu kimi, hər şeyə (hətta karantin və qadağalarda belə) özünəməxsus şəkildə uyğunlaşma, adaptasiya olunma bacarığını bir daha ortaya qoymuş oldular.