Hüseynbala Səlimov

"Qoy, kapitalistlərin bizimlə işləri olmasın. Yoxsa "Kənd saatı” («Сельский час») verilişini onlara da yayarıq və hamısının darıxmaqdan bir anın içində bağrı çatlayar”!..

Yadımdadır, bunu Rusiyanın məşhur satiriklərinin birinin dilindən eşitmişdim və dərhal da gözlərim önünə həmin veriliş gəlmişdi. Gördüm ki, Vallah, kişi elə düz deyir; görən, bəs nə əcəb sovet hərbçilərinin indiyədək ağlına belə bir ideya gəlməyibdir?..

Düzdür, sonradan hər şey tərsinə oldu: sovet televiziyası, verilişləri elə sovetlərin özlərinin axırına çıxdı–o qədər təriflədilər, o qədər malaladılar ki, axırda o boyda dövlət duruş gətirməyib çökdü...

Amma sözüm bunda, məqsədim sovet dövrünü eşələməkdə deyil. Bu yaxınlarda bizim öz kanallarımızı ora-bura çevirərkən gördüm ki, kişilər, kanallarımızın birində eyni adlı veriliş – "Kənd saatı” verilişi açıblar. Bir çeçələ barmağımı dişlədim, bir də baş barmağımı, tez şkafdan kepkamı götürüb qabağıma qoyub dərindən fikrə getdim ki, ayə, görəsən, bu nəyə işarədir? Yoxsa... Ardını gətirməyə nə həvəsim gəldi, nə də gücüm çatdı, çünki atalar deyib ki, toya dava düşər, kasıbın qıçı sınar...

Əslində bu adda "veriliş”in peyda olmasının bir qeyri səbəbləri də olmalı idi. Bizimkilər illərlə yalnız kağızda yazılmış mətni, daha doğrusu, yalan məlumatları qızarmadan, səlis nitqlə oxumağı öyrənmiş sovet diktorlarını böyük "jurnalist”lər, əsl "istedad”lar kimi tərifləyib göylərə qaldıranda deyirdik ki, bu minvalla televiziyalarımız tamamilə sovetlərininkinin gününə düşəcəkdir. 

Amma heç bu da yeganə səbəb deyildi: əsas o idi ki, televiziya, radio bir yana, elə ölkəmiz də yavaş-yavaş sovetlərə çevrilməkdədir (dilim-ağzım qurusun, birdən elə axırı da sovetlər kimi olar ha!)...

Qərəz, yeni verilişə bir azacıq tamaşa etdim və gördüm ki, yox, burada sovetlərin vaxtındakı kimi kolxozçular deyil, fermerlər danışırlar və burada sosialist əməyini yox, kapitalist əməyini təbliğ-təsvir edirlər və dərhal beynimdən bir sual keçdi: əcaba, niyə əvvəlki dövrlərdəki kimi, məsələn, Kapitalist Əməyi Qəhrəmanı olmasın? Niyə şanlı fermerlər bu ada layiq görülməsin?.. 

Lap adi zəhmətkeşlərimiz,- hansıların ki, məmurlarımızın və onların rayonlarda, kəndlərdə kölgələri olan "fermer”lərimizin varlanmasında, sərvət sahibi-əsl kapitalist olmasında müstəsna əməyi var,-niyə onlar heç olmasa, qızıl suyuna çəkilmiş kiçik bir dəmir nişana layiq görülməsin?..
Qərəz, fikirlər, təkliflər çoxdur. Düşünürük ki, bunlar bircə-bircə olacaq – necə deyərlər, Moskva birdən tikilməyib... 

Sadəcə, bir azacıq səbr etmək və məmurlarımıza fürsət vermək lazımdır ki, onlar bu ölkə ilə bağlı bütün planlarını, arzu və istəklərini gerçəkləşdirə bilsinlər. Heç bilirsiniz onların bu xüsusda nə qədər planı, arzu və istəkləri var?.. 

Təsəvvür edin ki, bütün ölkə üzrə yeni sovxozlar qurulur, insanlar hamısı işlə təmin olunur, gecə-gündüz çalışır və gündə üç dəfə yeməklə təmin olunur, hətta gündən, şaxatdan qorunmaqçün yüngülvari paltarlar da alırlar–beləcə, işsizlik problemi də həllini tapır, aclıq – kasıblıq da...

Bundan yaxşı nə ola bilər ki? Məgər dünya utopistləri – Sen-Simonlar, Ouenlər və digərləri elə bunu arzulamırdılarmı? Məgər böyük Nizami də "İsgəndərnamə”də belə bir quruluşu vəsf etmirdimi? Düzdür, onlar bunu hamı üçün nəzərdə tuturdular, amma bizim məmurlarımız həmin utopik ssenarilərə kiçik düzəliş ediblər: cəmiyyətin 99 faizi bərabər olacaq, işlə, gündə üç dəfə şorba ilə təmin olunacaqlar və gecə - gündüz dövlət üçün, yəni bizim məmurlarımız üçün işələyəcəklər... 

Beləcə, insanların 99 faizi öz aralarında bərabər-müsavi, bir faiz isə dövlətlə bərabər, tən olacaqlar – insanlarımız məmur deyəndə dövlət, dövlət, xüsusən də "dövlət xəzinəsi” deyəndə məmurlarımızın ciblərini başa düşəcəklər...

Odur ki, qardaşlar, görməli, təəccüblənməli, öyünməli günlərimiz hələ irəlidədir. Hamı bu böyük işə öz töhfəsini verməyə çalışmalıdır. Mənim də bir təklifim var: gəlin, eko-turizmi inkişaf etdirək. Amma mən bu eko sözünü başqa mənada, yəni ekzotik turizm kimi başa düşməyi təklıif edir və elə bu gündən hamılıqla bu işə qoşulmağa çağırıram. 

Xaricilər-əcnəbilər ekzotikanı, nadir təsadüf olunan prosesləri çox sevirlər. Bəli, 21-ci əsrdə feodalizm və yaxud da ən yaxşı halda, ilkin vəhşi kapitalizm! Məgər bunun özü ekzotika deyilmi? Başqa harada belə şey görünüb? Bir görün bu yolla məmurlarımızın cibinə nə qədər valyuta axa bilər? Onlar buna başqa ölkələrdə nə qədər villa ala və yaxud zavod-fabrik inşa edə bilərlər? Heç bunu düşünmüşükmü? 

Nə isə. Düşünmək-fikirləşmək bizlik deyil, bunu əvəzimizdə məmurlarımız edirlər. Bizə isə işləmək, çalışmaq lazımdır, odur ki, haydır iş başına! Bax, işləməyənləri, kapitalizm dövrünün müftəxorlarını çəkib "Kənd saatı”nda göstərəcəklər ha...