Orxan Saffari
Sənət 11:49 25.03.2021

Biz niyə ağlayırıq?

Orxan Saffari

İndi incəsənət baxımından özünü bizimkilərə sevdirməkdən asan heç nə yoxdur. O qədər travmalıyıq ki, qarşımıza ağlamalı nə qoysalar, sevirik. Elə bilirik, ondan möhtəşəm heç nə yoxdur. Məsələn, şeir nə qədər ağlamalı olursa, o qədər çox sevilir, oxunur, musiqi nə qədər ağlamalı olursa, o qədər çox dinlənilir. Hətta filmlərdə nə qədər çox adam (aktyor) ağlayırsa, o qədər çox dramatik olur. Düzü, bu bir az da xalqların ümumi genefondu, tarixi ilə də bağlıdır. Hətta dili ilə belə. Məsələn, elə söhbətini etdiyimiz biz, Azərbaycan dilimiz. Bayatılarımız, qoşmalarımız hamısının tərkibində kədər, ağlamaq dayanıb. Nənələrimizin dilindən düşməyən bu bayatılara şəxsən mən uşaq vaxtı çox ağlamışam. Anaların laylasında nə qədər ağlamaq var, ilahi? Görəsən, kökən olaraq nomenkalturamızın bu qədər ağlamalı olduğunun əsas səbəbi nədir? Niyə belə? Niyə daim ağlamağa meyilliyik? Məsələn, mən son illəri, son əsri deyə bilərəm ki, başımıza gəlməyən müsibətlər qalmadı, taladılar, parçaladılar, müstəqilliyimizi aldılar, siyasi dəyişimlər, bir sözlə, deməyə onlarla səbəb var. Əziklik kompleksi olduğu halda ağlamaq da qaçılmaz olur. 

Düzdür, tarixən də başımıza bunlar gəlib, çox işğal ediblər, amma yenə də, məncə, nəsə xüsusi səbəblər olmalıdır. Ağlamağa meyillilik çox fəsadlar yaratdığı kimi, bu gün ortaya çıxan sənət nümunələrində də özünü göstərir. Məsələn, azərbaycanlı rejissorların çəkdiyi müasir dram filmlərindəki kimi. Kimə baxırsan, gözü yaşlı. Amma ortada dram olacaq bir şey də yoxdur. Sadəcə, ağlaşma. Elə bil, bir yas çadırında qıraqdan arvadları ağlayanda çəkiblər.
Frank Kapranın dram filmləri barəsində belə bir fikri də var:

"Mən elə bilirdim, aktyor ağlayanda dram olur. Sən demə, tamaşaçı ağlayanda dram olurmuş”.

Necə də dəqiq ifadədir. Təəssüf ki, bizim rejissorlar hələ də bunu anlamır. Heç digər sahədə olan fərdlər də. Bu dəqiqə kiməsə desən ki, sizcə də, Ramiz Rövşənin ağlamalı şeirlərini çox şişirtmirikmi? 50 ildir ki, ölüm şeirləri ilə ömür sürən şairin, şeirin bu qədər çox sevilməyinə səbəb nədir? Təbii ki, ağlamaqdır. Tərkibində göz yaşı var. Amma hələ yaş quruyana qədər bunu qəbul etmək bir qədər çətin olacaq. Tək Ramiz Rövşən yox, nə qədər belə nümunələr demək olar. Ümumi olaraq da mənzərə elədir. Baxın, görün, kütlə tərəfindən ən çox nələr sevilir, dinlənilir, oxunulur. Ən xırda məsələmizdən, ən böyük məsələmizə qədər belədir bu. Heç nə yox, götürün, toylarımızı. Allahın toy üçün yazılmış, oxunmuş mahnılarında belə o qədər kədər, ağlamaq var ki! Baxırsan, ritmik mahnıdır, oynamaq olur, amma ağlaya da bilərsən. Tarixən toy adət-ənənəsinə bağlı bizlər elə ən qədim zamanlarda da ağlamağa meyilli olmuşuq. Bu da yuxarıda dediyim məsələdir. Genefond məsələsi. 40 gün 40 gecə toya edən xalqın nəvələri, nəticələri necə olmalı idi ki?..