Orxan Saffari
Ölkə 14:33 27.07.2023

Rəssam Şahların hekayəti

Bəşir Səfəroğlu küçəsini keçib, nəhayət ki, şair dostlarımın dediyi emalatxananı tapa bildim. 

Nə yalan deyim? Belə də təsəvvür edirdim. Nədənsə, ömür billahımda heç vaxt bir emalatxanada olmamışdım. Baxmayaraq ki, xeyli rəssam dostlarım var, amma yollarımız məhz emalatxanada kəsişməmişdi.

*

İçəri girəndə məcbur əyilmişdim. Deyəsən, bütün emalatxanalar belə olur. Zirzəmilərdə hazırlanaraq doldurulmuş, "paddelka" "Nemiroff" arağının tünd qoxusu altındaca məst olmuş şair dostlarıma baxanda, bir anlıq ürəyim qalxdı. Ona görə ki, hava çox isti idi. Düşündüm, yalnız şair, yazıçı, rəssam günün torpağı qovurduğu bu istidə arağ içə bilər.  

*

İçəri girər-girməz rəssam Şahlarla üzbəüz gəldik. Yaxşıdı, unutmayıb məni. Onunla altı-yeddi il əvvəl "28 May" küçəsindəki "Delikates" kafesində, təsadüfən düt deyincə vurmuşduq. Onda bir-birimizi tanımırdıq. Uğursuz incəsənət adamlarının bir-birini təriflədiyi bu kafenin mistik görünüşünün sirri də burada idi. Bir-birini tanımayan adamlarla yeyir-içir, şeir deyir, heç nədən dostlaşırdın. Şahlar hətta onu da unutmayıb ki, içəndən sonra gənc şair dostumu götürüb getmişdim və bizim hesab da onun boynuna qalmışdı. Amma Şahlar bu xırda xuliqanlığımı hamının içində üzümə vurdu.

Üstəlik, bununla da yetinmədi. Hətta adımı unutduğuna görə, sağlıq deyəndə mənə tez-tez "ayə, delikates" deyə müraciət edirdi. Deyəsən, ona tez bir zamanda qonalıq boyun olmalıyam ki, o vaxt verdiyi hesabı unutdura bilim. 

Əvvəlcədən arağ içməməyi təntənəli şəkildə vurğuladığım üçün çox da dirənmədilər. Neyləmək olar? Məcbur özüm ayıq halda bu spirtdən daha çox istidən piyan olan adamlara dözməli idim. 

Belə məclislərin, adətən, mövzusu da bilinmir. Hər şeydən danışırsan. Daha dəqiq, ağzına nə gəldi deyirsən. Şahların emalatxanasındakı rəsmlər, düzü adamı valeh edirdi. Mən küncdə, "Don Kixot" portretinin altında oturub, özümü şair dostum Gərayın yanına verdim. Şahlar danışdıqca da hərdən ayağına vururdum ki, çox piyandır. Yəni, imkan vermə ki, çox danışıb özünü də, bizi də yorsun. O dərəcə piyan idi ki, artıq hər birimizə rəsm hədiyyə etmişdi. 

*

Beləcə məclis öz axarında gedirdi. İçmədiyim üçün hərdən ayağa qalxıb, rəsmlərə baxırdım. Onda da Şahlar dinc durmayıb, "ayə, delikates" gör nə deyirəm deyib, fikrimi yayındırırdı. Mən isə məcbur gülümsəyir, yola verirdim. 

Qəfil, tablolara baxdığım yerdə Şahlar boynumun kökündən fısıldadı;

- 20 manatın var?

- Nədi ki? - Yoxumdur demək üçün ayaq yeri qoyub, belə cavab verdim.

- Əylənməyə aparacam səni. 

Həəə, demək, getmək vaxtıdır - içimdə dedim. Məclisi necəsə tərk eləməlisən, amma bu da bu məclislərdə azı yarım saat çəkir. Mütləq piyan olan adamlardan biri səni buraxmaq istəmir, gedəcəyin təqdirdə də inciyir. 

İçimdə getmək planını qururdum ki, Şahlar telefonunda qoşduğu rok musiqini dayandırıb, zəng vurdu. Telefonun o başındakı adam zəngi götürməmiş də aydınlıq verdi;

- İndi sizə masajist çağıracam. Çox gözəl masaj edir. Qoy gəlsin, sizi də masaj etsin. Dincəlin - Şahlar belə dedikcə, düşündüm ki, yəqin, mənə dediyi 20 manatlıq məsələdir. 

Məclisdəki şair dostum Həsənin bu telefon danışığına qulaq asa-asa gözlərinə işıq gəlirdi. Yazıçı dostum Baba isə piyan ola bilməyib yorulmuşdu. Susqun halda gah mənə baxır gülümsəyir, hərdən gözü ilə məclisdəkilərdən birini işarə edir, hərdən də hansısa rəsmə baxıb, fikrə gedirdi. 

Deyəsən, Şahların qanı get-gedə qaralırdı. Piyanlığın bir addımlığındakı dostumun razılıq əlamətindən də hiss elədim ki, ehtiraslanıb. Həsəni deyirəm. Qəti etiraz etməyib, üstəlik də, başını yellədi. Yazığ elə bildi ki, içəri pərvanə kimi qızlar girib, başına dolana-dolana masaj edəcəklər. 

Hər şey isə çox qəribə idi. Ona görə ki, Şahlar telefonda danışdığı səsi eşitdim və zənnim məni yanıltmırsa, qadın səsi deyildi. Şahlar isə telefonu söndürəndən sonra da qadından danışırmış kimi danışırdı. 

Araya lal sükut çökdü. Şahlar dumanlı beynində nəyisə aydınlaşdırmağa çalışırdı. Üzünü turşutmağından bilinirdi ki, heç cür alındıra bilmir. 

*

Çox keçmədi ki, içəri uca boylu, qara buğdayı, qarınlı, təzə keramik dişlər qoydurmuş, əsl ağsaqqal simalı bir kişi daxil oldu. 

Şahlar ayağa qalxıb, qollarını açdı;

- Oooooo, Səfəəəərrr, hardasaaaan, gəl çıx daaa - deyəndə, Səfər kişi başını buladı. Bir masaya, bir Şahlara, bir də bizə baxıb, salamsız-kəlamsız Şahları danladı;

- Sənə deməmişəm bu qədər içmə? Yenə nə olub? O dəfəki dərs olmadı sənə? - deyib, ayaq üstə səndələyən Şahları stula otuzdurdu. Demək, Şahların masajist dediyi xanım bu imiş, Səfər kişi. 

Üzdə bir, içində ikiqat sərxoş olan Şahlar təmiz əndazəsindən çıxmışdı. Biz Səfər kişi ilə tanışlığa da başladıq. Dediyinə görə, dulusçudur. Hətta özü ilə gördüyü işlərdən də gətirmişdi. Məlum oldu ki, əslində, emalatxana Səfərindir, Şahlar da dostu olduğu üçün öz yanına gətirib və ortaq işlər görürlər. Amma Şahlar? Bu boyda əzəmətli kişini təqdim etməyinə bax.

Səfər kişi də "adranazvi" stəkanda özünə yüz süzüb, hesablaşmağa çalışdı. Məclisin bir yerindən sonra diqqətim ona kəsildi. Onun Şahlara olan qayğısı, nəvazişinə heyrət etməmək mümkün deyildi. Bax əsl dostluq belə olar. Şahlar istidən və araqdan o qədər tərləmişdi ki, bədəni cumculuq su idi. Səfər bunu görcək, tez məhrəbanı köynəyin altından kürəyinə qoydu. Sonuncu dəfə bu nəvazişi uşaqkən su çiçəyi olanda anamdan görmüşdüm. 

Demək, dostluq hələ də var imiş - şair dostlarla bir-birimizə baxıb, başımızı razılıq fonunda yellədik.

Beləcə, məclis yay günləri kimi uzanırdı. Pəncərədən çölə baxanda hava göyərmişdi. Belə havanın saatı yayda 8-9 arasıdır. Məclisdə isə qəribə şəkildə adamlar çoxalmışdı. Gərayın sevgilisi - Gəray ona Tac deyirdi, rejissor dostumuz Şami də orada idi. Şahlar artan hər məclis üzvünə rəsmlər hədiyyə edirdi. Sərxoş rəssamın qadına diqqəti son dərəcə ayıq idi. Yəqin, buna görə də çox sevdiyi bir rəsmi, Abşeronun təsviri olan uzun tablonu Gərayın sevgilisinə hədiyyə etdi. Tablo o qədər böyük idi ki, rejissor dostumuz Şami onun maşına yerləşib-yerləşməməyi ilə bağlı sərt bir qənaətə gəldi;

- Əşşi, ortadan büküb qoyarıq, təki buradan çıxaq

*

Saat 10 idi. Göy üzün artıq tamamilə qaralmış, ay isə öz sözünü demişdi. Emalatxananın çölündə hələ də sağollaşa bilməyən Gərayı  gözləyirdik. Çox keçmədi ki, əlində əlavə bir şəkillə çıxdı. İri addımlarla uzaqlaşırdıq ki, Şahların mənə hədiyyə etdiyi rəsmi unutduğumu xatırladım. 

İlahi, belə də əzab olar? Bir də necə qayıdım? Tutacaq, buraxmayacaq, üzə düşəcəm. Dəhşətdir, deyinə-deyinə emalatxanaya getdim. 

Bloka daxil olanda rəsmi pəncərədən istəmək ağlıma gəldiyi üçün ayaq saxladım. 

Səsləmək istədiyirdim ki, Səfər kişinin Şahlarını kürəyinə qoyduğu dəsmalı çıxartdığını, ehmaldan öpüb, masaj eləməyini gördüm. Nitqim qurudu. 

Qıraqdan mənə hədiyyə etdiyi "Les Amants" rəsmini gördüm...

Orxan Saffari