"Trampın oğlunun Ermənistana gözlənilən səfəri ilk növbədə Zəngəzur dəhlizi - Tramp yolunun açılması layihəsinin fəaliyyətilə əlaqədardır".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov ABŞ prezidenti Donald Trampın oğlu Donald Tramp Jr-nın noyabrın 12-də Ermənistana proqnozlaşdırılan səfərini şərh edərkən deyib.
"Bununla Ağ Ev həm də bir daha Rusiyaya göstərir ki, Cənubi Qafqazda ABŞ-ın da marağı var", deyə ekspert bildirib.
Politoloq qeyd edib ki, Donald Trampın oğlunun Ermənistana gözlənilən səfəri heç şübhəsiz ABŞ-dakı erməni diasporu, yaxud da baş nazir Nikol Paşinyana yaxın qüvvələrin yardımı, köməyilə həyata keçirilir:
"Bu səfər birmənalı olaraq müəyyən işgüzar, biznes maraqları ilə bağlıdır".
Həmsöhbətimiz düşünür ki, həmin səfər xüsusən də Nikol Paşinyana lazımdır:
"Paşinyana, özünün mövqeyini möhkəmləndirmək baxımından vacibdir. O, 2026-cı ildə olacaq seçkilərdə bu amildən də öz marağı baxımından yararlanacaq və nəticədə mövcud hakimiyyət mövqeyini gücləndirəcək".
Amma Əlimusa İbrahimov İrəvanın bu səfərdən iqtisadi cəhətdən ciddi mənfəət götürəcəyini zənn etmir:
"Ermənistanın indiki halda ABŞ-a verəcəyi bir şeyi yoxdur. Bu ölkədəki əsas biznes layihələri Moskvanın nəzarətindədir. Vaşinqton özü də Ermənistanda gözlənilən seçkilərə qədər bu ölkədə ciddi layihələrə start verməyəcək".
Qeyd edək ki, Ermənistan mətbuatının yazdığına görə, ABŞ prezidenti Donald Trampın oğlu Donald Tramp Jr 12 noyabrda Ermənistana səfər edəcək. İddiaya görə, səfərin məqsədi işgüzar maraqlarla bağlıdır və müxtəlif dövlət rəsmiləri ilə görüşlər gözlənilir. Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün planlaşdırılıb-planlaşdırılmadığı isə hələlik bəlli deyil.
Rüfət Sultan
Şərhlər