Orxan Saffari
Ölkə 14:36 21.12.2023

İngmar Bergmanın Persona və Çöl çiyələkləri

İnsanlar, adətən, nələri oxuyur, baxır, dinləyir? -sualına kimin zövqü necədirsə, ona uyğun da sənət əsərlərinə baxır, oxuyur, dinləyir demək olar. Fəqət, sadəcə, sadə bir cavabla desək, insanlar ona daha çox baxır, dinləyir, oxuyur ki, onun özündən, içindən xəbər versin. İstər ciddi sənət əsəri olsun, istərsə də bayağı-fərqi yoxdur. 

Bu baxımdan İngmar Bergman filmlərini insan hisslərinə, iç dünyasına siraət etdiyini demək olar. 

İçveçli rejissor İngmar Bergmanın "Yaban çilekləri” (Çöl çiyələkləri-Wild Strawberries) filmi, insanın mayasının ömrün sonunadək kədərdən, tənhalıqdan və xatirələrdən ibarət olduğunu göstərir. Bu filmə, əlbəttə fərqli-fərqli izahlar vermək olar. Bir halda ki, ana xəttin yanlızlıq olmasını saxlamaqla. 

Professorun kabus gördüyü yuxudan oyanması ilə keçmişinə nəzər salınması, filmin sonuna qədər davam edir. Bir andaca hər şeyi sorğulamağa çalışan, izləyiciyə də sorğulatdıran 78 yaşlı professor obrazı ilə Bergman, bütün bu hissləri, sorğulamaları yuxu vasitəsi ilə göstərir. 

Anidən bir qərarla çıxacağı səyahətə öz köhnə, klassik maşını ilə çıxan professor və gəlini fonunda göstərilən yanlızlıq, özü ilə tək qalma tamamilə psixoloji məsələdir.

Bergmanın digər filmlərində də bu cür psixoloji halların əsas təşkil elədiyini görmək olar. Məsələn, "Persona”.

Professor bu səyahətdə hər şey ilə qarşılaşır, özünü görür. Uşaqlığının keçdiyi ev, təbii ki, "Yaban çiləkləri”, gəncliyində aşiq olduğu qadını xatırladan o gənc qız, anasını ziyarəti və bunların fonunda gəlini ilə həyati söhbətlər, onu özü və əsl üzü ilə qarşı-qarşıya qoyur. 

Buradakı gəlin obrazı da, əslində, professor qədər vacib obrazdır. Ona görə ki, onun da fonunda keçmişi və hələ gəlməyən gələcəyi sorğulama xətti var. Gəlini professorun həyatını sroğulaması ilə öz evliliyi haqqında da yenidən düşünür.

Filmdə diqqət edilən maşın, saat, "Yaban çiləkləri”, bir sözlə, heç bir detal da heç nə funksiyasız deyildir. 

Gəlinin onunla söhbətində dediyi keçmiş qaydalar ifadəsi ilə səsləşən maşın, professorun keçmiş dünyasını zamanın geri qayıtmasını göstərir. 

Saata kəsilən diqqət isə mənəvi səyahət, söhbətlərini, yaşamağı, ölümü ehtiva edir. Zamanı olmayan saat, ölümə işarə edilən detallar(yuxuda tabutunu daşıyan at arabası) bir sözlə, nə detal varsa, hamısı filmin sonundakı ötürdüyü yanlızlıq mesajı ilə səsləşir. 

"Persona” filminə isə müəllifin həm ən yaxşı filmi demək olar, həm də əksərən başa düşülməyən filmi. 

Adətən, psixoloji məsələlərə aid bütün sənət nümunələrinə hər kəs öz psixologiyası fonunda cavab verir. 

Məsələn, mən öz adıma bu filmə çox gözəl roman deyərdim. Hətta izləyərkən ağlıma gələn ilk roman "Cinayət və Cəza” romanı oldu. Daha dəqiq, "Cinayət və Cəza” romanındakı Raskolnikovun öz içindəki əzabı, bu romanın psixoloji qatıdır. Eyni ilə Bergman "Persona” filmdə də bu detalları çatdırır. Ümumiyyət, kino dünyasında Bergman insanın təkliyini, yanlızlığı, tənhalığı, ruhi vəziyyətləri və hətta cinsi problemlərindən qaynaqlanan filmləri ilə tanınır.

Teatrda aktrisa olan Elizabet tamaşa gedən zaman qəfildən susur və bir daha danışmır. Elizabet sağlam olsa da, susur, bir növ donub qalır. Baxıcısı "Alma” ilə tanışlığı da buradan başlayır. Filmin adını və xəttini əsas götürsək deyə bilərik ki, buradakı baxıcı "Alma” Elizabetin maskasıdır, yəni, özüdür. Təbii ki, Bergmanın göstərmək istədiyi də budur-insanın iç dünyası, içindəki "Mən”-i. Elizabet real həyatdada-bu ruhu vəziyyətə düşməmişdən əvvəldə teatr aktrisası olması, onun daim maska taxması deməkdir. O, heç vaxt özü olmayıb. 
 
Filmin sonunadək Elizabet susur, Alma isə keçmişindən danışır, onunla hər şeyi bölüşür. Yəni, Elizabetin özünə çevrilir. 

Məhz Bergmanın verdiyi mesaj da budur. Ona görə bu film daha çox hazırlıqlı izləyicinin filmidir.

Orxan Saffari