Nazlı Ağayeva
Dünyanın düz vaxtı hər axşam redaksiyadan bir qucaq qəzetlə gəlirdim. Anam dərhal əlinə rayon qəzetini götürərdi. Əvvəllər elə bilərdim, mənim yazılarıma görədir. Bir gün başa saldı ki, yaxın-yörəni görməyən Amerikanı lap əzbər bilsə, yenə kordu. Anama görə dünyanın ən uzaq yeri idi Amerika. Ondan qulağımda sırğa qalıb, fürsət tapan kimi rayona aid mənbələrə göz atıram. Etiraf edim ki, maraqlı və faydalı işdir. Canım anam...
O günləri əsasən rayon xəbərlərini verən bir saytdan oxudum ki, "Gilan Holdinq” 2020-ci ilin yanvarından "Qəbələ” klubuna sponsorluğu dayandıracaq. Buna holdinqin özünün də maliyyə çətinlikləri ilə üzləşməsi səbəb olubmuş. Cənab nazirin tezliklə bu çətinlikləri ləğv edib "Qəbələ” futbolunun simasında Qəbələyə qovuşmasını arzulayırıq. Nə də olsa yeyib doymuşdu, hələ üstəlik klub da saxlayırdı. İndi o getsə guya yaxşısı gələcək?
Heydərovların Qəbələyə gəlişindən bəri onlara qarşı təkbaşıma müqavimətə başlamış biri kimi bu mövzuda danışmaq haqqı qazanmış olduğumu düşünürəm. Hərçənd rayonu çəkib-çevirən böyük qüvvənin qarşısındakı o haqqım çox zəif, bəlkə mənasız bir şeydi. Bunu anlamayacaq qədər axmaq olmasam da, seyrçi qalacaq qədər soyuqqanlı ola da bilmirəm. Yenə hiss-həyəcan doluyam. Məlum, parlament buraxılıb. Və bu qısa cümlə mənə çox şeyləri xatırladır...
***
İllərdən 1995-ci ilin payızı. Gecəyarısı qapını döymədən içəri doluşan polislər şöbəyə getməyimi istədilər. Şöbədən çəkinəcək durumda deyildim. Əsas anamın ağ sifətinə yayılan qırmızı ləkələrin az sonra onu hansı hala salacağının qorxusu idi. Səhər açılına qədər istənilən şərtlərlə möhlət istədim. Maksimum anamı tapşırmağa kimisə çağıra bilərəmmiş, o da ki, xətirə-hörmətə. Qonşu Ramiləgilə gedəndə mənə polis qoşmadığından maksimum xətir-hörmətə şübhəm qalmadı. Əks halda necə gedəcəkdim və o necə gələcəkdi ki? İki-üç dəqiqəlik yolda bildiyim bütün sözlərlə Ramiləyə yalvarıb anamı əmanət verdim.
Yolda o vaxt cinayət-axtarışa baxan müstəntiq anama görə üzrxahlıq edib dedi ki, gündüz aparsaydılar "effekti” olmazmış. Ağzımı açmağa gücüm çatmadı. "Effektin” dozasından idi yəqin, anamın yanan sifəti bütün vücudumu titrədirdi.
"Nə məsələdir?” deyə soruşmamışdım. Onsuz da öz yazı-pozuma və başqa vətəndaşlara görə şöbənin daimi "müştərilərindən” idim. Yəni, effektdən savayı təzə bir şey görmürdüm. Amma çatan kimi görəcəkli şeylər gördüm.
Parlament seçkiləri üzrə Qəbələ dairəsinə namizədlik üçün müraciət edənlərin hamısını təbii hallarında götürüb şöbəyə gətirmişdilər. Bakıda işləyən alimi üzünü qırxarkən hamamdan yarımçıq çıxartmışdılar. Boyun-boğazı sabun içindəydi. Qardaşının yerinə gətirilən birinin ümumiyyətlə seçkidən xəbəri yox idi. Əsgər qonaqlığından hallı-hallı birbaşa polis maşınına qoymuşdular. Bir başqası köynəyini tərs düymələmişdi. Birdən mən də ayılıb xəlvətcə əyin-başıma göz yetirdim. Şükür, əskik bir şey yox idi. Amma ayaq barmaqlarım qırılırdı sanki. Anamın balaca qaloşlarını geyinmişəmmiş. İran rezini soyuqdan bərkidikcə barmaqlarım sıxılıb taxtaya dönüb. Qaloşları birtəhər çıxardıb ayaqlarımı ovuşduranda qəzəblənmiş alim Bakı ləhcəsi ilə yüksəkdən "ala, bunlar vəhşidilər!”, dedi. Qardaş "qurbanı” sərxoş səksənib həsrətlə dilləndi:
– Hə, vallah, düz deyirsiniz. Məsələn, mən indi sinif yoldaşımın əsgər oğluna sağlıq deyəsi adam idim...
Şüşəbənd dəhliz soyuduqca emosiyalar qızışırdı. Növbətçi yavaşdan xəbərdarlıq etdi ki, seçkinin nümayəndəsi çatır indi şöbəyə, sizi bir yerdə qəbul edəcəklər. Dairə komissiyasının sədri Nofəl Süleymanov bizi görüncə tutuldu, bir söz deməyib birbaşa rəisin otağına keçdi. Bir azdan bizi də ora apardılar. Barmaqlarım şişmişdimi, qaloşlar daralmışdımı, bütöv geyinə bilməyib birtəhər ayaqlarımı içəri sürüdüm.
Ağşın Nofəlin üzü tünd rəng almışdı. Qurban Bayramov adlı rəis yeddi-səkkiz nəfərdən ibarət bizi iztehza ilə süzüb "effektli” bir çıxışa başladı:
– Ucundan-qulağından bilirsiniz də, niyə burdasınız? Bax, elə bildiyiniz o səbəbdən. Bu gecədən ağlınızı başınıza yığıb namizədlik sevdasından əl çəkin. Bu rayonun deputatı Fəttah Heydərov olacaq. Gömrük naziri hörmətli Kamaləddin müəllimin atası, hamımızın fəxri Fəttah müəllim. Nələrə qadir olduqlarını, sayələrində rayonda gedən inanılmaz dəyişiklikləri hamınız yaxşı bilirsiz. Hansı ağılla o boyda kişinin qarşısına çıxmağa cəsarət edirsiz, ona məəttələm. Fəttah müəllim rayonda dincəlir. "Söhbətdən” sonra buraxılmağınızı özü istədi. Nə isə. Ağlınızı başınıza yığın, bizi müəyyən tədbirlər görməyə məcbur etməyin.
Nofəl Süleymanov üzümüzə baxmadan çıxıb getdi. Hər kəs dərsini alıb dağılışanda rəis məni çağırıb "jurnalist qalsın”, - dedi. Qapının arasında ayaq saxladım. "Yaşlı” anamı "xatırladıb” məni evə aparacaqlarını söylədi. Gecə-gecə cavan qadın xeylağının yolda-irizdə olması adətdən deyilmiş-zad. Qəfil Fəttah Heydərovun vəkilliyinə keçib üzr istəmək üçün hələ şansım olduğuna işarət edəndə gözünün içinə gülümsəyib qapını arxamca çəkdim. "Deputat” yoldaşlarım məni evə ötürmək üçün küçədə gözləyirdilər.
İşığımız sönməmişdi. Anam Ramiləni zorla evinə göndərib yuxa yayırdı. Ondansa o oxlovu kürəyimin arasına çəkib, canımı bir az yandırsaydı, daha rahat olardım. Gecənin o vaxtı qoğal bişirib sabah məhlənin uşaqlarına paylayacaqdı Alagöz bacı. Qız sağ-salamat qayıdıb deyə. Görəsən həmişə hardan bilirdi sağ-salamat qayıdacağımı?
P.S. Ertəsi gün rayonun o zamankı başçısı Əlibala Məmmədov məni dəvət edib başıma ağıl qoymağa çalışdı: "Qəbələnin təəssübü sənəmi qalıb? O deputat olacaq, sən özünü xərcləyib ananın əzab-əziyyətini artıracaqsan. O ailənin həftəlik xərcliyi sənin çəkin qədərdir. Sənin o namizədliyi deputat olmaq üçün vermədiyini bilirəm. Fəttah Heydərov da bilir və bunu sənə bağışlamayacaq”.
Allah rizası üçün doğru deyirdi. Fəttah Heydərov indiyə qədər nəinki o namizədliyi, yazdığım bir sətri də mənə bağışlamadı. Bir şey var ki, o, həyatımı kabusa döndərdikcə hardansa bir nəfəslik açılır. Ekologiya budu, a Moşu?
Şərhlər