Hüseynbala Səlimov
Avropalılar üçün hər şey çox sadədir. Üç əsr bundan əvvəl böyük Jan Jak Russo deyib ki, dövlət də ictimai müqavilənin bir formasıdır.
Avropalılar da dərhal olmasa belə, bir müddət keçəndən sonra bunu qəbul ediblər və bu günədək düşünmürlər ki, dövlət göylərdən əta olunub, yox, onlar üçün bir daha deyirəm ki, dövlət bir müqavilə, hakimiyyət və ya dövlət mənsubları isə muzdla bu müqaviləni icra edən, həyata keçirən insanlardır. Odur ki, avropalılar üçün, olsa-olsa, yalnız dövlətə qarşı sakral münasibət ola bilər, hərçənd, bir çox ölkələrin konstitusiyalarına görə insan etirazını bildirmək üçün hətta dövlət atributlarına qarşı belə sayğısızlıq göstərə bilər...
Bizdə isə vəziyyət bir az qəlizdir və mən "bizdə” deyəndə böyük post-sovet məkanını nəzərdə tuturam. Odur ki, rusiyalı müəllif yazanda ki, bu böyük məkanda dövlət–vətəndaş və dövlət–hakimiyyət münasibətləri bir sualın cavabından, kimin kimə, dövlətin vətəndaşa, yoxsa vətəndaşın dövlətə xidmət etməsindən asılıdır,– mən bunu çox normal və təbii qəbul edirəm...
Ona görə də bizim – post-sovet insanlarının əsl avropalı olmağına hələ çox, xeyli vaxt var.
Hətta elə bu gün durub Avropa İttifaqı ilə assosiasiya müqaviləsi imzalasaq belə, dərhal avropalı olası deyilik, çünki bu mədəniyyət var ki, onun özü böyük bir yaddaş və davranış tərzidir və ilk təmasda aydın olur ki, bizim mədəniyyətimiz azadlıq yox, daha çox asılılıq və itaət üzərində qurulub və bu, daha çox xidmətçi bir mədəniyyətdir, çünki biz xidmət etməkdən ötrü dəridən–qabıqdan çıxırıq.
Bir az əvvəldə ərz etdik ki, dövlətə xidməti hər halda başa düşmək olar, çünki dövlət də insanların ərsəyə gətirdiyi ən böyük ictimai–siyasi institutlardan biridir, - bəli, ola bilsin ki, o da nə vaxtsa "ölüb” gedəcək, daha ona ehtiyac qalmayacaq, amma hələ ki, avropalı üçün də iftixar və güvənc ünvanlarından biri məhz dövlətdir.
Şərqlilərin və qərblilərin dövlətə qarşı münasibəti hələ də bir xeyli fərqlidir. Şərq insanı hər şeyi dövlətə verməyə hazırdır ki, daim bir aciz körpə kimi onun himayəsini hiss etsin. Qərblisə belə deyil: o daim "Mən özüm!” deməyə meyillidir...
Mən daha çox bizim müxalifəti və bir də yazılı media sferasını yaxşı bilən adam olmuşam. Müxalifət sferasında məni həmişə insanların mütiliyi daha çox təəccübləndiririb – bəli, düz başa düşdünüz, məhz mütiliyi! Guya ki, böyük imperiya ilə vuruşmağa hazır olan bu adamlar lazım gələndə öz yeni ağaları, bəli, iyirminci əsrin sonunun yeni bəyləri qarşısında az qala, ikiqat olmağa hazır görünürdülər...
Eyni sözləri elə yazılı media sferası haqqında da demək mümkündür. Xidmətçilik psixologiyası bu sferanı da tamam sıradam çıxardı. Özü də bu, təkcə yazılı mediaya aid olmadı. Biz medianı da daha çox müstəqil rəy institutu kimi qəbul edirik. Ona görə də daha düzgün belə demək olardı ki, ölkədə müstəqil rəy institutu ilə bağlı problem var. Müxalifət, media bir tərəfə, guya ölkədə müstəqil ekspert institutu yaranıb, hər gün müstəqil və asılı politoloqlar, ekspertlər efirə çıxır. Amma siz onlardan bu günə qədər hansısa müstəqil bir yana, maraqlı bir fikir eşitmisinizmi?
Alnınızı qırışdırıb, guya nəsə haqqında düşünürsünüz kimi bir təsəvvür yaratmayın. Bu adamların çoxu ona görə efirlərə buraxılır ki, onların heç vaxt hansısa bir məsələ ilə bağlı müstəqil fikri olmayıb. Əslinə qalsa, bu adamların fikri heç kimə maraqlı da deyil. Onlara adətən bircə cümlə, ən yaxşı halda isə, iki və ya üç cümlə deməyə imkan yaradırlar.
Bir tərəfdən elə çox düz də edirlər, çünki onlar çox danışsalar, hər şeyi tamam bərbad edərlər.
Təkcə ona görə yox ki, bunların deyiləsi sözləri yoxdu, həm də çək-çevir etsən, məlum olar ki, bunların məntiqlə bağlı da böyük problemləri var...
Şərhlər