Filmlər real həyatdan daha çox real gəlir mənə. Orda ən azı insanlar iç üzləriylə birgədi. Ama yaşadığımız real həyatda kimin kim olduğu bəlli deyil.
Real həyatda insanlar çox qorxuludular. Nə niyyətləri bəlli, nə sevgiləri, nə də nifrətləri. Sevgilim dediyin, canım dediyin, doyasıya sarıldığın bir adamın belə ürəyindən keçənləri bilə bilmirsən.
Sən onu özün kimi sevirsən, özün kimi baxıb sarılırsan, ama onun özünün belə kim olduğunu bilmirsən. Onda öz qoxumu duyursan, ama onun qoxusunun qan qoxulu, ya öz qoxusu olduğunu bilmirsən.
Bilmirsən indicə səninlə şirin-şirin söhbət edən, sənə canım deyən, səninlə dəli kimi sevişən adam kimdi. Onun gözlərindən oxuya bilmirsən kimliyini, hardan gəlib, hara getdiyini...
Ama filmlərdə adamlar çılın-çılpaq ortadadılar. Hər kəs onların kim olduğunu bilir. Onların içində yaxşı adam olmasa belə, onların kim olduğunu bilirsən ən azından. Filmlər real həyatda insanların ola bilməyəcəkləri halları, real həyatda arzusunda olduğumuz insanların anlatımıdı.
Bu üzdən filmləri və ədəbiyyatı çox sevdim.
Bir yazar olmağa qərar verəndə ən çox insanların real həyatda göstərə bilmədikləri halları göstərməyə çalışdım. Nə qədər real həyatda baş verənlərin olduğu kimi yazılmasının mümkün olmadığını düşünsəm də, bir o qədər də yazılan və çəkilənlərin real həyatda olmayanlar, daha doğrusu, adamlar tərəfindən "gizlədilənlər" olduğunu düşündüm.
Həyatı anlamağa başlayandan insanların həp real həyatı gizləməklə məşğul olduqlarını anladım. Bir qəzəb, bir intiqam hissi baş qaldırdı içimdə bu gördüklərimə qarşı. Nədən gizlədirlər deyə?! Nədən insanlıq, real həyat bütün çılpaqlığıyla ortada deyil deyə?! Nə məcbur edirdi adamları bu reallıqları və iç üzlərini gizlətməyə?! Nədən həqiqət bu görünən reallıqlarda yox, bunların görünməyən qatlarındaydı deyə düşünürdüm...
Artıq real həyatla mənim aramda heç bir körpü qalmayanda yazmağa başladım. Həm də zəif alınacağını belə düşünmədən...
Yazdıqca özümün də çox şeyləri gizlətdiyimi, açıb-ağartmadığımı anladım. Üsyan etdim. İlk öncə özümə, öz yaşadıqlarıma. Ən böyük savaşın insanın özünə qarşı savaş olduğunu, həqiqətin insanın indiki məqamda öz içində duyduqları olduğunu anladım.
Qələm və kağızla üz-üzə qalanda nədən indiki məqamda öz içimdə duyduğum həqiqəti yazmayım deyə düşündüm. Nədən mən də insanlara yalan satım, hər həsin real həyatda özünü aldatmasına şərik olum...
Yazdıqca daha çox real həyata qarşı olduğumu və olmaq məcburiyyətində olduğumu anladım. Filmlər belə real həyatdan daha yaxşı anladırdı adamları. Bütün çılpaqlığıyla. Bizsə hələ özümüzü gizlətməklə məşğul idik. Ətrafın qınağından, ailənin, dost-tanışların söz-söhbətlərindən bir qorxu hasarı yaratmışdıq özümüzçün. Bir tikə çörək puluyçün həqiqətlərə göz yumurduq...
Filmlərsə bizə adam olun, özünüz olun deyirdi. Bizsə anlamaq istəmirdik. Bilmirdik həqiqətin indiki məqamda öz içimizdə duyduğumuz olduğunu, əsl savaşın da özümüzə qarşı savaş olduğunu.
Bizi pis aldatmışdılar real həyatla.
Nə bizə verilən tərbiyənin əsl tərbiyə olduğunu, nə də ətrafımızda baş verənlərin həqiqət olduğunu anlamışdıq böyüdükcə, anladıqca, savaşdıqca.
Filmlərdəki ən qatı qatillər belə real həyatımızdakı sevdiklərimizdən daha təhlükəsiz gəlməyə başlamışdı bizə. Onların ən azı qatil olduğunu bilirdik, ama sevdiklərimizin kim olduğunu, nə zaman nə yapacağını bilmirdik. Tək çarə heç olmasa özümüzün əclaf olduğumuzu anlatmağa qalmışdı...
Adamlara nümunə olmaq, onları az da olsa içlərindəki həqiqətlə tanış etmək istəmişdik. Bunun üçün filmlərə baxa-baxa həyata qarşı savaşa atılmışdıq. Həyat bizi nə qədər bu savaşda məqlub etməyə çalışsa da, nə qədər bizi sındırıb hər kəs kimi etməyə çalışsa da, inadımızdan dönməmişdik. Necə olsa, öləcəkdik deyə düşünmüşdük. Necə olsa, bu həqiqətləri içimizdə özümüzlə birgə qəbirə apara bilməyəcəyimizi anlamışdıq.
Həyatın özündə həyata qarşı olmuşduq. Filmlərə baxa-baxa, yaza-yaza. Sevdiklərimizdən belə qorxa-qorxa qorxmaz və cəsur olmuşduq. Çünki həyata qarşıydıq və kimsə bizi artıq tuta bilməzdi...
1937.az
Şərhlər